“Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarına təhlükə törədir.” Modern.az xəbər verir ki, bunu Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməsini şərh edərkən deputat Azay Quliyev deyib.
Millət vəkili qeyd edib ki, bu qətnamə Avropa İttifaqı və neftlə zəngin olan Azərbaycan arasında diplomatik böhrana səbəb olur.A.Quliyev bildirib ki, Azərbaycanda demokratik təsisatlar azad şəkildə fəaliyyət göstərir.
Onun sözlərinə görə, Azərbaycanda QHT-lər, media orqanları, siyasi partiyalar və vətəndaş cəmiyyətin bütün elementlərinin sərbəst şəkildə fəaliyyəti təmin edilib.
“Minillərdən bəri multikultural dəyərləri uğurla qoruyub saxlayaraq inkişaf etdirən, dünyaya örnək model kimi göstərilən Azərbaycanın əldə etdiyi nailiyyətlərdən narahatlıq keçirən dairələr var. Sirr deyil ki, belə qüvvələrin sırasında ilk yerdə erməni diasporu dayanır”. - deyə A.Quliyev vurğulayıb.
Onun fikrincə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu nə Ermənistan, nə Gürcüstan, nə də Moldova ilə müqayisə edilə bilər: “Bu günlərdə Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın “Milli Azadlıq Hərəkatı” İctimai Birliyinin rəhbəri Vaan Martirosyanın məruz qaldığı zülmlər haqda verdiyi bəyanat buna sübutdur”. (Axar.az)
Modern.az