33 saylı Xətai birinci seçki dairəsinin bir qrup seçicisi həmin ərazidən millət vəkili seçilmək istəyən İzzətli Ruslana etiraz məktubu ünvanlayıblar.
Modern.az həmin məktubu olduğu kimi təqdim edir:
“2015-ci il noyabrin 1-i Azərbaycanda növbəti dəfə parlament seçkiləri keçiriləcək. Millətimizin vəkili olmaq iddiasında olan şəxslər təbliğat-təşviqat kampaniyasına başlamaq ərəfəsindədir. Artıq seçicilər də öz dairələrindən hansı namizədlərin yarışacağını, onların kimliyini araşdırıb müəyyən etmək qənaətinə gəliblər.
33 saylı Xətai birinci seçki dairəsinin bir qrup seçicisi olaraq dairəmizdən millət vəkili secilmək istəyən namizədlərin siyahısı ilə tanış olarkən İzzətli Ruslan adlı namizədlə maraqlandıq. Gəncliyi, internet saytında fəaliyyəti barədə məlumat maraqımızı cəlb etsə də, bir sıra əməlləri bizi məyus etdi. İnternet səhifələrində gedən məlumatları istinad etsək görərik ki, bu şəxs əsl “cəbhə adamıdır”. Müxtəlif cəbhələrdə “ döyüşməyi”, müxtəlif qurumlarda “fəaliyyət” göstərməyi özünə peşə etsə də, əsas məqsədinin nədən ibarət olduğu bilinmir. Ümid partiyasının sədrinin müavini olan bu şəxs qısa zamanda onu tərk edərək istefa verib.
Ardınca “D18” adlı hərəkat yaradıb. Müxtəlif ideoloji və siyasi baxışlı gəncləri bir araya toplamağı, Azərbaycanda demokratikləşdirməyə yardımcı olmağı vəd edən və Azərbaycan cəmiyyətinə “sən 1918-ci ildə demokratik bir cəmiyyət qurmusan”mesajını verən R.İzzətli görəsən niyə unudur ki, onun yaratdığı hərəkatın görəcəyi işlərin bəziləri ya başa catıb, ya da hazırki halda uğurla davam etdirilir. Məsələn, bu gün Azərbaycanın 1918-ci il demokratik cəmiyyətinin varisi olması həm ölkə daxilində, həm də bir çox xarici dövlətlərdə bir mənalı şəkildə çoxdan qəbul olunub. Bununla bağlı ölkədə və ölkə xaricində müəyyən dövlət tədbirləri keçirilib və s. Görəsən, lahiyə müəllifi bu gün bu missyanın faydasını nədə görür?! Digər tərəfdən “Azərbaycanda demokratikləşdirməyə yardımçı olmağın ” təşəbbuskarı kimi çıxış etməyi özünə borc bilən bu hərəkat nümayəndəsi Azərbaycana hansı demokratik yardım göstərəcəyini, bu yardımın nədən ibarət olacağını bilirmi? Görünür bu cür dolaşıqlıq hərəkət ətrafında qarışıqlığa səbəb oldu. Bir neçə gün ərzində 10-a yaxın şəxs istefa verərək təşkilatı tərk etdi.
Təşkilatının dağıldığını görən İzzətli Ruslan, Azərbaycan dövlətçiliyinin təməl sütunlarına qarşı çıxmağı da gözə alaraq gündəmə gəlmək üçün bu dəfə Türkiyədən özünə dəstək axtarmağa başlayır”.
