Modern.az

Avropa ölkələrinin əksəriyyəti Azərbaycandakı seçkilərə müşahidəçi göndərəcək

Avropa ölkələrinin əksəriyyəti Azərbaycandakı seçkilərə müşahidəçi göndərəcək

Təhsil

22 Sentyabr 2015, 14:43


Bəzi beynəlxalq təşkilatlar noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün Azərbaycana gəlməyəcəklərini bəyan etsələr də, dünyanın əksər ölkələrinin parlamentariləri müşahidəçi kimi bu prosesə qatılacaqlar.


Azərbaycan-Litva Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov: “Parlamet seçkilərində bizimlə əməkdaşlıq edən ayrı-ayrı ölkələrin parlamentlərinin dostluq qruplarından müşahidəçilərin gəlməsi nəzərdə tutulub.
Azərbaycan-Litva dostluq qrupunun sədri kimi də məlumatım var ki, artıq bir çox Avropa ölkəsinin parlament üzvləri, eyni zamanda digər nüfuzlu beynəlxalq təşkilatların müşahidəçiləri Azərbaycana gəlməyi planlaşdırırlar. Noyabrın 1-də bizdə keçirləcək parlament seçkilərini müşahidə etmək üçün Litvadan deputatlar gələcək.
Əməkdaşlıq etmək, Azərbaycanın real vəziyyətini görmək istəyənlərə həmişə qapımız açıqdır.

Bizim üçün əsas xalqımızın mövqeyidir. Azərbaycanda keçiriləcək parlament seçkilərinin qərarverici qüvvəsi Azərbaycan xalqıdır. Bizim üçün də önəmlisi elə budur”.


Azərbaycan-İtaliya Parlamerntlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimov bildirib ki, həmin ölkənin senatorları seçkiləri izləməyə gələcəklər: “Avropa Parlamentində məlum qətnamənin qəbul olunduğu günlərdə İtaliya Senatının nümayəndə heyəti Azərbaycanda idi. Bu qətnamə mediada çıxanda onlar Bakıda öz narazılıqlarını bildirmişdilər. Onlar Azərbaycanda olanda bu qətnaməyə etiraz edərək bildirdilər ki, 4 senatorun hər biri Azərbaycanda seçkiləri izləməyə böyük məmnuniyyətlə gələcək”. 


Azərbaycan-Almaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rövşən Rzayev qeyd edib ki, Azərbaycanda çox şəffaf və demokratik şəkildə seçkilər keçiriləcək, hansısa dövlət bu seçkiləri izləməyə maraqlıdırsa, özü müraciət edib gəlmək iqtidarındadır:
“Azərbaycanın qapıları hər zaman açıqdır. Əgər Almaniya tərəfindən belə təklif irəli sürülərsə, böyük məmnuniyyətlə onları qəbul edəcəyik. Almaniya tərəfi gərək təşəbbüs göstərsin ki, gəlib parlament seçkilərini izləyə bilsin”.


Azərbaycan-Amerika Birləşmiş Ştatları (ABŞ) Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Asim Mollazadə bildirib ki, parlament seçkilərində ABŞ və bir sıra Avropa ölkələrindən də qonaqların gəlməsi gözlənilir.
“Əminəm ki, Azərbaycanın bir sıra dünya parlamentlərində, o cümlədən ABŞ-da kifayət qədər dostları var. Bu seçkilər də yetərincə fəal keçəcək və çox güman ki, ABŞ-dan da seçkiləri izləməyə gələn olacaq”.


Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov bildirib ki, parlament seçkilərində MDB Parlamentlərarası Assambleyasının Müşahidə Şurası iştirak edəcək.
“Onlar artıq bildiriblər ki, gələcəklər. Azərbaycanda normal parlament seçkiləri olacaq. Rusiya bizim üçün önəmli qonşu ölkədir və oradan Azərbaycandakı parlament seçkilərini izləmək üçün nümayəndələr həmişə gəlib, yenə belə olacaq”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi