Modern.az

Cənubdan bir səda gəlir ağrılı

Cənubdan bir səda gəlir ağrılı

21 Sentyabr 2015, 10:26


İnsanlarıq, insanlığı xoşlayın,
Bir millətik, birləşməyə başlayın!..

Birlik ədəbiyyatının torpaq qoxan nəfəsidir bu sözlər. Hürr qəlblərin yıxılmayan azadlığı. Bir sədadır gəlir yaxın cənubdan. O cənub ki, səda gözlər şimaldan. Biz şimalın soyuğunu unutduq, istisiylə qucaq açdıq dünyaya. Ayırmadıq hissələrə dünyanı, bölünmədi nə şimala, nə cənuba, nə Araza, nə Kürə, ayrı deyil nə də bizdən Naxçıvan. Azərbaycan bir dünyadır: yoxdur ucu-bucağı. Ən ucqar nöqtələrini sadalamağa çalışsaq, çox uzanar söhbətim. Amma sizə deyim ki, ucqar cənub nöqtəsinin adı Şəhriyardır. Şəhriyar zirvəsini fəth edən tapılmayıb Şəhriyardan başqa. O zirvə ki, illər boyu istinadgah olub Turan elinə.

Bir sənətkar söyləyirəm, əsərləri insanlığın məcrasından başlayır. Ağıl ilə hissiyyatın vəhdətindən güc almışdır kəlməsi. Nə bir zorluq, nə bir ağrı qorxutmazmış insanı, bu bir əfsanədir: Şəhriyar əfsanəsi. Pəhləvinin olmazları batmamışdır insana oxuyunca onun kəlmələrini. Hətta məğlub edib dağıtmışdır bir rejimi kağız üstə. Nə Sovet tanıyırdı, nə də müharibə. Qorxusuz bir ifadə almış gözlərini. “Nə olacaqsa, olsun artıq!” deyən hərarətli bir Günəş.

Azadlıq əfkarını ürəyinin zirvəsində bayraq edib irəliləyən Şəhriyardan danışıram. Salamını silah tutmuş dilində də, öz elini birləşdirib ayırmamış nə şimala, nə cənuba. Heydərbaba salamını çatdırmışdır bu vətənə, göy üzündən azadlığın damlaları yağır imiş bax o zaman. Həm o zaman parlamışdı qaranlığın ortasında Turan adlı nur topası. Sovetləri məğlub etmiş kağız üstdə kəlmələrin ordusuyla. Nə qüdrətli bir ordu ki, o “qızıldan ordu”nu da məğlub etdi. Şəhriyarın şah əsəri kəlmələri, bu dünyanın şah əsəri Şəhriyardı.

Heydərbaba, mərd oğullar doğginən,
 Namərdlərin burunların ovginən,
 Gədiklərdə qurdları tut boğginən,
 Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.



Bir vətən var xəyalında şairin, o onu çağırır, o da onu. Səsləyərək səsləşirlər birlikdə. Heydərbaba bir dağdır ki, yenilməz, eyni vətənim təki. Bir vətən ki, dağ qamətli, qürurlu, neçə şəhid yatır indi qoynunda.

Şəhid balam, bayram gəlib,
Həsrət qaldım o qamətə...
...Şəhid balam, bayram sənin,
görüş qalsın qiyamətə!..

Şəhriyarın nəfəsi var, gedib-gəlib “Haqq!” deyir. Gör necə də səsləşirmiş şairimin hər amalı millətinin əfkarıyla. Bu gün millət azadsa da, yanğılıdır. Ağrısına məlhəm olan yoxdur bu gün Şəhriyar tək millətimin. Necə şux bir görkəmi var Məhəmmədhüseyn nəzminin. Bu gün də həmin nəzmdir ki, “Məqbərətül-Şüşərra”dan car çəkir aləmə. Səsi bir ləhzə də azalmaz Şəhriyarın, kəsilməz Yer üzündən. O öz azadlığını əldə edib Yer aləmində və sonsuzluğun mutluluq dəryasında. Yaxşı der Əli bəy Hüseynzadə: ...Yer və azadlıq fəlsəfəsi...

Nə dövrlər gördü Şəhriyar ruhu, amma bir az belə olsa, sarsılmadı. Heydərbaba duruşu tək duruşu vardı, indi də dolanır başımız üstə. Onun kölgəsinə sığınıb gəzirik, tələb edirik haqqlarımızı. Şeirin nə qədər dəyərli olduğunu çatdırır şair ruhları ruhumuza. Biz də oxuyub şeirləri qidalandırırıq o ruhu.

Cəsarətin zirvəsində dünya adlı bir yalanı çıxarmış üzə şair Şəhriyar. Mənim ən sevdiyim bəndi qocaman nəzmin, o bənd ki, qəlbi dolu şairin ən yanğılı partlamalarıdır Yer üzünə.

Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı.
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə nə ad verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Şəhriyar dünyasına aydınlıq gətirmək istəyərkən anladım ki, Şəhriyar dünyası tamam bir aydınlıqdır ki, aydınladır adamı. O dünyaya nə etsən də, çirkabınla daxil ola bilməzsən. Paklığın ali ideyaları Şəhriyarın sinəsində toplanmış da, çatdırmış öz salamını Heydərbabasına.

...Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.

Özünü dərk edən millət Şəhriyarını dərk etmişdir. Hər kim ki əqidəsin tərk edər, Şəhriyar da tərk edər o kimsəni ki, utanc duyar ondan. Dərdlərimiz yox olmasın, dağ olsun. Heydərbaba təki bir dağ. Bəlaları unutduqca çoxalar. Şəhriyarın misralarından qazanıram düşüncələrimi. Bir fikir ki, sədası Savalandan Qafqazıma yüksəlir, Qafqazdan da bütün dünya eşidir bu sədanı, itirir öz məkrli ədasını. “Şəhriyar milli şairdir, Azərbaycan xalqının həyatını, ona qarşı olan milli zülmü, ictimai ədalətsizlikləri bütün parlaqlığı ilə öz poeziyasında əks etdirmişdir” deyir Hökümə Billuri.

Şəhriyar məhbus deyildi, haqqın məğlubedilməziydi qarşısını kəsmək üçün atmışdılar zindana. Nə ağrılar gördü də, yıxılmadı, baxdı Heydərbabaya, onun kimi dik durdu. Nə qocaldı, nə öldü.

Şəhriyarın təsəvvüfü dərkin fövqəltəbii varlığını sübut edən qızıl qanunauyğunluqdur. İnancı, imanı, amalı daim sabitdir, dəyişməzdir yoluna sadiq Məhəmmədhüseynin.

Aşıq deyər: bir nazlı yar var imiş,
Eşq oduna qəlbi yanan var imiş,
Sazlı-sözlü bir Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çərxi çönməyib.

İndi “Şəhriyar kimdir?” deyə sorsanız: Şəhriyar “fələk çönsə də, çərxi çönməyən, qəlbindəki atəş əsla sönməyən” ulu Şərqin abidə sənətkarlarından biri, İslamın işığı altında savaşan, dağ dərdiylə neçə zirvələr aşan əsl qəlb şairi, Azərbaycan elinin əbədi qurtuluş carçısıdır. Rəhmət ilə anıb da, anısını gözlərimiz üstündə saxlamalı, dərkin zirvəsində onun anısıyla addımlamalıyıq. Sentyabrın 18-i vəfat etmiş şairə Allah rəhmət etsin.  



Adil AYDIN NƏHMƏT
“Dəyanət” liseyi, XI sinif şagirdi


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu