Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Fərman verib.
Modern.az saytı xəbər verir ki, Fərmana görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.
“Azərbaycan Dəmir Yolları” QSC bundan sonra Nazirlər Kabinetinin tərkibində olacaq.
Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.
Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçiriləcək.
Nazirlər Kabinetinə tapşırılıb ki, “Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini, “Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması və kreditor borclarının restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görməli və nəticəsi barədə Prezidentə məlumat verməlidir.
Qeyd edək ki, Fərman ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi imzalanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri deputat Cavid Qurbanovdur.
Modern.az