Modern.az

Bakıda “London taksiləri”nin gedişhaqqı artırıldı

Bakıda “London taksiləri”nin gedişhaqqı artırıldı

İqtisadiyyat

28 Sentyabr 2015, 15:29

“Bu gündən Bakı Taksi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “London taksiləri”ndən istifadə etmək istəyən sərnişinlər 2 manat deyil, 3 manat ödəməli olacaqlar. Qiymət artımı bütün “London taksiləri”nə şamil olunmur, yalnız üzərində “sarı xətt” olanlara aiddir”.

Bu haqda Modern.az saytına Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Nazirlik rəsmisi bunu həmin taksilərin daha komfortlu olması ilə əlaqələndirib:

“Yeni “London taksiləri”nin üzərində sarı xətt var. Məhz həmin taksilərdə gediş haqqının artırılması tətbiq olunmağa başlayıb. Bu barədə taksinin şüşəsində də elan yazılıb (0-3 km - 3 manat). Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. 3 kilometrdən sonra 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödəməlidir.

3 manat sərnişinlərə çox görünə bilər. Amma nəzərə almaq lazımdır ki, digər taksi xidmətlərində sayğac 1 manat yazsa belə, sərnişin 3 km üçün 3 manat 10 qəpik ödəyir.

Həm də nəzərə almaq lazımdır ki, taksi fəaliyyəti zamanı yanacaq sərf olunur, sürücü sifariş edilən əraziyə gedir. Dünya praktikasında da belədir ki, kimsə 1 manatdan ötrü taksi fəaliyyəti ilə məşğul olmur”.

Şəfa Mehmanqızı məsələ ilə bağlı sərnişinlərə müraciət ünvanlayıb:

“Biz vətəndaşlara tövsiyə edirik ki, ictimai nəqliyyat kimi avtobuslardan istifadəyə üstünlük versinlər. Əgər kiminsə yolu uzaqdır və daha komfortlu vasitədən istifadə etmək istəyirsə, o zaman Bakı Taksi Xidmətindən yararlana bilər. 3 km üçün 3 manat çox məbləğ deyil. Sərnişinin gedəcəyi yol 3 km-dən azdırsa, avtobuslara müraciət edə bilər. Çünki, 3 km-dən az məsafə üçün 3 manat ödəmək vətəndaşa sərf etmir. Onu da diqqətə çatdırım ki, “London taksisi”ni idarə edən sürücülər aylıq maaşla çalışırlar”.

Şəfa Mehmanqızı bildirib ki, layihə özünü doğruldarsa, paytaxt ərazisində taksilərin sayı artırılacaq.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama