Bəzi ali təhsil müəssisələrinin müxtəlif fakültələrini bitirənlərin sayının qəbul olunanlardan çox olması ilə bağlı yazı hazırlamışdıq. Bununla bağlı hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından da açıqlamalar verilir. Modern.az məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışsa da bildirilmişdi ki, tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya fakültələrin dəyilşdirilməsi təhsil nazirinin əmrinə uyğun həyata keçirilir. Həmin vaxt neçə tələbənin köçürülməsi haqda məlumat verilməmişdi.
Təhsil Nazirliyindən Modern.az-ın ötən tədris ilində nə qədər tələbənin köçürülməsi ilə bağlı növbəti sorğusuna cavab olaraq bildirilib ki, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a görə, tələbənin təhsil aldığı ali təhsil müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında rektorun əmri ilə həyata keçirilir. Bu səbəbdən belə köçürmələrin statistikası aparılmır.
“Eyni zamanda bildiririk ki, 2015-ci təqvim ilinin II rübündə (aprel - iyun) tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi barədə nazirliyə 209 müraciət daxil olub”-deyə Təhsil Nazirliyindən sorğumuza verilən cavabda vurğulanıb.
Aytən ZƏHRA