Əvvəllər Bakı şəhərində kimlərinsə qoyunlarını, hətta iribaşlı heyvanlarını qabağına qatıb boş ərazilərdə otarmasına çox rast gəlinirdi. Ancaq bir müddət sonra paytaxtda bunun qarşısı alınmağa başlanıldı və qadağalara əməl etməyənlərin mal-qarası əlindən alınıb, uşaq evlərinə, qocalar evlərinə və ya aidiyyəti qurumlara verilirdi.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Modern.az-a bildirib ki, bu gün Bakı şəhərinin mərkəzi rayonlarında bu cür hallar daha müşahidə edilmir:
“1998-2000-ci illər ərəfəsində bu cür vəziyyət yaşanmışdı. Kimsə mal-qarasını Şəhidlər Xiyabanın ətrafında otarırdı və təbii ki, buna qarşı tədbir görüldü, həmin şəxsin heyvanları müsadirə edilib, qapalı səhdar cəmiyyətlərinə verildi. Sonradan belə hallar müşahidə edilməyib.
Bundan başqa, insanların öz mal-qarasını paytaxtın mərkəzi hissəsində otarması çətin məsələdir. Qıraqda, Bakı ətrafı rayonlarda buna rast gəlinir, bu da təbiidir. Məsələn, Qaradağda yaşayır, mal-qarası var və otlaq sahəsi az olduğu üçün belə addım atır və buna qarşı heç bir məhdudiyyət yoxdur”.
Əlabbas Bağırov qeyd edib ki, parklarda, bağlarda əgər xırda buynuzlu heyvanların otarılmasına yenidən rast gəlinərsə, həmin heyvanlar qanuna uyğun müsadirə olunacaq:
“Hazırda belə faktlar yoxdur. Yalnız o zaman biz onlara qarşı mübarizə apara bilərik ki, parklarda, bağlarda, insanlarin daha çox üz tutduğu yerlərdən otlaq sahəsi kimi istifadə etsinlər. Parkların, bağların ot örtüyü suni olduğu üçün heyvanlar onu yemir. Amma mərkəzə yaxın hissədə belə bir şey olarsa, qarşısı alınacaq. Bakı ətrafında elə yerlər var ki, insanların otlaq sahələri azdır, məcburən elə otlaq sahələrindən istifadə edir və bu qanuna zidd deyil”.
Aytən ZƏHRA