Modern.az

Çalsın Azərbaycan haray zəngini

Çalsın Azərbaycan haray zəngini

20 Sentyabr 2015, 22:34

Xalq şairi Qabil

Kəsib qabağımı camaat mənim.
- Vəziyyət necədir? - xəbər alırlar.
İsti yay günündə bu saat mənim,
Elə bil başıma qar ələnir, qar.

Qəzəb və məhəbbət, giley-güzar, ərk,
Suallar-sorğular tufana dönür.
Xalq yaxa axtarır bərk yapışsın, bərk,
Coşur ehtiraslar vulkana dönür.

Hələlik əl saxla, ey heykəltəraş!
Bu saat igidlər canlı gərəkdir.
Ruhunda sarsıntı, qəlbində təlaş,
Qeyzdən gözləri qanlı gərəkdir.

Hər sadə e’tiraz, hər sadə tələb,
Hər vulkan bir çınqı, bir him möhtacı.
Gözümə dikilən gözlərdə qəzəb,
- Şair, bəs bu dərdin nədir əlacı?

- Təmkin! - söyləyirəm, - Vəhdət! - deyirəm,
Hərəyə bir cürə verirəm cavab.
- Gah - Cür’ət - gah da ki, - Qeyrət! - deyirəm
Deyib öz-özümə verirəm əzab...

Axı, mən bilirəm bu - nə qəzadır...
Bəs mənə təsəlli kim verməlidir?
Bu nə müsibətdir, bu nə bəladır,
Bəs mən görmürəmsə kim görməlidir?!

Adamlar üstümə gəldikcə inan,
Mən həm fəxr edirəm, həm də yanıram.
Şairin yapışır xalq yaxasından
Çırpına-çırpına qanadlanıram.

- Əlimiz-qolumuz bağlandı, bəsdir!
Səbrə çağırışdan dəng olmuşuq, dəng.
Sağımız-solumuz bağlandı, bəsdir!
Ləngiyə-ləngiyə ləng olmuşuq, ləng.

Bu, elin-obanın sözüdür sözü,
Bu sözün üstündən nə olsun sözüm?
Neçə ağlar qalmış didərgin gözü...
Döz, bu göz yaşına dözüm, ay dözüm!

Qur’ana əl bassın işi haqq olan,
Din də bir əqidə, bir e’tiqaddır.
Bəsdir yalan yeyib, qusduq da yalan...
Bu nə boyaxana, bu nə həyatdır?!

- Altımdan xalçamı dartan əllərə,
Səbirli-səbirli kor olum, şair?!
Qarabağ harayı çəkən ellərə,
Səbirli-səbirli kar olum, şair?!

Bazardan-dükandan ötə bilmirəm,
İstehza da görür, lağ da görürəm.
Gözlərdən yayınıb itə bilmirəm,
Gözdə od, sinədə dağ da görürəm.

Görürəm qızanı, qızışdıranı,             
Ağlına heç bir şey batmayanı da.
Tonqala yağ töküb alışdıranı,
Heç cür ipə-sapa yatmayanı da.

Neçə bığıburma, neçə yekəpər,       
- Məsələ aydındır, qurtardı, - deyir.
Hır-hır hırıldayır neçə xətakar,
- Saranı da sellər apardı, - deyir.

Kəsir qabağımı camaat hər an,
- Şair, bu işlərə necə baxırsan?
- Mən də sənin kimi, ay sənə qurban,
Niyə yandırırsan, niyə yaxırsan?!

Mənim, öz çəkdiyim özümə yetər,
Bizi tilsimləyib böyük bir əngəl.
Gəl, əl-ələ verək ellər, ay ellər,
Düşmənlərə baxıb həmrə’y olaq gəl!

Sarsılmaz qaladır xalqın birliyi,
Birliyimiz olsun rəhbərimiz qoy!
Düşmənə bəladır xalqın birliyi -
Bir olsun cəbhəmiz, səngərimiz qoy!

Çalsın Azərbaycan haray zəngini,
Harayla hay-küyü qarışdırmayaq!
Boğulmuş görməyək xalqın rəngini,
Onu itaətlə barışdırmayaq!

Bir olsun əzmimiz, iradəmiz qoy,
Yuxarı-aşağı söhbəti bitsin.
Bir olsun fikrimiz-ifadəmiz qoy,
Bu birlik xalqımın dadına yetsin.

Yaxın eşitmirsə uzaq eşitsin,
Bizim səsimiz gur, işimiz haqdır.
Beşiyim-məzarım torpaq eşitsin,
O, heç vaxt özgənin olmayacaqdır!

Qatarda, maşında, meşədə, çöldə,
Kəsir qabağımı xalqım, millətim.
Kəsdikcə çoxalır obada-eldə,
Həm dərdim-kədərim, həm şan-şöhrətim.

Qəlbi yanan xalqa bircə qurtum su,
Lap bircə gilə də, qətrə də bəsdir.
Bütün sualların cavabıdır bu:
- Xalq var, xalqdan başqa hər şey əbəsdir.

1993

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu