Modern.az

Bu bölgələrdə 35 mindən çox müəllim imtahan olunacaq

Bu bölgələrdə 35 mindən çox müəllim imtahan olunacaq

Təhsil

21 Sentyabr 2015, 15:45

Bakı şəhərindən sonra daha 12 şəhər və rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq. Bununla bağlı Maliyyə Nazirliyinin gələn ilin büdcə xərcləri ilə bağlı yaydığı məlumatda qeyd edilib. Növbəti ildə Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Diaqnostik qiymətləndirmədə müəllimlərin əldə etdiyi nəticələr onların həm dərs saatlarının, həm də əmək haqlarının artmasına səbəb olur. Bu gün aşağı əmək haqqı alan müəllim üçün isə bu çoxdan gözlənilən hadisədir. Büdcədə diaqnostik qiymətləndirmə keçiriləcək yerlərin adı açıqlanıb. Amma bunun nə zaman və necə keçiriləcəyi, hansı dəyişikliklərin olacağı bəlli deyil.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, diaqnostik qiymətləndirmənin respublikanın digər bölgələrində də keçirilməsi müəyyən zaman tələb edən prosesdir və bu istiqamətdə artıq işlər aparılır:

“Adı çəkilən şəhər və rayonlarda müəllim kontingentini müəyyənləşdirmək məqsədi ilə artıq elektron resurslar hazırlanır. Elektron resurslar vasitəsi ilə rayonlardan siyahılar toplanacaq. Bu siyahılar toplandıqdan və müvafiq təşkilatı işlər həyat keçirildikdən sonra diaqnostik qiymətləndirmənin keçirilmə tarixi elan ediləcək. Ehtimal olunur ki, bu proseslər noyabr-dekabr aylarında başa çatacaq”.

Nazirlikdən bildirilib ki, adı çəkilən bölgələrdə keçiriləcək diaqnostik qiymətləndirmədə 35 mindən çox müəllimin iştirakı gözlənilir. Məlumatda o da qeyd edilib ki, diaqnostik qiymətləndirmədə test sualları ixtisas bilikləri, metodiki bacarıqları və təlim strategiyalarını əhatə edəcək.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir