Bu gün hansısa xarici dili mükəmməl öyrənmək istəyən insan mütləq dil kurslarına müraciət edir. Lakin bu axında tələbələrin, xüsusən də Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrin üstünlük təşkil etməsi çox təəccüblüdür. Halbuki, onlar oxuduqları universitetdə istənilən xarici dili mükəmməl öyrənməlidirlər. Amma görünən odur ki, onlar Azərbaycan Dillər Universitetində təhsil alsalar da, vəziyyət o qədər də ürəkaçan deyil.
Modern.az saytı bununla bağlı sözügedən universitetin müəllim və tələbələri arasında sorğu keçirib.
Universitetin ingilis dili müəlliməsi Sevinc Abdullayeva deyib ki, tələbə harada təhsil almağından asılı olmayaraq, əgər həvəsi varsa, keçilən fənləri yaxşı mənimsəyə bilər: “Azərbaycan Dillər Universitetində də tədris olunan fənlər arasında əsas yeri müxtəlif xarici dillər təşkil edir. Hesab edirəm ki, istər universitetdə təhsil alan, istərsə də pul ödəyərək hansısa xarici dil kursuna gedən tələbədə həvəs varsa o, mütləq keçilən alman, ingilis, ispan, fransız və sairə dilləri yaxşı mənimsəyəcək”.
Sevinc Abdullayeva əlavə edib ki, abituriyentlərin əlavə pul ödəyərək hazırlıqlara getdiyi kimi, ola bilər ki, tələbələr də əlavə pul verərək kursa getməyi alışqanlığa çeviriblər: “Digər bir səbəb isə bəzi fakültələrdə dərs saatının azlıq təşkil etməsi ola bilər”.
O, xarici dil kurslarında dərslərin universitetdən bir az fərqli keçildiyini də diqqətə çatdırıb. Müəllimə bildirib ki, kurslarda “conversion”ların təşkil edilməsi istənilən xarici dili mənimsəməkdə xüsusi rol oynayır: “Tələbələr həvəsli olsalar, universitetdə də dərslər o cür təşkil oluna bilər”.
Universitetin alman dili müəlliməsi Sənubər Ələkbərovanın fikrincə, əslində hansı universitetdə oxumağından asılı olmayaraq, müasir dövrdə hər bir tələbə xarici dil bilməlidir:
“Düşünürəm ki, tələbələrin hansısa xarici dili zəif bilməsinin əsas səbəbi orta məktəbdən qaynaqlanır. Məktəb səviyyəsində əsas baza biliklərə yiyələnmək mümkündür. Amma təəssüflər olsun ki, bir çox məktəblərdə xarici dil lazım olan səviyyədə keçirilmir”.
O qeyd edib ki, tələbələrin hansısa xarici dili zəif bilməsinin digər səbəbi sırf dil baxımından ixtisas fakültələrində ilk kurslardan intensiv iş aparılmamasıdır:
“Lingofon kabinetləri, universitetdaxili “conversation” klublar buna çox kömək ola bilər. Hansısa xarici dili yaxşı mənimsəməyin əsas amillərindən biri də interaktiv dərs üsullarıdır. Amma onlardan çox az istifadə olunur”.
Dillər Universitetinin tələbəsi Leyla Yusifova deyir ki, bu məsələyə iki aspektdən yanaşmaq olar: “Birincisi, tələbələrin dərsə maraq göstərməməsi, “onsuz da kursa gedib öyrənəcəyəm” psixologiyası ilə yaşamasıdır. İkinci səbəb isə müəllimlərin dərs metodunun maraqsız olmasıdır".
Universitetinin digər tələbəsi Əfran Əsgəroğlu bildirib ki, mәktәb proqramı ilә universitet proqramı arasında fәrq çoxdur:
“Tәkcә universitetdә keçirilәn dәrslәrlә kifayәtlәnmәk olmaz. Bunun üçün öyrәndiyimiz dildә çoxlu kitablar oxumaq, filmlәrə baxmaq vә danışıq klublarına getmәk lazımdır. Universitet heç bir tәlәbәyә zәmanәt vermir ki, sәnә bu dili mükәmmәl öyrәdәcәyəm, yaxud sәn bu dili yaxşı öyrәnәcəksәn. Tələbə kursa getmәdәn belә xarici dil sәviyyәsini artıra bilər. Yetәr ki, bunu istәsin”.
Başqa bir tələbə Sevinc Hüseynovanın fikrincə, onların fakültəsində ingilis dilinin tədrisi aşağı səviyyədədir: “Bu da həm tələbələrdən, həm də müəllimlərdən asılıdır. Dərslər əsasən nəzəriyyə üzərində qurulur. Dil öyrənmək üçün isə təcrübə mütləqdir. Tələbələr kurslara da elə bu səbəbdən gedirlər”.
Tələbə qeyd edib ki, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində xarici dillərin tədrisi kifayət qədər yüksəkdir: “Digər fakültələrdə hansısa xarici dilin tədrisi zəif olsa da, düşünürəm ki, Tərcümə fakültəsində təhsil alan tələbə universitet tədrisini bəyənir və hansısa dil kursuna getmir”.
Türkan BƏŞİR