“Tezliklə yenə də aldadacağı adamlar taparaq orada fəaliyyət göstərən “Osmanlı ocaqları”nınAzərbaycan təmsilçiliyi kimliyinə büründü. Əlbəttə,bu onun şəxsi işidir. Amma işin siyası tərəfi və vətəndaş məsuliyyəti ehtiyatlı olmağı tələb edir. Türkiyədə 2009-cu ildə yaranan “Osmanlı ocaqları” Osmanlı mədəniyyətinin təbliği ilə məşğul olduğunu iddia etsə də (görəsən XXI əsrdə buna ehtiyac varmı), təşkilatın siyasiliyi diqqətdən yayınmır. Bu özünün “Osmanlı ocaqları” andında da göstərir. Özlərini türk, kürd, laz,ərəb,çərkəz,ələvi,sünnü və s. adlandıran, “Yavuzun torunu” hesab edən, “Peyğəmbərin sancağını Osmanlı bayrağı”sanan təşkilat nümayəndələri indiki şəraitdə söhbətin nədən getdiyini, necə deyərlər, nəyin – nəyə qarışdırıldığını anlayırlarmı? Böyük Atatürk “Nə mutlu türküm deyənə” demişdi. Nə mutlu ərəb, laz, çərkəz, sünnü, ələvi və s. deməmişdi. Biz vətəni və milləti Atatürkdən nə çox sevə bilərik, nə də onun gələcəyi barədə ondan artıq düşünə bilərik. Yəqin ki, bu təşkilat nümayəndələri, o cümlədən R.İzzətli 1912-ci ildə Mehmet Əmin Yurdaqulun rəhbərliyi ilə təşkil olunmuş “Türk ocaqları”nın fəaliyyətindən xəbərsiz deyillər. Türkcülük ideyalarını əsas tutan bu qurum hal-hazırda da fəaliyyətini davam etdirir və türkcülük ideyalarını təbliğ edir. Bu mötəbər qurumun qarşısında Türkiyə və Azərbaycanın strateji türkcülük ideyalarından xeyli kənara çıxan, dini, məshəbi, əqidəni, siyasəti qarışdıran “Osmanlı ocaqları”nın yaranmasına nə dərəcədə ehtiyac var? Azərbaycan və Türkiyə bundan nə qazana bilər? Görəsən, Yavuzun “torunu” olanların Xətaiyə baxışı necədir? Kimsə Yavuz yerinə “Xətai torunu” desə qiyamət qopmazmı? və s. Tarixə bu cür birtərəfli yanaşmaq bizə bir şey verməz. Köhnə tarixi uğursuzluğumuzun bir qolundan yapışmağa nə ehtiyac? O Yavuz Sultan Səlim ki, Çaldıran savaşındakı qələbəsi Azərbaycan-Səfəvi dövlətinin zəifləməsinə səbəb olmuşdu. Bir daha deyirik, biz keçmişi təftiş etmirik, əksinə keçmişdəki təfriqələri bu günə daşıyanlara qarşı olduğumuzu açıq şəkildə bəyan edirik.
Azərbaycan tarixinə bələd olduğumuzdan bilirik ki, Osmanlı-Səfəvi münasibətləri tarixən hər iki qardaş xalqı bir-birinə qarşı qoyub, hələ də acısını çəkdiyimiz hadisələrə səbəb olub. Vaxtilə türk dünyasının iki böyük imperiyası olan Səfəvi ilə Osmanlının Avropa dövlətlərinin təxribatı nəticəsində üz-üzə gətirilməsi hər iki dövlətin zəifləməsinə, türk hegemonluğunun itirilməsinə səbəb olub. Lakin sonrakı dövrlərdə türk milləti öz itkilərinin səbəblərini aydınlaşdırmış və tarixdən düzgün nəticə çıxarmışdı.
Artıq Türkiyə və Azərbaycan vətəndaşları Atatürkün təbirincə desək sevinc və kədərlərini bərabər bölüşdürmək əzmindədir. Məxsusi olaraq ötən əsrin əvvəllərindən Türkiyə və Azərbaycan qardaşlaşmış siyasət yürüdürlər. Təsadüfi deyil ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onu tanıyan ilk dövlətlərdən biri Türkiyə olmuşdu. Artıq Azərbaycan və Türkiyə üçün Osmanlı-Səfəvi münasibətləri yox, qardaşlaşmış siyasət hakimdir”.
“Lakin təəssüf ki, zamanla bu keçmiş ədavəti yenidən qaldırmaq istəyənlər, hətta daha irəli gedib keçmişdə buraxdığımız sünni-şiə kimi qarşıdurmaları yenidən gündəmə gətirmək istəyənlər olur. Bu cür adamlar Ulu Öndər Heydər Əliyevin də dediyi kimi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında süni şəkildə milli, dini ayrıseçkilik salmaq, təfriqə yaratmaq istəyən şəxslərdir. Türkiyədəki bəzi dairələrin xoşuna gəlmək istəyən bu şəxslər dövlətçiliyimizə, tariximizə əks gedərək öz şəxsi maraqlarının həyata keçməsi üçün olmazın üsullara əl atır, ilk fürsətdəcə Azərbaycanın maraqlarını tapdalayırlar.
Çünki Türkiyədə keçmişi – Osmanlını təbliğ edən, modern Türkiyənin, Atatürk Türkiyəsinin dəyərlərinə qarşı çıxanlar əsl həqiqətin nədən olduğunu yaxşı anlayırlar. Türkiyədə qurulan, Azərbaycanla əlaqəsi olmayan, əksinə ölkəmizin dövlətçilik tarixinə, fəlsəfəsinə zidd olan “Osmanlı ocaqlari”nı Azərbaycanda təbliğ etmək, bununla da klassiklərimizin bizə miras qoyduğu türkçülüyə, Ulu Öndər Heydər Əliyevin bizi birləşdirən azərbaycançılıq ideologiyasına zidd olan görüşlərin yayılmasına rəvac vermək dövlətimizə və millətimizə qarşı çıxmaq deməkdir.
Bir zamanlar Səfəvi dövlətinin hakim olduğu ata-baba torpaqlarımızda yenidən hökmran olmaq, keçmişdəki gücümüzü bərpa etmək bizim ən ali məqsədimiz, dövlətçilik fəlsəfəmizi gələcək nəsillərə ötürmək bir nömrəli amalımız olduğu üçün bu gün bu istəyimizə qarşı çıxanların bizə parlamentdə vəkillik etmək istəyində olması utancvericidir.
Üstəlik “osmanliçiliği” təbliğ edən bir şəxsin Azərbaycan dövlətçiliyinin ən ali pilləsində qərar tutan Şah İsmayıl Xətainin adını daşıyan bir ərazidən namizəd olması isə tarixin bizə bir ironiyası olar. Sultan Səlimin nəvəsi olmaqla qürur duyan, Osmanlının təbliği üçün and içən İzzətli Ruslanın utanmadan Şah İsmayıl Xətainin adını qürurla yaşadan bir dairədən millət vəkili olmaq istəməsi həm böyük hökmdarın, həm tariximizin, həm də biz seçicilərin adına ləkədir.
İnternetdə araşdırma apararkən bəlli olur ki, “Osmanli ocaqlari” adlanan bu qurum Türkiyənin özündə də millətçi, türkçü qurumlara dava açmaq, onların liderlərini məhkəməyə verməklə məşğuldur. Hətta iddialara görə, bu ocaqlarda təmsil olunan gənclər Türkiyədə siyasi məqsədlərin küçədə həyata keçirilməsi üçün istifadə olunan qüvvələrdir. Bu ocaqlarda təmsil olunan gənclərin qəzet redaksiyalarına hücum etdikləri də deyilir.
Məsələn, İzzətli Ruslanın həmkarı, “Osmanlı ocaqlari” İstanbul Gənclik Qolları Başqanı Furkan Gök adlı şəxs Türkiyəni yasa boğan, 32 nəfərin ölümünə səbəb olan Suruc qətliamını həyata keçirən İŞİD simpatizianı üçün sosial şəbəkədə “canlı bombaya rəhmət, yaxınlarına səbr diləyirəm” yazmışdı. Bir terrorçuya rəhmət diləmək insanlıq adına utancvericidir”.
“Siyasilərin küçə siyasətində istifadə etdikləri bir qurumun Azərbaycanda təmsilçiliyinin yaradılması kimlərə lazımdır?
Tək hədəfi Osmanlı mədəniyyəti olduğu deyilən bu qruplaşma Azərbaycanda hansı hədəfini həyata keçirmək istəyir?
Tək hədəfinin Osmanlı olduğunu deyən bu qruplaşma İzzətli Ruslanı tarixi şəxsiyətimiz olan Şah İsmayıl Xətainin adını daşıyan dairədən namizəd olmasını istəməklə bizə qarşı psixoloji savaş açmış olmurmu?
Beləliklə, o qruplaşmanın Azərbaycandakı təmsilçisi olaraq tək hədəfinin Osmanlı olduğunu deyən, Sultan Səlimin əsgəri olduğuna and içən bir şəxsin şah babamızın adını daşıyan bir dairədən millət vəkili seçilmək istəməklə hansı gizli məqsədlərə xidmət edəcəyi bizim üçün artıq şübhə doğurmayan bir həqiqətdir.
Üstəlik, bir neçə il qabaq Türkiyədə başqa bir qruplaşmanın, dövlət içində dövlət yaratdığı iddia edilən “Paralel dövlət” adlı bir qruplaşma dövlətimiz tərəfindən ifşa edilmişdi. İndi də Türkiyədən qaynaqlanan başqa bir qruplaşma öz gizli məqsədlərini ölkəmizdə həyata keçirmək üçün İzzətli Ruslanın timsalında bir oyun qurub.
Türkiyənin qurucusu Atatürkə qarşı olan bu qruplaşmanın Azərbaycanda kimlərə xidmət edəcəyi apaçıq aydındır.
Türkiyədə gedən hakimiyyət oyunlarının ölkəmizə transfer etmək istəyənləri şiddətlə qınayır, milli maraqlarımıza qarşı çıxaraq bu oyunlarda istifadə olunan şəxslərin parlamentdə təmsil olunmaq istəyinə qarşı çıxırıq.
Çünki bir daha bəyan edirik ki, türkçülüyü yox, osmanlıçılığı təbliğ edən, Azərbaycan dövlətçilik siyasi xəttindən uzaq olan bir şəxsin Şah İsmayıl Xətainin adını daşıyan rayondan namizəd olmasına qarşıyıq, burada çirkin planların olduğuna əminik”.
33 saylı Xətai birinci seçki dairəsinin bir qrup seçicisi adından Rəşid Cabbarov, Elman Quliyev, Mirzə Musayev.