Modern.az

Komfort xiffəti və keçmiş xidmətləri silaha çevirmək

Komfort xiffəti və keçmiş xidmətləri silaha çevirmək

23 Sentyabr 2015, 12:55

YAP-ın köhnə komandasını təşkil edən, indi əməlli yaşı olan üzvlərində, sanki bəhsləşmə formasında aparılan bir müxalifətçi ruhu var. Radikallara aid mətbuatın səhifələri onlar üçün ən yaxşı giley-güzar, kin-küdurət, küskünlük, ittiham tribunasına çevrilib. Az qala, hər gün bir ahılın simasında iqtidar partiyasına qarşı cəbhə açılır.  

Bu, kreslo, karyera  xiffətinin əlamətidir; keçmiş komfortdan qopmaq insanın içini narazılıqla qaynadır, yoxuşdan enişə düşmək hakimiyyətin əleyhidarları üslubunda danışmağa sövq edir.

Daha dərin məna vermək çətin deyil: parlament seçkiləri kampaniyası gedir, birinin marağında YAP-ın hansısa rəsmilərindən bir kobud kəlmənin qisası üçün hakimiyyətin xarakterinə bu üsulla  diqqət cəmləmək, digərinin niyyəti elə  bu ərəfələrdə yüksək könüllərə düşmək jestini bacarmaqdır. 

Ən maraqlısı nədir? Hər biri 20 il bundan əvvəl Heydər Əliyevin yanında olmağı, YAP-ı inşa etməyi elə bir silah kimi istifadə etməyə çalışır  ki,  saqqız kimi çeynənən, bezdirici bu məqama, xidmətə görə, elə bil hakimiyyət ömrüboyu həmin insanları kürəyində daşımalıdır.


Bu xidmətin qarşılığı çox əvvəllərdə artıqlaması ilə ödənildi-həm də hər bir kəsə. Uğurların, etimadın eyforiyasından doğan səhvlər birini Amerikada, digərini başqa Qərb ölkəsində ömürlük qəribə çevirdi, tam başqa birisi öz ocağında həmişəlik siyasi lala döndü. Kimlər ki, münasibətlər ciddi zədələnmədən yolu yalnız eimi-pedaqoji sahəni, bir baba missiyasını yerinə yetirməyi seçməklə ayırdı, onlar öz talelərinə şükür etmək, keçmişə minnətdarlıq hissini qorumaq, gözəl xatirələri kölgələməmək, gözütoxluq əvəzinə, YAP-ı qurmaq, Heydər Əliyevə canını fəda etmək (!?) faktından ömrünün sonuna qədər yaxşı həyat təminatının əsası kimi istifadə etməyə çalışır. Həm də çalışmır, dava edir.

Bəziləri bəlkə utanmadan deyər ki, bu hakimiyyət, hətta onlardan davam edən şəcərəyə də borcludur.  Halbuki, Heydər Əliyevi yaman sözlərdən qorumaq, partiya quruculuğunda ona iştirakı ilə dəstək vermək öz qarşılığını on illik deputatlıqdan, on illik vəzifədən  artıq daha nə ilə almalıdır ki? Hələ üstəlik, ortada şər, böhtan yoxdursa, həyat sakit şəkildə davam edirsə.

Görəvinin başında, mötəbər kürsülərdə olduqları vaxtlarda hakimiyyətin siyasəti haqqında, seçkilər barəsində standart düşüncələrdən sapdırmaq çətin olardı. Ruhən azad ola bilməmək yalanların müdafiəçilərini yersiz, mənasız məddahlara çevirmişdi. İndi onlar fərqinə varmadan belə, öz nitqləri ilə seçkinin gizlinlərini de-şifrə, özlərinin də seçildikləri keçmiş seçkiləri təyinat əsaslı proses kimi təqdim edirlər. Zamanında  deyil, taxtından endikdən sonra şüurlu-şüursuz dilə gətirilən təkcə elə bu məqam öz siyasi keçmişinə bir nömrəli xəyanətdir.  

Üstəlik, gəncliyin potensialına ironik yanaşma, qabağa məhz köhnələrin perspektivi ilə baxmaq düşüncəsi yeni nəslin xəyallarına, onlarla davam edən  gələcəyə də xəyanətdir.

YAP-ın hazırkı rəhbərliyi hər dəfə başa qaxınc edilən “biz qurmuşuq, biz özümüzü fəda etmişik” nidaları altında ən yaxşı dövlət tapşırıqlarını, millət vəkili kreslolarını Heydər Əliyevin ətrafında olmuş insanların bütünlüklə hamısının monopoliyasına verə bilməz. Bu məntiqlə biz Elçibəy dönəminin vəzifəyə gətirilən gitara çalanlara, meydan dövründə azadlıq mücadiləsi aparan, bu yolda başı yarılan fəhlələrin fağır eks-prezidentdən kreslo təmənnasına da haqq qazandırmalıyıq.

Ən yüksək fəzilət sahibi ilə də yol bir gün ayrılır. Hakimiyyət  Heydər Əliyevə xidmətin qarşılığında ömürlük mandat, parlament komissiyasının sədri, ya ayrı bir etimad məsələsində heç kəslə əhd-peyman bağlamayıb. Partiyada hüdudsuz qalmaq, hüdudsuz xidmət etmək olar, amma hüdudsuz dəyəri, bütün anlamlarda hamıya göstərmək mümkün deyil. 

Həm də, YAP bütün keçmişi ilə keçmişdə qalırsa, partiyanın yaşamı, inkişafı neçə illərdir,  növbəti nəsillərlə davam edirsə, əskiləri geridə qoymaq, bəlli xidmətkarları yaxşı təminat baxımından unutmaq, onların siyasi tənhalıq   prosesini təbii şəkildə cağdaşlar özləri başladır.

Onlar da haqqı çatanı almağa çalışır və bəzən dövlət idarələrinin qapısını axsaya-axsaya açan, parlament intizamına qocalığı ucbatından əməl edə bilməyən, bununla belə, könüllü getmək qərarı verməyib, yerini qamarlayanın uşaq ərköyünlüyü nə qədər haqqı çatan yeni, gənc  simaları təkrar gözləmə mövqeyinə məcbur edir.

Gənclik təkcə fiziki qüvvəsi, enerjisi, karyera arzuları, yaxşı  xəyalları ilə qiymətli bir dəfinədir. Köhnələrlə yenilərin rəqabətində ən böyük düşmən YAP deyil, təbiətdir. Hakim təşkilatın təməl daşlarının atılmasında rolu olanlar yersiz gileyləri düzgün vicdani qərarlara dəyişib, iqtidar partiyasına imkan verməlidir ki, o, bu dəfinədən bütün sahələrdə istifadə edə, onlara həyat və dövlətçilik təcrübəsi qazandıra bilsin. Çünki söz və haqqını alma  sırası onlardadır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi