Bu yazımı mən 10 fevral 2015-ci ildə yazmışam. Modern.az saytında keçmiş iş yoldaşım, şair, gözəl insan Məmməd Aslanın xəstələnməsi haqqında gedən kiçik xəbərdən sonra. Fikirləşdim ki, nəsə bahalı müalicəyə və ya əməliyyata ehtiyacı ola. Yada salım onun kişi hərəkətini fərman sahiblərinə. Göndərdim saytın poçtuna. Amma beş dəqiqə sonra saytda Məmməd Aslanın ittiham dolu cavab yazısını gördüm. Hətta onun xəstəliyi haqqında bu xəbəri yayan jurnalisti “sağsağan” adlandırmışdı. Həmən baş redaktor Əfqan Qafarlıya zəng etdim ki, nəbadə yazını verəsən. Sizin əməkdaşa “sağsağan” deyibsə, mənim də adımı “bayquş” çağıracaq. Məni Məmməd müəllimin dilinə salmayın. Bilmirəm doğurdan da xəstəydi ya yox? Bəlkə də qüruruna sığışdırmırdı kimdənsə yardım diləməyi. Amma bu gün onun ölüm xəbərini Modern.az saytından oxuyanda 7 ay bundan öncə yazdığım yazı yadıma düşdü. Mən onu ilk dəfə belə tanımışam. Lap nekroloq yazısı yazsaydım da heç bir əlavəm olmayacaqdı. Gec də olsa yayımlayıram. Oxuyun. Yalnız axırıncı abzası nəzərə almayın. Onu “Allah rəhmət eləsin” ifadəsiylə əvəz edin.
MƏMMƏD ASLAN KİMDİR
Məmməd Aslan şairdir. AzTV-də gözəl verilişlərin müəllifi idi. Mənim AzTV-də həmkarım, iş yoldaşım olub. İndi isə 76 yaşında qoca kişidir. Prezident Heydər Əliyev tərəfindən “Şöhrət” ordeniylə təltif olunub. Yaradıcılığına görə yox. Kişi xasiyyətinə görə.
Xəstəxanaya düşmək xəbərini alanda pis oldum. Ona görə yox ki, xəstədir və müalicəyə ehtiyacı var. Modern.az-dan oxuduğum bu xəbərlə yadıma düşdüyünə görə. Bəlkə də dövlətimizin diqqət və qayğısına ehtiyacı var. Amma yox. Deyəsən ictimaiyyətə bir daha təqdim olunmasına daha çox ehtiyac duyur. Ona görə də “Məmməd Aslan kimdir” başlıqlı yazı yazmağa qərar verdim.
1990-cı ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında əmək fəaliyyətinə başladım. “Dədə Qorqud ensiklopediyası”nda elmi redaktor işləyirdim. Bir ildən sonra Azərbaycan yazıçıları öz növbəti qurultayına hazırlaşırdı. Ensiklopediyanın cavan işçilərini də hazırlıq prosesinə kömək üçün cəlb eləmişdilər. Dəvətnamələrin paylanması, Telefon-Sorğu kitabçasının çap edilməsi və digər texniki işlər.
Qurultay Filarmoniyada keçirilirdi. Mən və daha iki nəfər qapıda dayanıb qonaqları qarşılayırdıq. Birdən bizimçün qeyri-adi hadisə baş verdi. O vaxt təqaüddə olan Heydər Əliyevi qarşımızda gördük. Hamımızla mehribanlıqla salamlaşdı. “Necəsiz? Gəlmişəm görüm yazıçılarımız necədir? Nə əsərlər yazırlar?” deyə zarafatyana hal-əhval da tutdu. Tez katiblərdən birinə xəbər verdik. Səhv etmirəmsə, Anar müəllim gəlib onu içəri müşayiət etdi. Qonaqlar və nümayəndələr hamısı gəldikdən sonra isə qurultay başladı. Biz də keçdik içəri.
Mən lap arxada oturdum. Rəyasət heyətində isə katiblik, xalq şairləri və xalq yazıçıları əyləşmişdilər. Qurultay təzə başlamışdı ki, məndən bir sıra qabaqda əyləşmiş bir nəfər ayağa qalxdı və sədarətin sözünü kəsdi. Uca səslə:
-Bugünkü qurultayda yazıçıların dostu, onlara həmişə böyük hörmətlə yanaşan Heydər Əliyev iştirak edir. O zalda yox, rəyasət heyətində əyləşməlidir, - dedi.
Gurultulu alqışlar qopdu. Anar müəllim Heydər Əliyevi rəyasət heyətinə dəvət etdi. Mən Heydər Əliyevin zalda harda oturduğunu bilmirdim. Demə iki sıra qabaqda əyləşibmiş. Ayağa durdu. Əvvəlcə bu təkliflə çıxış edəni süzdü. Sonra isə “çox yuxarıda oturub yazıçılara baxmışam. İndi də aşağıda oturmaq istəyirəm. Rəyasət heyətinə dəvətinizə görə minnətdarlığımı bildirirəm” dedi və hamını əlini yellədərək salamlayıb əyləşdi. Bir tərəfində Xəlil Rza Ulutürk, o biri tərəfində isə Rəfiq Zəka Xəndan oturmuşdu.
Həmin təkliflə çıxış edən, daha doğrusu özündə cürət tapan 51 yaşlı şair Məmməd Aslan idi. Niyə “cürət tapan” dedim? Çünki onda Heydər Əliyevə böyük hücumlar vardı. Onun dostları dövlətin “düşmənləri” hesab olunurdu.
Heydər Əliyev ona xüsusi hörməti olan Məmməd Aslanın bu çıxışını unutmadı. Böyük yaddaşa malik bu insan Məmməd Aslana “Şöhrət ordeni”ni şəxsən təqdim edəndə 9 il qabaq onun dediyi sözləri olduğu kimi, nöqtəbənöqtə təkrar etdi. Əslində bu orden Məmməd Aslanın yaradıcılığına verilmiş qiymət deyildi. Bir vaxt etdiyi kişi hərəkətinə bir cavab idi.
Böyük insan Heydər Əliyev belə şeyləri unutmurdu. Yəqin ki, bu gün müalicəyə ehtiyacı olan Məmməd Aslanı dövlətimiz də unutmayacaq.