Modern.az

“Azadlıq-2015”də fikir ayrılığı yaranıb – AÇIQLAMA

“Azadlıq-2015”də fikir ayrılığı yaranıb  – AÇIQLAMA

Təhsil

21 Sentyabr 2015, 12:39


“Azadlıq-2015” seçki blokunun qarşıdan gələn parlament seçkilərini boykot edəcəyi gözlənilir. Bununla bağlı, siyasi blokun toplantısı da keçirilib.

Adıçəkilən bloka daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc Modern.az saytına açıqlamasında deyib ki, ölkədə seçkidə iştirak etmək üçün şəffaf mühit yoxdur.   O bildirib ki, regionlarda “Azadlıq-2015” seçki blokunun üzvlərinə qarşı təzyiqlər olunur: 

“Bununla yanaşı, cəmiyyətdə də seçki əhval-ruhiyyəsi yoxdur. Biz hakimiyyətdən bu məsələlərin müzakirə mövzusu olmasını istədik, yəni növbəti dialoq təklif etdik. Amma müsbət cavab almadıq. Bu azmış kimi, bizim yerlərdəki namizədlərimizə münasibət, seçki komissiyalarının qərəzli davranışları da öz mənfi təsirini göstərir. Bizim namizədlər yerli icra hakimiyyəti orqanları tərəfindən təhdid olunur”.  

Partiya rəhbəri qeyd edib ki, bu cür şərtlər altında parlament seçkilərinə getmək məqsədəuyğun deyil.  

Əhməd Oruc onu da əlavə edib ki, “Azadlıq-2015” blokunda seçki ilə bağlı fikir ayrılıqlarlı da mövcuddur:

“Ümumilikdə götürdükdə, hamının eyni fikirdə olduğunu demək olar. Lakin ayrı-ayrı çalarlara görə fikir ayrılıqları da mövcuddur. Fikir ayrılığı olmasa idi, ötəngünkü toplantımızda yekun qərar verə bilərdik”.  

“Azadlıq-2015” seçki blokuna Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxildir.    

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir