Noybarın 1-də parlament seçkilərində iştirak etməklə bağlı Müsavat Partiyası, REAL Hərəkatı və NİDA Vətəndaş Hərəkatı seçkilər ərəfəsində fəaliyyətlərinin uzlaşdırılması ilə bağlı razılığa gəlib.
Xatırladaq ki, bu istiqamətdə hər üç təşkilat bəyanat da qəbul edib. REAL-ın İcra Katibi Natiq Cəfərli bir müddət əvvəl qəbul etdikləri bəyanat barədə Modern.az-a açıqlama verib.O deyib ki, bu həftənin sonuna qədər Dairə Seçki Komissiyasına bütün namizədlərlə bağlı imzatoplama vərəqələri təqdim olunacaq.
“Bəyanatın məğzi əsasən seçki günü monitorinqin birgə təşkilini əhatə edir. İndiki dövrdə hələ ki namizədliyin irəli sürülməsi, imzatoplama kampaniyası keçirilir. Əsas fikrimizi və əməyimizi namizədlərimiz üçün imzatoplama kampaniyasını yekunlaşdırmağa sərf edirik.
Demək olar ki, artıq bir neçə namizədin imzatoplama kampaniysası yekunlaşıb. Digər namizədlərdə də imzatoplama yekunlaşmaq üzrədir. Bugünkü günə uyğun olaraq əsas hədəfimiz imzatoplama kampaniyasını uğurla başa çatdırıb bütün vərəqələri Dairə Seçki Komissiyasına təqdim etməkdir.
Düşünürəm ki, bu həftənin sonuna qədər bütün namizədlərlə bağlı DSK-ya bütün imzatoplama vərəqələri təqdim olunacaq. Namizədliyin qeydiyyatından sonra kimlərin qeydiyyata alınacağı bilinəcək”.
Natiq Cəfərli həmçinin bildirib ki, hər üç təşkilatın namizədlərlə bağlı bir araya gəlməsi uzun müddət üçün düşünülmüş ideya deyil.
“Namizədlərin birgə uzlaşdırılması barədə nə öncədən danışıqlar aparmışdıq, nə də bu barədə düşünmüşdük. Müsavat Partiyası, REAL və NİDA hərəkatının birgə namizədliklərini verdikləri dairələr də var.
Həmin dairələr üzrə birgə nəzarətçilərin təyin olunması və nəzarətin birgə həyata keçirilməsi ilə bağlı danışıqlar başlayacaq. Çox güman ki, bu, ikinci mərhələdə olacaq. Namizədlərin qeydiyyata alınması prosesi bitmədən hər hansı addımların atılması düzgün deyil. Çünki, bu effekt verməyəcək. Hər üç təşkilatdan neçə namizədin qeydə alınmasını gözləmək lazımdır.
Çünki bununla bağlı müxtəlif fikirlər dolaşır. Namizədliyin qeydiyyatının hansı səviyyədə aparılması və hansı çətinliklərin yaranacağını indidən söyləmək olmaz.
Bu proses bitdikdən sonra dairələr üzrə birgə nəzarətin təşkili və nəzarətçilərin təyin olunması ilə bağlı hər üç təşkilatın müəyyən durum dəyərləndirilməsi olacaq”
Namidə BİNGÖL