Modern.az

Azərbaycanlı deputat “Hippokrat ordeni” ilə təltif edildi

Azərbaycanlı deputat “Hippokrat ordeni” ilə təltif edildi

Təhsil

23 Sentyabr 2015, 12:38

Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev  bu günlərdə Beynəlxalq  Mükafat Birliyinin İctimai Təltif Şurası tərəfindən 1-ci dərəcəli “Hippokrat ordeni” ilə təltif olunub. 

Modern.az saytı xəbər verir ki, deputat bu beynəlxalq mükafatla sosial müdafiə və  səhiyyə qanunvericiliyi sahəsində dünya standartları səviyyəsində təkmil olan qanunların və digər qanunverici sənədlərin hazırlanması və qəbulu sahəsindəki  fəaliyyətinə, eləcə  də beynəlxalq əməkdaşlığa verdiyi töfhələrə  görə təltif edilib.

Musa Quliyevin hazırladığı və onun təqdimatı ilə qəbul olunmuş iki qanun (“Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında” (2001) və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” (2014) qanunlar) BMT-nin Uşaq Fondu (UNİSEF) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən üzv ölkələr üçün model qanun kimi tövsiyyə olunub.

Qeyd edək ki, Musa Quliyev tibb elmi və səhiyyənin müxtəlif sahələrində dünya insanlığı üçün xüsusi xidmətləri olan görkəmli şəxslərin təltif olunduğu bu ali mükafata layiq görülən ilk azərbaycanlı millət vəkilidir.

Baş Ofisi Cenevrə şəhərində yerləşən Beynəlxalq  Mükafat Birliyinin Ordeni həmyerlimizə təşkilatın Moskva Bürosu tərəfindən təqdim edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı