Qurban bayramı günləri paytaxt Bakıya təşrif buyuran əcnəbilər qarşılaşdıqları mənzərələrdən, baş şəhərin gözəlliyindən məmnun olsalar da, yol polisi əməkdaşlarının çoxluğundan heyrətə düşüblər.
Həmin vaxt şəhərimizə daha çox İran, Türkiyə və ərəb ölkələrindən qonaq gəlib.
Bundan başqa, Avropa ölkələrindən, Rusiyadan da turist kimi Bakıya səfər edənlər az olmayıb.
Modern.az saytının əməkdaşı əcnəbilərin bayram təəssüratlarını soruşub.
Bakının inkişafından danışan İran və Türkiyədən olan qonaqlar şəhərin hər küçəsində yol polisi əməkdaşlarının dayanmasını təəcüblə qarşıladıqlarını dilə gətiriblər. Onlar indiyədək dünyanın hansısa ölkəsində belə vəziyyətlə qarşılaşmadıqlarını söyləyiblər.
Azərbaycanda təhsil alan türkiyəli tələbə hətta Bakıda yol polislərinin sayının İstanbul polisindən çox olduğunu həyəcanla dilə gətirib.
Avropa ölkələrindən olan qonaqlar isə bunu “dəhşət” adlandırıblar. Bu deyilənləri nəzərə alsaq, bayram günlərində yol polisləri tərəfindən Bakının imicinə böyük zərbə vurulduğunu demək olar.
Modern.az