Modern.az

Ucqar kəndin gənc müəllimi: “Tək problem maaşdır, qalan hər şey gözəldir” - MÜSAHİBƏ

Ucqar kəndin gənc müəllimi: “Tək problem maaşdır, qalan hər şey gözəldir” - MÜSAHİBƏ

Ölkə

21 Sentyabr 2015, 17:49


Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da,  ehtiyac olan yerlərdədirlər. Elə bizim  müsahibimiz Elşad Abdullayev kimi.  

- Əvvəlcə sizi tanıyaq...

- Qəbələ rayonunun Aydınqışlaq kəndində anadan olmuşam, 25 yaşım var. 2008-ci ildə orta məktəbi bitirmişəm. Həmin il ali məktəbə daxil ola bilmədiyim üçün əsgər getmişəm. 2010-cu ilin aprelində əsgərlikdən qayıtdım. Elə 2010-da ali məktəbə yenidən sənəd verdim və Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına Tarix-coğrafiya fakültəsinə daxil oldum. Dörd illik təhsilimi başa vurduqdan sonra isə Təhsil Nazirliyinin imtahanında iştirak etdim və Ağsu rayonunun Gürcüvan kəndində müəllimliyə işə qəbul olundum.

- Müəllim olmağı əvvəldən istəmisiniz?

- Bəli, müəllim olmaq uşaqlıq arzum idi və bu arzumu da reallaşdırdım. Artıq ikinci ildir ki, burada müəllim kimi fəaliyyətimi davam etdirirəm.

- Şəhərdə ali təhsil almısınız. Bu gün şəhərdə ali təhsil alanlar kənd həyatına geri qayıtmaq istəmirlər, siz nə əcəb döndünüz?

- Şəhərdən qayıtmağımın səbəbi orada iş tapmağın çətinliyidir. Yəni ixtisasım üzrə şəhər yerində müəllim işi tapmaq çətindir. Ona görə rayonumuza yaxın olduğu üçün buranı seçdim və imtahanla Ağsu Xanbulaq kənd tam orta məktəbinə qəbul oldum.

- Axı Gürcüvan demişdiniz?

- Kəndin adı Gürcüvandır. Sonra adını dəyişib Xanbulaq qoymuşdular. Yenidən bir də dəyişib əvvəlki adını bərpa ediblər. Amma məktəbin adı elə Xanbulaq kənd tam orta məktəbi qalıb.

- Bəs niyə məhz bu ixtisası seçmisiniz?

- Coğrafiya və Azərbaycan tarixinə hər zaman marağım olub, bu fənləri çox sevmişəm. Ona görə də elə bu ixtisasları seçdim və bu gün öyrəndiklərimi şagirdlərə çatdırıram.

- Xanbulaq kənd orta məktəbi barədə nə deyə bilərsiniz? Burada şagirdlərin təhsilə marağı necədir?

- Məktəbin binası çox köhnədir. Burada məcburi köçkünlər məskunlaşıb. Bu kənd əvvəllər erməni kəndi olub. Burada ermənilər yaşayıb, məktəbdə oxuyublar, hətta burada erməni qəbirstanlığı da var. Bina da o zamandan qalmadır. Amma buna baxmayaraq uşaqların təhsilə marağı normaldır.

- Yəqin ki, pedaqoji təcrübəni şəhər məktəblərində keçmisiniz. Müqayisə edəndə kənd məktəbi ilə hansı fərqlər görürsünüz?

- Fərq yalnız təhsilin şəhərdən daha yüksək olması ilə bağlıdır. Eyni zamanda kənd məktəblərində şagirdlərin sayı da azdır və təhsil şəraiti də yaxşı deyil. Amma ümumulikdə dünyagörüşlərində fərq yoxdur.

- Təhsil şəraiti deyərkən?

- Elektron lövhələrin olmaması, istilik sisteminin yoxluğu, bufet və s.

- Qeyd etdiyiniz ki, məktəbdə məcburi köçkünlər məskunlaşıb, onda siz məktəbin necə otağından istifadə edirsiniz? Ümumiyyətlə orada necə şagird təhsil alır.

- Məktəbdə məcburi köçkünlər məskunlaşmayıb, onlar kənddə çoxluq təşkil edir. Əsasən Kəlbəcər və Laçından olan məcburi köçkünlərdir ki, onların da uşaqları bu məktəbdə təhsil alır. 13-14 otaq şagirdlərin istifadəsindədir. Hardasa 60-70 şagird təhsil alır.  Hər sinifdə isə 4-5-8 şagird təhsil alır. Özüm isə 5-ci sinifdən yuxarı şagirdlərə dərs deyirəm.



- Gənc yaşda müəllimlik fəaliyyətinə şəhərdə yox, ucqar kənddə başlayan şəxslərə cəmiyyətdə fədakar və qəhrəman kimi baxırlar. Siz bu fikrə necə şərh verərdi
niz? Sizin üçün də elədir?

- Heç də elə deyil, işsizlikdən məcbur olub işləyirik. Mən də, elə əksər həmkarlarım da...

- Bəs yaxşı aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada yəqin kirayədə qalırsınız...

- Bəli, əsas odur ki, kreditimi verirəm. 257 manat maaş alıram və 148 manat kredit ödəyirəm. Amma kirayədə qalmıram. Bakıda yaşayan birinin burada boş evi var və hörmət əlaməti olaraq mənə verib. Görürsünüz? Qəbələdən gəlib Ağsuda bu maaşa işləmək fədakarlıqdır ya məcburiyyət?

- Pedaqoji fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib? İstər şagirdlərin dərsə marağının artırılması baxımından, istərsə kollektiv arasında.

- Uşaqlarla danışmağı, onları dinləməyi sevirəm. Dərsimə böyük maraq göstərirlər. Mənim siniflərimdə “3” alan şagird yoxdur.

- Şagirdlərin arasında valideynləri tərəfindən dərsdən yayındıranlar olubmu?

- Xeyr, heç vaxt. Sizin qeyd etdikləriniz köhnə dövrdə qalıb, artıq valideynlər müasirləşib.

- Fikrinizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?

- Əsas müəllimlərin əmək haqqı qaldırılmalıdır ki, kənardan gələn müəllimlər də qalıb işləsin. Qəbələdə normal işim olsa, müəllimlikdən vaz keçərdim. Belədə 3 illik məcburi iş müddəti bitdikdən sonra iş yerimi doğma kəndimizə dəyişəcəm. 

- Nə üçün dəyişmək istəyirsiniz?

- Atam-anam təkdir. Evlənməliyəm və onların yanında olmalyam. İnşallah hələ bir şey yoxdur ortalıqda, amma gələcək üçün planlarım belədir.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?

 - Xeyr, burada II ixtisas qrupuna hazırlaşan şagird yoxdur. Ona görə mənə repetitorluq üşün müraciət edən yoxdur. Amma olsa, hazırlaşdıraram.

- Kənddən ali məktəbə qəbul səviyyəsi necədir?

- Ötən tədris ilində olmayıb. Məndən əvvəl olanları isə bilmirəm.

- Ümumiyyətlə, kənd şəratində yaşamaq, müəllim işləmək necədir?

- Çox gözəl, maraqlıdır. İnsanları çox yaxşıdır. Tək problem maaşdır, qalan hər şey gözəldir.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi