İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının liderlərindən biri sayılan və daha çox “Əbu Ömər Əş-Şişani” ləqəbi ilə tanınan Tarxan Batiraşvilinin ABŞ ordusundan təlim gördüyü məlum olub. Modern.az “McClacty” saytına istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən gürcüstanlı zabit deyib.
Onun sözlərinə görə, amerikalılar Batiraşvilini ən yaxşı tələbələri sayırdılar:
“Batriaşvili 2006-2010-cu illərdə Gürcüstan ordusunda hərbi xidmətdə olanda amerikalıların təlim keçdiyi hərbi hissənin ulduzu idi. 2008-ci il müharibəsi zamanı o, assimmetrik döyüş şəraiti üçün çox yüksək nəticələr göstərib”.
Gürcü zabitin sözlərinə görə, Tarxan Batiraşvilinin İraqda Gürcüctan sülhməramlılarının tərkibində xidməti məsələsi də o zamanlar müzakirə edilirdi.
Lakin 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi başa çatdıqdan sonra Batiraşvili qanunsuz silah saxlamağa görə 15 ay müddətinə azadlıqdan məhrum edilib. Azad olunduqdan sonra, 2012-ci ildə Suriyaya gedib.
Öncə Suriyadakı “Ceyş-əl-Mühacirin vəl-Ənsar” qruplaşmasında xidmət keçən keçmiş gürcüstanlı hərbçi sonra İŞİD-ə qoşulub. Qruplaşmanın nəzarətindəki həbsxanalara nəzarət edən Batiraşvili 2014-cü ildə təşkilatın şimal cəbhəsinin, o cümlədən İdlib, Latakiya, Rakka və Hələb vilayətlərinin komandiri təyin olunub.
Vüqar İsmayılov