Modern.az

Teatrda nüfuz davası

Teatrda nüfuz davası

18 Sentyabr 2015, 21:57

İbrahim İsgəndərli,
rejissor

Bu yaxınlarda saytların birində İlham Rəhimlinin “Ləyaqət kişiliyin tacıdır” adlı məqaləsi və Nurəddin Mehdixanlının “İsrafil İsrafilov Akademik Dram Teatrın kollektivini sevmir!” adlı müsahibəsi və buna bənzər digər yazılar məni məcbur etdi ki, bu sferanın mahiyyətindən az-çox xəbəri olan bir vətəndaş kimi teatrda baş verən hadisələrə öz münasibətimi bildirim. Doğrusu, bu cür vəziyyət ortaya çıxanda heç bir ziyalı biganəlik göstərməməli, yəni bir tamaşacı kimi kənardan seyr etməməli, ən azından yazılı formada öz mövqeyini ortaya qoymalıdır.

Müəllifin xalq artisti rəhmətlik İlham Əsgərovun vida mərasimində sənət dostlarının münasibətlərinin təsviri, yəni cingiltili hayqırtıları, qaralmış sifətləri, tez-tez ah çəkmələri, gözlərindən asılmış zindan ağırlığında qəmləri, od püskürmələri, “itirə-itirə gedirik” pıçıltıları və s.-ni teatrlaşdırılmış formada qələmə alması məni çox təəccübləndirdi.

Doğrusu buna şərh vermək çətindir. Ona görə ki, yas mərasimində insanlar kədərlənir, bu təbiidir. Ancaq ortada hər hansısa məqsəd olanda kədər bu formada gündəmə gəlir. Məgər, bu mərasim olmasaydı bunlar içlərində o qəzəbi, nifrəti deməyəcəkdilər? Bəs bunlar bu ağırlığında yükü necə daşıyırdılar? Bunları demək lazımdır, ancaq “teatr” formasında yox.

Qaldı ki, N.Mehdixanlının “İsrafil İsrafilov Akademik Dram Teatrının kollektivini sevmir!” adlı müsahibəsinə, onu bildirmək istəyirəm ki, teatrda mübahisələr həmişə olur, olacaq da. Kimsə mübahisələri kiminsə ölümündə bir səbəb kimi ortaya qoyursa, bu, kökündən yanlış və qorxulu bir gedişdir. Bu gedişi ictimaiyyətin içinə buraxmaq olmaz. N.Mehdixanlı çəkinmədən müsahibəsində deyir ki, Azər Mirzəyev və İlham Əsgərovun ölümünün səbəbi bugünkü teatrın atmosferası olub. Sonra müsahibədə qeyd olunur ki, İ.İsrafilov A.Mütəlibovun vaxtında Abşeronun I katibi olub. Bu kimlərəsə nəyisə xatırlatmaq deyil mi?! Yaxşı yadımdadır Ə.Vəzirovun vaxtında da H.Əliyevin əleyhinə olan “Qızıl teşti”i bəh-bəhlə tamaşaya qoydunuz. Bəs bu necə bu kiminsə kimlərəsə teatr sovqatı deyildimi?!

Teatrda bu vəziyyət daim yaşayıb və yaşayır. Ancaq bu halların ictimaiyyətə çılpaq şəkildə nümayiş etdirilməsi heç vaxt olmayıb. Belə hallar o vaxt baş verir ki, orada heç nə yerində deyil, əgər bu belə olmasaydı, hadisələr baş verməzdi. Bir xalq artisti digər xalq artistinin köynəyini cırır, fiziki güc göstərir (döyür) sonra polis bölməsinə çağrılıb barışdırılırlar (baxmayaraq ki, gündə səhnədə bunlar ictimaiyyətə dəyərlər haqda uzun-uzadı “dərs deyirlər”), sonra da nümayişkarənə şəkildə barışdıqlarını qonaqlıq vasitəsilə qeyd etdiklərini ictimaiyyətə elan edirlər. Bax, ictimaiyyətin bu halı bilməsi teatrın ənənəsinin yox olmasını ortaya qoyur. Bu isə çox qorxulu bir vəziyyətdir. İllərlə mövcud olan ənənəni bir anda çılpaq şəkildə yox etmək bugünkü teatrın nə gündə olduğunun bariz nümunəsidir.

Yaxud teatrda bəziləri özlərini teatrın kardinalı adlandırır. Onlar teatrın bu vəziyyətində kənarda qalmamalıdırlar, axı onlar kardinaldırlar, yoxsa onlar kardinalın nə olduğunun mahiyyətini bilmirlər? Onlara onu demək istərdim ki, kardinalların üzərinə daha çox məsuliyyət düşür, nəinki “papa”nın. Acı da olsa, belə vəziyyətlərdə ya kardinallar, ya da “papa” öz əşyalarını yığıb, üzüsulu oranı tərk etməli, yaxud ambisiyalarından əl çəkib teatr dünyasına öz töhfələrini verməlidirlər.

Nə qədər ki, teatrda Stanilavskinin “yaşama” məktəbi mövcuddur, bu belə də davam edəcəkdir. Çünki, bu mənasız “yaşama” məktəbi insanları əsl yaşamdan və insaniyyət məktəbindən uzaq tutur. Az-çox bu “yaşama” məktəbini bilən şəxslər mənim nə dediyimi başa düşərlər. Bu “yaşama” məktəbində aktyor oynadığı obrazın dünyasına o qədər boş-boş, mənasız, öz gözəl əvəzedilməz hissləri ilə girib-çıxır ki (bilmədən), adi həyatda o hisslərlə yaşamağa heç nəyi qalmır. Çünki, məktəb düzgün məktəb olmadığı üçün əldə etdiyi nailliyyətlər də həyatında bir o qədər önəmli olmur. Onu da deməliyəm ki, onsuz da teatr dedi-qodu yeri olub. Bunu ictimaiyyət bilə bilməz, ancaq az-çox o mühiti bilən adamlar bunun nə olduğunu bilirlər. Qabartmaq lazım olmadığı üçün geniş şərh verməyə ehtiyac duymuram. Qısa olaraq onu demək istəyirəm ki, o dedi-qodu olmayanda da teatr yaşaya bilməz. Bunun da özəl səbəbləri var.

Teatrın bu gündə, bu vəziyyətdə olmasında başda nazir Əbülfəs Qarayev olmaqla bütün vəzifə sahibləri məsuliyyət daşıyırlar. Nazir və ya nazir müavini bu vahim durumu görüb “durum!” komandası ilə bu vəziyyətə son verməlidirlər. Çünki ortada insan taleyi var, çünki onların övladlarının gələcəyi var. Bir də heç kimin haqqı yoxdur ki, heç bir dəlil-sübut olmadan kiminsə ölümünü bir insanın adına bağlasın. Bu çox qorxulu və təhlükəli bir tendesiyadır. Nüfuz davasını insan taleyinə bağlamaq nadanlığın birinci əlamətidir. Bu nadanlığı aradan qaldırmağın yeganə yolu da reformadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu