Modern.az

Hakimiyyətin sirlərindən yaranan əndişə

Hakimiyyətin sirlərindən yaranan  əndişə

Ölkə

18 Sentyabr 2015, 12:52

Narahat və gərgin başlayan parlament seçkiləri, təkcə beynəlxalq təşkilatların hakimiyyətə təzyiqləri, müşahidə missiyasının ayrılmaması fonunda bu əhval-ruhiyyəni daşımır. Bu seçki, ümumiyyətlə, daxili münasibətlərə bağlı bir tərəddüd, dalğınlıq, son ana qədər mübhəm olan məqamlar, beləliklə,  çətin rəqabət şərtləri altında baş verir.

Diqqət edirsinizsə, hakimiyyətin gec açıqlanan siyahısı ilə paralel, iqtidara bağlı partiyaların, bitərəflərin, müxalif namizədlərin qəti mövqeyi, seçəcəyi dairə ilə ilgili hələ də qəribə bir gözləmə tendensiyası var.  

Demək olmaz ki, hamı asan rəqib axtarır. Əslində hamı hakimiyyətin könlündəki namizədin kim olduğuna əminlik tapmağa çalışır-çünki çox  şey bundan asılıdır. 117 dairə üzrə verilən YAP namizədləri, üstəlik, bitərəflərin, müxaliflərin getmək istədiyi dairələrdə tanınan isimlərin üst-üstə düşməsi hər kəsin özü ilə bağlı qurduğu xəyalların gerçəklik ehtimalını bir az da qəlizləşdirir. Bəzilərinin getmək, yaxud getməmək mövqeyindəki qeyri-konkretlik də hakimiyyət tərəfindən yaradılan və qorunub saxlanan sirlərin arzuolunan-arzuolunmaz sürprizlərindən  qaynaqlanır.    

Hakimiyyətin siyahısı meydanın gənclərə verilməsi məqamı ilə pozitiv dəyərləndirmə qazansa da, cəmiyyətə həmin adların siması, hərtərəfli bioqrafiyası yaxşı tanış olmadığı üçün gen-bol təriflərə tələsmək lazım deyil. Hələlik iqtidar vəzifə və mandat seçimi məsələsində prinsipial mövqeyi ilə ictimai diqqəti özünə cəlb edir, lakin bu məqam da, az qala nazirlik səviyyəsində olan səhmdar cəmiyyət, şirkət rəhbərləri deyil, yalnız rektorlar üzərində tətbiqi ilə islahatçı addımlara rəğbəti bir qədər əskik göstərir.     


Seçkinin ən diqqət edilən tərəfi əlində səlahiyyətli və pullu sahələri cəmləmiş vəzifə adamlarının bu, kifayət deyilmiş kimi, hələ üstəlik deputat mandatına da sahiblənməsi, eləcə də millət vəkili kreslosunda qocalan simaların bu kreslonu uzun illər üçün inhisarlaşdırma cəhdlərinin nəhayət, bir gün sona çatıb-çatmayacağı gözləntiləri idi. İnstitut rektorları sanki, doğrudan da, bir neçə seçkidə millət vəkili olmaqdan beziblərmiş kimi (sitat: adam nə qədər deputat olar?  Odlar Yurdu Universitetinin millət vəkili olan rektoruna məxsusdur-müəl.) növbəti seçkilərdə namizəd olmaqdan qaçdılar (daha doğrusu, məcbur edildilər-müəl.), digərləri vəzifə və mandat seçimi arasında ikincini tərcih edirlər.  

Yaxşı islahdır. Boşalan vəzifə və parlament kreslosuna, heç olmasa, cəmiyyətin başqa üzvləri də gəlib çıxa bilər. İctimai təfəkkürdə pulunu balta kəsməyən bir obraz qazanmış digər vəzifəlilər, üstəlik uzun deputat “staj”i toplamış qeyri-vəzifə sahibləri də mandatdan əl çəksə, böyük adamların qapısında xahiş üçün dayanma ayıbını düşünmüş olsa, onda parlament tərkibinin yenilənməsi nisbətən ədalət, daha artıq rəqəmlər hesabına baş verə bilər və ciddi islahat kəlməsini ürəklə dilə gətirmək olar.    

Bəlkə beləcə yaranan pozitiv nümunə, bir qədər yuxarıda sitat verdiyimiz maraqlı etiraf bir gün “adam nə qədər baş nazir olar”, “adam nə qədər nazir olar?”şəklində də gülə-gülə gətirəcəyimiz iqtibasa çevrilə biləcək.

Parlament seçkiləri ilə bağlı müxalif düşərgəni də sarmış olan narahatçılıq vəziyyəti boykot solosu ifa edən AXCP sədri Əli Kərimlinin maraqlarına uyğun dəyişir. ADP sədri Sərdar Cəlaloğlu spontan şəkildə boykot ovqatına köklənərək, boykot solosunu zəif boykot xoruna keçirir.  

Onun bu mövqeyindəki anlaşılmazlığı hakimiyyətlə dialoqu ən ağır şərtlər altında belə, aparmaq düşüncəsi, danışıqlar masasında ən loyal tərəf olması, radikal siyasətin qarşısında sipərə çevrilməsi, prezident seçkilərində uduzmaq ehtimalı varkən, prosesi tam içəridən öyrənmək, izləmək mövqeyi, parlament seçkiləri ilə bağlı namizəd siyahısını heç də ləngimədən açıqlaması yaradır. Bəs, qısa zaman aralığında nə dəyişdi? Hakimiyyət həmin hakimiyyət. Onun davranışları, siyasəti olduğu kimi qalır. Beynəlxalq aləmin Azərbaycana münasibəti aylardır, təhdid və ifrat tənqid tonundadır. Aylardır, hakimiyyət beynəlxalq aləmi saymır. Parlamentin Avropa qurumlarına sonuncu münasibətini boykotun səbəbi kimi göstərmək, zənnimizcə, hakimiyyətlə parlament anlaşmasında yaranan problemləri pərdələmək üçündür. Ümumiyyətlə, belə görünür ki, üç  dialoq masası orada iştirak edən partiyaların məxfi seçki maraqlarını puça çıxarır.

Heç kim seçkiyə mənasız yerə getmir, mənasızcasına pul xərcləmir-ya prosesdən maddi qazancla, ya da mandatla çıxırsan. Qərarın dəyişməsinə hər iki ehtimalın zəif olması təsirini rahatca iddia etmək mümkündür. Hakimiyyətlə münasibətlərin qatı tərəfdarının hərdəmxəyal mövqeyi dialoq formatının dağılmasına, yaxud da mənasız bir əməkdaşlıq masasına çevrilməsinə mənfi proqnozlar vəd edir.  

Hər halda mövqe dəyişməsi başqa hesablar üzərindən də  aparıla bilir, çünki  boykotun da gətirdiyi siyasi və maddi dividentlər var. Beynəlxalq təşkilatlar indi Azərbaycanda daha çox narazılar axtarışındadır və hazırda onların arxasınca elə özləri qaçırlar. ADP üçün tərəzinin hakimiyyətə inamsızlıqla enən gözü, beynəlxalq təşkilatların ilgisini çəkməklə, digər gözü yuxarıya qaldıra bilər.

Boykot solosundan boykot xoruna keçmək isə etiraz səslərini zilə qaldırmaqda acizdir. Yaxşı keyfiyyət üçün bu xora Müsavat Partiyasının qoşulması da şərtdir. Müsavat Partiyasını isə hələlik sıxan və seçki həvəsini öldürən ciddi bir səbəb görünmür...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi