“Ölkədə ildə 100-dən çox uşaq kar doğulur”
“Ailə Məcəlləsinə nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi ilə bağlı dəyişiklik qüvvəyə mindikdən sonrakı 2 ay ərzində 34 min adam tibbi müayinədən keçib”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sözügedən komitənin sədri Hadı Rəcəbli deyib:
“Özünüz də şahidsiniz ki, bu dəyişiklik nə qədər uzun çəkdi. Amma qısa müddətdə ortaya çıxan statistika göstərdi ki, bu, nə qədər vaxtında qəbul edilən dəyişiklikdir. Tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən üst-üstə 3300 gəncin hər ikisinin ya talassemiya, ya da hemofiliya daşıyıcısı olduğu aşkarlanıb. Eyni zamanda, 13 cütlükdə hər iki xəstəliyin elementləri, əlamətləri üzə çıxıb. Bu, onu göstərir ki, belə dəyişikliyin nə qədər böyük əhəmiyyəti var. Əgər arayış tələb edilməsəydi və həmin insanlar tibbi müayinədən keçməsəydi, yenə də ağır fəsadlar yaşanacaq, həmin cütlüklərdən xəstə övladlar dünyaya gələcək və 18 yaşına çatandan sonra ən yaxşı halda həmin valideynlər övladlarını itirəcək, övlad acısı yaşayacaqdılar”.
Komitə sədrinin müavini Musa Quliyev isə bildirib ki, Azərbaycanda hər il dünyaya gələn uşaqların təxminən 100-120-si eşitmə qabiliyyəti məhdud, qüsurlu olur:
“Həmin uşaqların implantasiya edilməsi adambaşına 12-15 min dollar edir, bu da təxminən bir milyon yarım vəsait deməkdir. Bu, büdcədə heç də böyük vəsait deyil. Ona görə yaxşı olardı ki, eşitmə qabiliyyəti məhdud, qüsurlu uşaqlarla da bağlı qanun layihəsi hazırlayaq və onu müzakirələrə çıxarıb qəbul edək. Əks halda, həmin uşaqlar 3 yaşından sonra həm kar, həm də lal olurlar və nə qədər vəsait xərcləsən də reabilitasiyası mümkün olmur. Bu baxımdan, həmin uşaqlarla da bağlı qanunun qəbuluna ehtiyac var. Bu qanun qəbul olunarsa və müvafiq implant qoyularsa, onların səhhətində heç bir problem qalmaz, həm eşidər, həm də danışarlar".
Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov da həmkarının təklifini dəstəkləyib. O, xatırladıb ki, belə uşaqların sayı ildə hətta, 150-yə yaxın olur: “Onu da deyim ki, bizim universitetin klinikasında bununla məşğul olurlar. Artıq Səhiyyə Nazirliyi ilə də bu yöndə danışıqlarımız gedir. Biz bildirmişik ki, bizə implant verin, biz onu ödənişsiz həyata keçirəcəyik, qoyacağıq. Şəxsən mən də belə hesab edirəm ki, Belə bir qanun qəbul olunarsa, bu problem öz həlini tapacaqr. Eyni zamanda, təkcə eşitmə qabiliyyəti zəif olan uşaqlar deyil, bütün uşaqlar müayinədən keçməlidir, bütün doğum evləri müvafiq avadanlıqlarla təmin olunmalıdır”.
Modern.az