Namidə Bingöl
Seçkilərə az vaxt qalmış siyasi kütlənin üzvləri arasında deputatlığa namizədlikdən imtina edənlər də oldu, imtina edilənlər də.
Sentyabrın 15-də hakim Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizəd siyahısını açıqladı. Bununla da, “seçki mübarizəsi”nə start verildi. Kimlər üçünsə yeni uniformada parlamentin qapısından içəri keçə bilməmək də varmış.Həftənin siyasi hesabatını təqdim edirəm!
Siyasi səhnədə nələr yaşanmır ki!
Siyasət adamları bir başqa cür olur. İdarəetmədə liderliyi sevirlər. Təbii, bu, mütləqdir. Di gəl ki, məqam yetişməyə başlayanda sanki axar sular quruyur. Yəni, “biz seçilsək”, “biz hakimiyyətdə təmsil olunsaq hər şey bir başqa cür olar” deyən və gözəl natiqlik etməyi bacaran bəzi siyasi “liderlərimiz” yolu başa çatmamış geri çəkilirlər.
Sözümün canı odur ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və AXCP-dən ayrılıb və elə AXCP liderliyinə iddialı Razi Nurullayev parlament seçkilərində iştirak etməkdən imtina ediblər.
Öz seçimləridir, öz qərarlarıdır. Özləri bilər. Amma, “bağ belə, bostan belə” məsəllərinə qulaqlarımız toxdur. Üstəlik Razi bəy, seçkilərlə müqayisədə yeni siyasi müstəvi yaratmağın daha cəzbedici olduğunu düşünür. Nə deyə bilərik ki! Şoulaşmağa doğru gedən siyasi səhnədə cazibədar olmağın da öz qanunları var.
Bir də ki cəzbedicilik cəmiyyəti ələ almaq üçün bir vasitəyə çevrilə bilər. Bəs o cəmiyyətdə daimi sakinə çevrilmək necə?
Hələ Sərdar Cəlaloğlunu demirəm. Siyasi səhnənin qalmaqallı siyasətçisi kimi tanınan ADP sədri bir vaxtlar dahi şairləri “ağ yuyub qara sərmişdi”. Daha sonra fəlsəfə elminə baş vurdu.
İslamın müqəddəs kitabı olan “Quran”a hamının anlayacağı dildə izahlar yazacağını dedi. Bu yaxınlarda isə deputatlıq sevdasına düşüb namizədliyini irəli sürdü. Lakin Avropa Parlamentinin məlum qətnaməsindən sonra seçki öncəsi real mənzərəni nəzərə aldığını vurğulayan Sərdar Cəlaloğlu deputatlıq sevdasından vaz keçdi. Görünür, adıçəkilən siyasətçilər bu oyunda uduzduqlarını öncədən proqnozlaşdırıblar. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirə bərabərdir. Məncə, elə partiyanın qərargahından siyasi yüklü çıxışlar etmək daha yaxşıdır. Razi Nurullayev demişkən, yeni siyasi müstəvi yaratmaq daha cəlbedici görünür.
27 illik hacı olmaq təcrübəsi və yaxud da dinlə dövlət arasında
Yola saldığımız həftənin ən səs-küylü xəbərlərindən biri də Hacı Qalib Salahzadə ilə bağlı oldu. Zəvvarların Məkkədə ziyarət etdiyi bir vaxtda bizim hacı deputatın müqəddəs səfərini yarımçıq qoyub ta Ərəbistan çöllərindən Azərbaycana qayıtması birmənalı qarşılanmadı və qarşılana da bilməzdi. Necə yəni a kişi! Heç həcc ziyarətini də yarımçıq qoyub qayıtmaq olar?!
Geri dönüşün səbəbi bəlli olmasa da, YAP-ın seçki siyahısında adı keçməyən hacının səfəri yarımçıq qoyması deputatlıq sevdasının Allah sevgisindən üstün olduğu anlamına gəldi
Təbii ki, hacının reaksiyası yazılanların şayiədən başqa bir şey olmadığına kökləndi. İndi hacı kişinin etirafı insanların onunla bağlı düşüncəsini çətin ki alt-üst edə. Çünki sual olunur: “Onun 27 dəfə Həcc ziyarətində nə işi var?”. “Bəlkə, Ginnesin rekordlar kitabına düşmək istəyir?” deyirlər.
Bir sözlə, 27 dəfə hansı əsasa görə Həcc ziyarətində olduğunu da, qəfildən müqəddəs ziyarəti seçki öncəsi yarımçıq qoyub geri dönüş etməyin səbəbini də Hacı Qalib Salahzadə daha yaxşı bilir. Biz əlavə nəsə deyə bilmərik. Babalı Hacı Qalibin boynuna!
27 dəfə həcc ziyarəti, 27 dəfə hacı olmaq. Əslində, dinlə dövlət arasında qərarlaşmaq çox çətindir. Sadəcə olaraq, Hacı Qalib Salahzadəyə iki yoldan birini seçmək şansı verildi. Ya siyasət, ya da din.
Şayiələrin məğzində dayanan odur ki, deputatlıq mandatını itirmək şansının ortaya qoyulması, məyus olmağın zəruriliyini gizlətmədi.
Əlvida, parlament!
YAP-ın seçki siyahısını səbirsizliklə gözləyən təkcə, ictimaiyyət, mətbuat deyildi. Bir vaxtlar YAP tərəfindən namizədliyi dəstəklənən hazırkı deputatlar da vardı. Əminliklə söyləmək olar ki, daha həyəcanlı görünən tərəf YAP-çı deputatlar idi. Yenidən mandat qazanmaq şansı, təmsil olunduqları partiyadan daha çox asılı idi. Və bu asılılıq bir çoxlarının mandat qazanmaq şansını geridə qoydu.
Hakim partiya 13 deputatdan imtina etsə də, əsas diqqət Hacı Qalib Salahzadə və Rəbiyyət Aslanovaya yönəldi. Bu şəxslərin adlarının seçki siyahısında olmaması dərhal gözə çarpdı.
Əlvida, parlament! Əlvida!