Modern.az

Hara gedib çıxdığı bilinməyən mağara, valinin xatirələri – FOTOLAR

Hara gedib çıxdığı bilinməyən mağara, valinin xatirələri – FOTOLAR

21 Sentyabr 2015, 13:51

Sentyabrın 11-də İranın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bir qrup jurnalistin Zəncan əyalətinə səfəri başladı. Bir həftəlik səfər zamanı Zəncanın bir sıra gəzməli, görməli yerləri ilə tanış olduq.

Bunlardan ən maraqlısı Sultaniyyə türbəsi və Zəncan şəhərindən 3 saatlıq məsafədə yerləşən (avtomobillə) Kətələxor mağarasında etdiyimiz gəzintilər idi. 


Mağaranın içərisi o qədər soyuq idi ki, sanki burada kondinsioner işləyirdi. İllərin təbii prosesləri nəticəsində daşların aşınmaya məruz qalaraq müxtəlif forma almaları, hələ də tədqiq olunmamış ərazilər çox maraqlı idi. Mağaranın içərisində aşağıya doğru sallanan daşlaşmış duzlar, mineral kütlələr heyrətamiz idi. 

Mağaranın sonunun hara gedib çıxdığı isə dəqiq bilinmir.

Sultaniyyə türbəsi (artıq bu barədə geniş reportaj yazmışıq) və Kətələxor mağarası ilə tanışlıqdan sonra bir sıra zavod və fabriklərə də baş çəkdik. Qeyd edək ki, bundan əvvəl “İran Transfo” transformator zavodunda olmuşduq.   

Burada istehsal olunan transformatorlar İraqa, Əfqanıstana, bir sıra Afrika ölkələrinə ixrac olunur. O cümlədən həmin transformatorlardan Naxçıvana da satılır.  

“Panel” süd zavodu ilə də tanışlıq zamanı məlum oldu ki, bu müəssisə müxtəlif cür ağartı məhdulları istehsal edir.  

Daha sonra İranın daxili bazarında önəmli yer tutan “Nak” çörək zavodunda olduq. Burada müxtəlif növ çörək məhsulları istehsal olunur.

“Borsh” biskvit fabrikinə də baş çəkdik.

Burada istehsal olunan biskvitlər, şokoladlar, konfetlər və s.  daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir.   Əbhar quşçuluq fabriki  də Zəncanın, bütüövlükdə İran bazarında mühüm əhəmiyyətə malikdir.

İran bazarında toyuq məhsullarına olan tələbatın 20 faizini ödəyən bu müəssisə hər il götürdüyü illik gəlirin bir hissəsini humanitar layihələrə sərf edir. Məsələn, xəstəxana tikilib, ayrıca böyrək xəstəliklərinin müalicəsini həyata keçirən mərkəz yaradılıb.

Zəncanın Əbhar bölgəsində paravoz və vaqon istehsal edən sənaye müəssisəsinə də baş çəkdik. “İranian Rail İndustries Development Co” adı ilə fəaliyyət göstərən zavodda istehsal olunan qatar vaqonlarının hissələri əsasən Yaponiya və Koreyadan alınır. İstehsal olunan qatarların istifadəyə yararlılıq müddəti 60 il, zəmanəti isə 2 ildir.  


Sentyabrın 17-də jurnalistlər Zəncan əyalətinin valisi Cəmşid Ənsari ilə də görüşdülər. C.Ənsari azərbaycanlı jurnalistlərin Zəncana gəlişindən məmnunluğunu bildirdi, media işçilərinin bu əyalətlə tanışlıqdan razı qalacaqlarına, səfərin onların yaddaşında xoş xatirəyə çevriləcəyinə ümidvar olduğunu söylədi.  

İki ölkə arasında münasibətlərdən söz açan vali Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevlə bağlı xatirələrini danışdı.

O qeyd etdi ki, Heydər Əliyev hələ Naxçıvanda Ali Məclis sədri olarkən, onunla tanış olub. Vali bildirdi ki, Heydər Əliyevin prezidentliyi zamanında da onunla keçirilən görüşlərdə iştirak edib.  

Daha sonra jurnalistlər “Yeni mərdum” (“Yeni millət”) qəzetinin redaksiyasında olublar.

Qəzet haqqında məlumat verən baş redaktor Riza Səvari “Yeni mərdum”un 16 ildir ki, gündəlik 15 min tirajla nəşr olunduğunu, qəzetdə Zəncanın elm, təhsil, iqtisadiyyat və digər sahələri ilə bağlı məlumatların yer aldığını diqqətə çatdırıb.

Sonra azərbaycanlı jurnalistlər redaksiyanın fəaliyyəti ilə tanış olublar.   Azərbaycanlı jurnalistlər İRNA agentliyinin Zəncan bölməsində, Zəncan vilayəti İnvestisiya Xidməti Mərkəzində də olub, Yaradıcılıq Mərkəzində yerli aşıq və şairlərin çıxışlarını dinləyiblər.  

Görüşlər zamanı geniş fikir mübadiləsi aparılıb, iki ölkə arasinda müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.  

Bildirilib ki, azərbaycanlı media işçilərinin bu bölgəyə səfəri İran ilə Azərbaycan arasında mədəni, ticarət və turizm sahəsində əməkdaşlığın inkişafına, həmçinin Zəncanın əhalisi ilə Azərbaycan xalqı arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.  


Qeyd edək ki, səfərin məqsədi kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmlənməsi, İranın iqtisadi, mədəni və turizm sahəsindəki potensialı ilə yaxından tanışlıq və bu barədə ölkənin KİV-ləri üçün müəyyən reportaj və xəbərlər hazırlanmasına münasib şəraitin yaradılmasıdır.  

Azərbaycanın nümayəndə heyətinə AZƏRTAC, “APA”, “Novosti Azərbaycan”, “Avrasiya”, “Xəbər Servis” və “Turan” xəbər agentliklərinin, Modern.az xəbər portalının və “Həftə içi” qəzetinin əməkdaşları daxil idi.

 

Aqşin Kərimov          

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu