1916-cı ilin sentyabrı... Remarkın məşhur “Qərb cəbhəsində irəliləyiş yoxdur” konsepsiyası tam qüvvəsindədir. Buna baxmayaraq hələ ki, məğlub olan Qərb cəbhəsinin bir hərbi təyyarəçisi, 11-ci Aviasiya Korpusunun pilotu almanları neçə vaxtdır ki, bərk narahat edir. Onu və onun üzvü olduğu heyəti zərərsizləşdirmək üçün dəfələrlə gizli pusqu qururlar. Əksər hallarda da bu əməliyyatlar uğursuzluqla nəticələnir. Yalnız 1916-cı ilin sentyabrında Belarusiyanın Boruna səmalarında 4 alman təyyarəsi Qərb cəbhəsinin həmin təhlükəli pilotunu təkləyir. O zaman alman cəbhəsində sevinc işartıları əmələ gəlir. Xüsusi heyət havada 4 alman təyyarəsinin bir təyyarəyə necə qalib gəlməsini izləmək üçün tələsir. Amma vəziyyət başqa məcrada davam edir. Almanlar bir də ayılıb görürlər ki, özlərinə məxsus olan iki təyyarə artıq yanır. Digər iki təyyarə isə mübarizə etməkdən çəkinir. Budur, üçüncü “Albatros” modelli alman təyyarəsi də yandı və yerə düşdü. Artıq almanlar şokdadırlar. Əlavə yardım göndərmək istəyirlər. Amma alman xarakteri buna imkan vermir. Sonun nə olacağını gözlərkən qəfildən axırıncı alman təyyarəsi Qərb cəbhəsinin səma şahininə hücum edir. Yarımcan halda olan təyyarə möcüzə göstərərək, sonuncu alman təyyarəsinə də hücum çəkə bilir. Beləliklə, hər iki təyyarə alovlanmış halda yerə düşür. O zaman Belarusiyanın məlum hissəsi almanların tabeliyində idi. Odur ki, onlar hadisə yerinə təcili gələrək qəhrəman pilotun kimliyi ilə maraqlanırlar. Ona aid olan salamat əşyalar arasında kimliyini də müəyyən edirlər: Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov.
Bu zaman alman xarakteri və “düşmən”ə münasibət özünü müsbət yönü ilə nümayiş etdirir. Almanlar onun qəhrəmanlığı ilə bağlı məktub yazıb salamt qalan əşyaları ilə birgə Qərb cəbhəsinə atırlar. Həmçinin həmin məktubda pilotun elə onlar tərəfindən hörmətlə dəfn olunacağı da qeyd edilir. Beləcə, cəmi 25 yaşı təzə tamam olan, çar ordusunun poruçiki, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov alman zabitlərinin atəşşfəşanlığı altında elə həmin ərazidə Belarusiyanın Boruno qəsəbəsində dəfn edilir.
Modern.az saytı “Qürbətin doğma məzarları” rubrikasında Azərbaycan tarixinə bir çox ilklər bəxş edən nüfuzlu Qayıbovlar nəslinin ən nakam taleli nümayəndəsi, Azərbaycan tarixinin ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovdan danışacaq.
1891-ci ildə Qazaxın Salahlı kəndində anadan olan F.Qayıbov 1916-cı ildə az öncə dediyimiz ərazidə vəfat edib və orada dəfn olunub. Qayıbovun məzarı hələ də oradadır.
Yəqin ki, Qayıbovlar nəsli haqqında uzun-uzadı danışmağa o qədər də gərək yoxdur. Nəslin tarixi düz XV əsrə gedib çıxır. İlk məşhur nümayəndələrindən biri isə məşhur şair Molla Vəli Vidadidir. Daha sonra Azərbaycanın ilk şəfqət bacısı olan Nigar xanım Qayıbova (Əliağa Şıxlinskinin həyat yoldaşı), ilk pianoçu xanım Xədicə xanım Qayıbova, dövrün görkəmli alimi, eləcə də hərbçi Əbdülkərim Qayıbovu misal göstərmək olar. Nəslin sonuncu məşhur nümayəndələrindən biri isə müstəqil Azərbaycan Respublikasının ilk baş prokroru İsmət Qayıbovdur.
Fərrux ağa hələ çox erkən yaşlarında olan zaman atası vəfat edib. Amma əmiləri, xüsusən də Səməd Qayıbov onu himayəsinə götürüb və təhsili ilə məşğul olub. Daha sonra isə Çar ordusunun ən böyük zabitlərindən biri Əliağa Şıxlinski onu hərb tərəfə istiqamətləndirib və Tiflis Kadet Məktəbinə yazdırıb. Orada təhsili tamamlayandan sonra (1913-cü ildə) podporuçik rütbəsi ilə 39-cu artilleriya briqadasına göndərilib. Daha sonra isə onu məşhur edəcək “İlya Muromets” hərbi hava ekipajına qəbul edirlər. O zaman Fərrux ağanın cəmi 22 yaşı var idi. Bundan cəmi 3 il sonra onun qəhrəmanlığı bütün Qərb cəbhəsinə yayılacaq.
Qayıdaq yenidən 1916-cı ilin sentyabrına... Hərb tarixi üzrə araşdırmaçı Şəmistan Nəzirli Fərrux ağa Qayıbova həsr etdiyi kitabda onun dəfn yeri barədə bunları qeyd edir:
“Onun qəhrəmanlığı Kayzer ordusunun zabitlərini o qədər mütəəssir etmişdi ki, onlar qəhrəmanlığa ehtiram göstərmək qərarına gəldilar. Odur ki, onu ehtiramla özləri dəfn ediblər. Borunadakı məzarlıqda onunla bərabər heyətin başqa üzvləri də basdırılmışdı. Bu məzarlığın axtarışları uzun çəkib. Çox illər əvvəl ilk azərbaycanlı təyyarəçinin qohumları Krevo yaxınlığına səfər etsə də, həlak olmuş təyyarəçilərin məzarını tapa bilməyib. Yalnız sonralar Belarus mütəxəssisləri - Smorqonşinada Birinci Dünya Müharibəsinin tarixini həvəslə tədqiq edən N.Markova, V.Prixaç və A.Bumay məzarı tapmağa müvəffəq olublar. Hərçənd, artıq Azərbaycan, Rusiya və Belarus vahid dövlətin tərkibində deyillər və bu suveren dövlətlərin hər birinin öz yeni tarixi və inkişaf yolu var”.
Fərrux ağanı bir hərbiçi kimi yetişdirən və müharibədə onunla eyni cəbhədə mübarizə aparan general leytenant Əliağa Şıxlinski gənc qohumu haqqında öz xatirələrində bunları yazır:
“Birinci Cahan savaşında 25 yaşlı Fərrux ağa Qayıbov azərbaycanlılardan birinci olaraq hərbi təyyarəçi peşəsini məharətlə öyrənmişdi. Fərrux ağa "İlya Muromets" adlanan böyük bir təyyarə dəstəsinə qəbul edilmiş və "İlya Muromets-16" təyyarəsinin heyətinə daxil olmuşdu. Fərrux ağa bu təyyarədə topçu zabiti vəzifəsini ifa edirdi. O, bombalar salır, düşmənin müxtəlif tikililərini dağıdır, hava vuruşmalarından pulemyotdan aşəş açır və düşmən mövqelərinin fotoşəklini çəkirdi. Fərrux ağa Qayıbov ilk uçuşu zamanı Neman çayının üzərində böyük hərbi əhəmiyyəti olan körpünü dağıtmış və beləliklə də alman qoşunlarının və onların müxtəlif hərbi yüklərinin daşınmasını xeyli ləngitmişdi.
Almanlar "İlya Muromets-16" təyyarəsini güdüb məhv etmək istəyirdilər. Onlar dəfələrlə təyyarədən kağız salıb bizi qorxudurdular ki, cəbhənin qərargahı yerləşən Minsk şəhərinə basqın edəcəklər. Almanlar bir neçə dəfə uçub bu şəhərin üzərinə gəlsələr də, o zamankı sadə təyyarəvuran topların atəşi nəticəsində geri qayıtmağa məcbur olmuşdular. 1916-cı il sentyabrın 12-də bir dəstə təyyarəmiz almanların Vilno tərəfindəki cəbhəsinə hücum etməyi qərara aldı. Bu hücumda on iki yüngül təyyarəmiz və bir "İlya Muromets-16" təyyarəsi iştirak edirdi. Az sonra qızğın hava vuruşması başlandı. Almanlar onları lərzəyə salan təyyarəni gördükdə dəlicəsinə vuruşmağa başladılar. Nəhayət, almanlar təyyarələrimizin sıralarına soxulub, "İlya Muromets-16" təyyarəsini yoldaşlarından ayıra bildilər. Bu təyyarənin igid heyəti almanların dörd təyyarəsinə qarşı bir saat vuruşdu. Sonradan almanlar etiraf etməyə məcbur oldular ki, Fərrux ağa Qayıbovun pulemyotu onlara çox ağır tələfat verdi. Nəhayət, "Albatros" adlanan alman təyyarələrindən biri "İlya Muromets-16" təyyarəsində yanğın törətməyə və təyyarəni yerə salmağa müvəffəq oldu. Təyyarədəki igidlərin dördü də yanıb həlak olmuşdu... Dövlət Dumasının qərarı ilə təyyarənin komandiri poruçik Dmitri Makşeyev və son nəfəsinədək pulemyot güllələri ilə düşmənə divan tutan zabit Fərrux ağa Qayıbov "Müzəffər Georgi" ordeni ilə təltif edilmişdir”.
Çox təəssüf ki, uzun müddət Fərrux ağanın harada dəfn olunması ilə bağlı çox az adamda dəqiq məlumat olub.
yalnız son illərdə köhnə məzarlıqda yenilənmə işləri aparan zaman onun məzarı üzə çıxır. Belarus hökuməti Azərbaycan tərəfinə məktubla da müraciət edir. Sovet dövründə isə ilk Azərbaycan təyyarəçisi, çar zabiri Fərrux ağa haqqında danışmağa o qədər də yaxşı baxmırdılar. Odur ki, araşdırmaçıların da çoxusu bu barədə susurdu. Bunu aşağıdakı misal bir daha təsdiq edir:
“1971-ci ildə aviasiya marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala Qazax ağsaqqalları, ziyalıları deyiblər ki, Birinci Dünya Müharibəsində təyyarəçi həmyerlimiz Fərrux ağa Qayıbov igidliklə həlak olub. Marşal inanmayıb. Ona sənəd, şəkil tapıb, sübut eləyə bilməyiblər. Onda marşal deyib ki, Moskvaya qayıdanda arxivi yoxlatdıracaq. “Əgər doğrudan da sizin həmyerliniz təyyarəçi olubsa, söz verirəm ki, ona bir heykəl, bir nişangah qoyduracağam”.
Aarxivi yoxlatdırıb-dəqiqləşdirəndən sonra, marşal Pavel Kutaxov bir nömrəli heykəl - təyyarə göndərib. Üzərində də belə bir lövhə: "İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə". Lakin o vaxt raykom katibinin göstərişi ilə Fərrux ağanın adına olan lövhəni heykəltəyyarədən sökdürüb, əvəzində belə bir lövhə qoyurlar: ”Böyük Vətən Müharibəsində ölənlərin xatirəsinə”.
Sonradan həqiqət öz yerini tapmasa da, bu gün uzaq Belarusda belə, onun məzarı bir qəhrəmanlıq obyekti kimi ziyarət olunur. Qürbətin doğma məzarını uzaqdan həmən seçmək olur. Nə zamansa, yolunuz o tərəflərə düşsə, Boruna qəsəbəsindəki məzarlıqda yanında təyyarə abidəsi olan məzarın Fərrux ağa Qayıbova aid olduğunu görərsiniz...
Elmin NURİ