Modern.az

Qarabağ saytının baş redaktoru: “Məqsədimiz Qarabağ həqiqətlərini Avropaya çatdırmaqdır”

Qarabağ saytının baş redaktoru: “Məqsədimiz Qarabağ həqiqətlərini Avropaya çatdırmaqdır”

22 Sentyabr 2015, 17:35


Bu gün “Park İNN Hotel”də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində yaradılan www.dailykarabakh.com saytının təqdimat mərasimi keçirilib.

Saytın qurucusu “Trend” İnformasiya Agentliyinin baş redaktor müavini Emin Hüseynli sayt barədə Modern.az-a danışıb:  

“Dağlıq Qarabağ probleminin işıqlandırılması ilə bağlı bir neçə sayt fəaliyyət göstərsə də, bu barədə boşluqlar hiss olunurdu. Azərbaycan dövlətinin, eləcə də vətəndaş cəmiyyətinin prioritet mövzularından biri də budur.

Düşündük ki, Ermənistan informasiya resurslarının və diaspora təşkilatlarının bu istiqamətdə gördükləri işə adekvat olaraq fəaliyyətimizi genişləndirək. Saytın yaranmasının əsas zərurəti Azərbaycanın haqlı olaraq qaldırdığı problemi Avropa ictimaiyyətinə çatdırmaqdır. Buna görə də 5 dildə saytın yaranmasını məqbul bildik.

İnşallah, işlərimiz uğurla davam edərsə, məsuliyyəti layiqincə daşıya biləriksə, onda əlavə dillər də yarana bilər. Sözsüz ki, bu ağır işdir və biz bunun məsuliyyətini başa düşürük. Amma Ermənistanın mediasına adekvat addım atmaq üçün bu cür layihələrə ehtiyac var. Bildiyimiz kimi, onlar bu sahədə boş oturmurlar.

Onların mətbuatı bu istiqamətdə aktiv fəaliyyət göstərir. Belə olan surətdə get-gedə Avropa ictimaiyyəti, Avropa ekspertləri  daha çox nəinki bizim, onların yazdıqlarına inanacaqlar. Odur ki, bizə də onların fəaliyyəti ilə rəqabət apara biləcək resurslar lazımdır”.   Emin Hüseynli saytın fəaliyyət proqramından da danışıb:  

“Daha çox informasiya yönümlü olacaq. Bununla bərabər, analitik təhlillərə, araşdırmalara, açıqlamalara da təbii ki, rast gəlinəcək. Elə olacaq ki, biz xarici dillərə çıxışı olmayan saytın xəbərini götürüb  tərcümə edib, onlara istinad etmək şərti ilə yayacağıq”.   

Elmin Nuri 
                                                                                                                                                                        

 
Sizə yeni x var
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi