Modern.az

Polis rəisindən Ramil Usubova şikayət edildi - FOTOLAR

Polis rəisindən Ramil Usubova şikayət edildi - FOTOLAR

23 Sentyabr 2015, 10:56

Ucar rayonu 28 May küçəsi, ev 17 ünvanında yaşayan İlyas Mirabdulla oğlu Əhmədov Modern.az saytına yazdığı şikayət əzrizəsində Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Tahir Quliyevdən narazılığını bildirib
Şikayətçinin sözlərinə görə, polis rəisi Tahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib onun və ailə üzvlərinin 7250 manat pulunu vermir.

İlyas Əhmədov yazır:

“Bu ilin yanvar ayında polis rəisi Tahir Quliyevə məxsus  Bərdə rayonu  ərazisində yerləşən möhtəşəm "Qızıl balıq"  otel-restoranının tikntisinin kafel-metlax və taxta işlərini gördük. 5 hektardan çox ərazini əhatə edən həmin otel-restoranda böyük binalar, 15 ədəd kiçik ev (“domik”lər), çoxlu sayda “besedka”lar var. Atam, mən və iki qardaşım 6 ay burada gecə-gündüz zəhmət çəkib işlədik. Polis rəisindən pulumuzu istədikdə üstümüzə qışqırıb bizi həbs etdirəcəyi ilə hədələyib qovdu və pulumuzu vermədi. Biz ustayıq bu tikinti işi çox geniş olduğundan özümüzlə Ucar rayonundan Bərdəyə 10 nəfər fəhlə də aparmışdıq. Polis rəisi pullarımızı vermədiyi üçün məcbur olub "Ford" markalı şəxsi avtomobilimizi  5500 manata satıb, fəhlələrin pulunun bir hissəsini  verdik, bir hissəsi isə qaldı. İndi isə çıxılmaz vəziyyətdə qalmışıq. Çünki fəhlələri biz aparmışdıq, onların pulunu verməliyik, hələ öz zəhməthaqqımızı demirik. Düz 6 ay polis rəisinə möhtəşəm bir otel-restoran inşa etmişik. Qeyd edim ki, Tahir Quliyev bundan əvvəl Ucar Rayon Polis Şöbəsinin rəisi idi, bu ilin  iyun ayında Oğuz RPŞ-nə rəis təyin edilib. Tahir Quliyev əslən Bərdə rayonundandır. İmkanı da çox-çox genişdir.10.000 başdan çox qoyun sürüsü, Bərdə rayonunda iki böyük quşçuluq broyleri var. Ancaq bu boyda imkanlarının olmasına baxmayaraq,  bizim haqqımızı yeyib. Ailəmiz bu barədə daxili işlər naziri Ramil Usubova və digər ali orqanlara şikayət ərizəsi yazıb, kömək istəyirb. Biz mətbuat vasitəsilə də cənab Ramil Usubovdan xahiş edirik: Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Tahir Quliyevin bizə olan borcunun ondan almağımıza kömək edin!”.

Şikayətçi aidiyyatı qurumların onan inanmağı üçün öz şəklini, şəxsiyyət vəsiqəsinin surətini, çalışdığı obyektin fotolarını da məktubuna əlavə edib.

Modern.az saytı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdı.














Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi