Modern.az

AKP qalib gələcək, MHP itirəcək, HDP-nin arzusu ürəyində qalacaq

AKP qalib gələcək, MHP itirəcək, HDP-nin arzusu ürəyində qalacaq

21 Sentyabr 2015, 16:04


Türkiyədə noyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Politoloq Qabil Hüseynli  Modern.az-a açıqlamasında Türkiyədə baş tutacaq bu seçkilərin gözlənilən nəticələri ilə bağlı proqnozlar verib. Ekspertin fikrincə, budəfəki seçkilərdə də hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən daha yüksək səs toplaya bilər:

“Keçirilən rəy sorğuları  hələ ki AKP-nin səsinin o qədər də yüksəlmədiyini göstərir. Amma AKP seçkiqabağı kampaniyaya  təzəcə başlayır. Məsələn hakim partiyanın təşkilatçılığı ilə “terrora yox” adı ilə bir milyonluq  mitinq keçirildi.

Bu, çox böyük bir mitinq idi.

Ümumiyyətlə, mən AKP-nin səslərinin yüksələcəyi qənaətindəyəm. Nəyin hesabına olur-olsun,  müvafiq resurslardan istifadə etməklə, seçkiqabağı çox ciddi vədlər verməklə, seçicilərin səsini qazanmaq üçün müxtəlif manevrlər etməklə AKP təkbaşına iqtidar formalaşdırmaq üçün həm seçkinin özündə, həm də seçkiqabağı dövrdə bütün imkanlardan istifadə edəcək.

Düzdür, bu, Türkiyədəki  vəziyyəti tam, normal inkişaf  səmtinə çıxarmayacaq, amma, hər halda AKP-nin niyyəti yenidən təkbaşına hökumət qurmaqdır.

Güman edirəm ki, nəyin hesabına olur-olsun,  AKP məqsədinə nail olacaq”. Politoloq Cümhuriyyət Xalq Partiyasının (CHP), Milliyyətçi Hərəkat Partiyasının (MHP) və PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) seçkidən hansı nəticə əldə edəcəyini barədə də fikir bildirib:

“CHP-nin əvvəlkinə nisbətən  səs artımı olacaq. MHP üçün bunu gözləmirəm. Hətta ola bilsin ki, azalma da baş versin. Çünki əvvəlki seçkilərdən sonra  MHP-nin siyasətini o qədər də qənaətbəxş hesab etmək olmaz. HDP-yə gəldikdə, qənaətlərimə görə, baryerini aşa bilmək şansı çox zəifdir. Hətta parlamentdə təmsil olunmaya da bilər”.

Bu il iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində AKP qələbə qazansa da, təkbaşına iqtidar qurmaq üçün yetərli səs toplaya bilməyib.

AKP-nin koalisiya hökuməti qurmaq üçün digər partiyalarla apardığı danışıqlar nəticə vermədiyindən noyabrın 1-də ölkədə təkrar parlament seçkiləri keçiriləcək.

Leyla Əfqan

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir