Modern.az

Orxan Fikrətoğlunun kitabı Türkiyənin kitab bazarında

Orxan Fikrətoğlunun kitabı Türkiyənin kitab bazarında

Ədəbiyyat

23 Sentyabr 2015, 14:33


Azərbaycanın tanınmış yazıçısı Orxan Fikrətoğlunun “Ölü mətn” kitabı Türkiyədə yerli türkcəyə çevrilərək çap olunub. “İz” nəşrlər evinin çap etdiyi kitab Türkiyədə satışa çıxarılıb.

İstanbulda keçirilən təqdimatda bir neçə ölkədən qonaqların gəlməsi də kitabın nüfuzundan xəbər verir. “Ölü mətn” kitabı bir neçə il bundan əvvəl ərsəyə gəlib. Azərbaycan ədəbiyyatının ilk post-sufi romanı sayılır və 100 illik tarixdə Azərbaycan həqiqətləri əks olunur.

Modern.az-a açıqlama verən Orxan Fikrətoğlu kitabın bir müddət sonra Almaniyada da nəşr olunacağını bildirib:

“Təqdimatda əvvəlcə “İz” nəşrlər evinin direktoru  və Türk Yazarlar Sindikatı rəhbərliyinin çıxışı oldu. Çox möhtəşəm təqdimatı keçirildi. Kitab Almaniyada da çap ediləcək. Rusiyada da bir başqa kitabımın çapı gözlənilir.  Kitabın çapında əsas məqsədimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Fərqi yoxdur, ya yazıçı, ya hüquqşünas olsun, hər bir azərbaycanlının borcudur ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırsın. Avropada, Amerikada hamı bilməlidir ki, Azərbaycanda yaşayanlar dünyanı anlayan, prosesləri dərindən dərk edən insanlardır. Bunun xüsusilə də Türkiyədə çıxması mənim üçün çox mühümdür. “İz” nəşrlər evi Türkiyənin elit nəşriyyatlarından sayılır. Ona görə də burada hər kitabın çapına icazə verilmir. Yəni kütləvi nəşriyyat deyil. Əvvəllər Türkiyədən olmayan adamların əsərlərini əsasən solçu, yaxud digər siyasi zümrədən olduqları üçün çap ediblərsə, bizdə təbii ki, belə olmadı. Yalnız əsərə və həmin əsərdəki Azərbaycan həqiqətlərinə görə kitab Türkiyədə çap edildi. Əvvəlcə anonim şəkildə beş ayrı redaktora təqdim edildi. Onlar çox bəyəndilər və Türkiyənin kitab bazarında uğur qazana biləcəyini dedilər”.

Elmin NURİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu