Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə «Vicdana çağırış» Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün bu təşkilatın təsisçisi və prezidenti Ravvin Artur Şnayerin dəvətilə ABŞ-ın Nyu-York şəhərində rəsmi səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Yubiley mərasimindən öncə Şeyxülislam A. Paşazadə Nyu-Yorkda «Vicdana çağırış» Fondunun Prezidenti A. Şnayerlə görüşüb. Görüşdə müxtəlif mövzular, ələlxüsus, dinlərarası dialoqa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra QMİ sədri mərasimə dəvət olunmuş bir sıra tanınmış dövlət və din xadimləri, o cümlədən, BMT Baş katibinin müavini Yan Eliasson, YUNESKO-nun Baş direktoru İrina Bokova, BMT Sivilizasiyalar Alyansının yuksək nümayəndəsi Naser Əl-Nassir, ABŞ yunan pravoslav kilsəsinin rəhbəri arxiyepiskop Demetriosla, Finlandiya, İsveç və b. ölkələrin rəsmiləri ilə görüşlər keçirib.
Vatikanın Vaşinqtondakı nümayəndəsi Kardinal Mak Karrik ilə görüş zamanı Şeyxülislam A. Paşazadə Müqəddəs Taxt-Tacla ölkəmiz arasında münasibətlərin yuksək səviyyəsini rəğbətlə vurğulayıb. QMİ sədri dinlərarası dialoq sahəsində əlaqələri genişləndirmək məramı ilə Vatikan kardinalı Mak Karriki Azərbaycana səfərə dəvət etdi. Azərbaycandakı nümunəvi multikulturalizm və tolerantlıq mühiti haqqında çox eşitdiyini bildirən Kardinal Mak Karrik dəvəti məmnuniyyətlə qəbul etdiyini və tezliklə Bakıya səfər etmək niyyətində olduğunu dilə gətirib.
İkitərəfli görüşlər çərçivəsində Şeyxülislam A. Paşazadə, həmçinin, Amerika erməni kilsəsinin başçısı Arxiyepiskop X.Barsamyanla görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulanıb.
Nyu-Yorkda keçirilən görüşlərdə Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müşayiət edib.
Modern.az