Modern.az

Türk xalqlarının folkloru dünya elm adamlarının maraq dairəsində

Türk xalqlarının folkloru dünya elm adamlarının maraq dairəsində

29 Sentyabr 2015, 10:18

Sentyabr ayının əvvəlində Türkiyənin paytaxtı Ankarada, dünyanın ən tanınmış təhsil ocaqlarından biri olan Hacettepe Universitetində “İnterim Conference of the İnternational Society for Folk Narrative Research” (Beynəlxalq Folklor Söyləyiciliyi) adlı məşhur qurumun “Folklor söyləyiciliyi və mədəniyyət” mövzusunda beynəlxalq konfrans düzənlənmişdi. Dünyanın 60 ölkəsinin elm adamlarının, folklor nəzəriyyəçilərinin dəvət olunduğu konfrans bir neçə dövlət qurumlarının, o cümlədən, TİKA-nın (Türk İşbirliyi və Koordinasiya Təşkilatı) sponsorluğu ilə baş tutmuşdu.

Məlumat üçün deyək ki, Hacettepe Üniversiteti 1982-ci ildə qəbul edilən 2809 saylı Yükseköğretim Qurumları Təşkilatı Qanununa əsasən 14 fakültə, 14 institut, 2 ali məktəb, 1 konservatoriya, 6 məslək ali məktəbi, 92 araşdırma mərkəzi ilə fəaliyyətə başlayıb. Konfrans bu universitetin “Müqayisəli folkloristika” fakültəsində həmin bölmənin müdiri, professor Özkul Çobanoğlu, professor Murad Tuncer və İSFNR-in prezidenti, professor Ulrich Marzolpun təşkilatçılığı ilə baş tutmuşdu. Sözügedən bu möhtəşəm beynəlxalq konfransda bütün çıxışlar və müzakirələr ingilis dilində aparılırdı.

Sentyabrın 1-də Bəytəpə kampusuna aid olan “Bəyaz ev” restoranında qarşılanma mərasimi keçirildi. Burada tədbirin təşkilatçıları, iştirakçıları və qonaqlarla “kokteyl” ətrafında xoş atmosfer şəraitində isti görüş və tanışlıq oldu. Növbəti gün açılış sessiyası, Ö.Çobanoğlunun və U.Marzopun, eyni zamanda plenar iclasda ABŞ-dan gəlmiş folklor nəzəriyyəçisi, professor Dan Ben-Amosun çıxışları dinlənildi. 

İlk üç gün ərzində əsasən türk xalqlarının folklorunun ayrı-ayrı janrları və onların müqayisəsi, folklor nəzəriyyəsi, söyləyicilik problemi və ədəbiyyatın digər sahələri haqqında maraqlı məruzələr dinlənildi, prezentasiyalar göstərildi. Ən diqqət çəkən məruzə mövzuları arasında “Osmanlı dönəmində şifahi və yazılı ədəbiyyat ənənələri arasında qarşılıqlı əlaqə”, “Sovetlər İttifaqı zamanında söyləyicilik problemləri”, “Qədim Koreyalıların yas mərasimləri”, “Tatar əfsanələrində İslam motivləri”, “Kosovoda maddi və mədəniyyət elementləri”, “Altay türklərinin eposlarında “şeytan” obrazı”, “İslamda və Xristianlıqda müqəddəslər haqqında əfsanələr”, “Anadolu Zeybək mahnılarının söyləyicilik formulları”, “Qaraçay-malkarların müqəddəs yerləri haqqında əfsanə və inanclar” kimi mətnlər vardı. Konfrans iştirakçıları dünyanın bir çox ölkələrindən – ABŞ-dan, Böyük Britaniyadan, Almaniyadan, Avstriyadan, Kosovadan, Rumıniyadan, Rusiyadan, Dağıstandan, Hindistandan, Yaponiyadan, Orta Asiya ölkələrindən, Tatarıstandan, Azərbaycandan təşrif buyurmuşdular. Azərbaycanı Folklor İnstitutunun elmi işçiləri Vəfa İsgəndərova və Aynur Qurbanova təmsil edirdilər.

Onu da vurğulamaq istərdik ki, olduqca zəngin və rəngarəng olan konfrans iki məkanda – həm Hacettepe Universitetində, həm də sonuncu sessiya günü və bağlanış törəninin keçiriləcəyi Karabük Universitetinin “Beynəlxalq əlaqələr” bölməsində oldu. Ankarada, Hacettepe Universitetindəki son dayanacaq Keçiören Bələdiyyəsində çox gözəl bir məkanda, açıq havada qurulan şam yeməyində baş tutdu. Burada da maraqlı həmsöhbətlərlə təmsil etdiyimiz ölkər haqqında söhbətlər etdik, qarşılıqlı diskussiyalar apardıq. Eyni zamanda əyləncəli bədii hissədə məşhur “Seymən” rəqsini canlı-canlı izlədik. Sərin dağ havası, ləziz Anadolu mətbəxindən olan təamlar və türk qəhvəsi, əgər belə demək mümkündürsə, ağır iş günündən sonra bizi çox məmnun etdi. Gecənin sonunda daha bir sürprizlə qarşılaşdıq, sən demə, konfrans iştirakçılarından biri, tanınmış amerikalı folklorşünas alim Dan Ben-Amosun doğum günü imiş. Xanımı ilə bərabər hamı onu təbrik etdi, sevincinə qoşuldu və rəqs truppasının aktyorları ilə birgə hamılıqla xatirə şəkilləri çəkildi.    


Sentyabrın 4-ü səhər yolumuz Ankaradan 200 km. Şimalda yerləşən Karabük şəhərinə və onun əsrarəngiz gözəlliyi ilə dillərdə dastan olan ilçəsi  Safranboluya idi. Yol boyu Azərbaycan xalq mahnılarını, Anadolu türkülərini oxumaq, komandamıza yeni qoşulan qonaqlarla dadlı-duzlu söhbətlər etmək çox xoş idi. Günortadan sonra bizi oraya aparan avtobuslardan enəndə gözlərimizə və qulaqlarımıza inana bilmədik. Bizi qarşılayan zurna-balabanın səsinini, qədim türk rəqs havalarının sədasının şirinliyini sözlə təsvir etmək mümkün deyil. Sanki bizim gəlişimiz üçün toy-büsat qurulmuşdu.

Beləliklə, Karabükün Universitetində, Aplarslan zalında Universitetin rektoru, professor Refik Polat, Karabük bələdiyyə başçısı Rafet Vergili, Safranbolu bələdiyyə başçısı, doktor Necdet Aksoy və digər məsul şəxslər konfransın davamını açıq elan etdilər. Burada fərqli akademik seksiyalarda baş tutan məruzə və müzakirələr də folklor araşdırıcıları üçün kifayət qədər faydalı və maraqlı idi. Məsələn, “Epik sehrli mətnlər və ya İncildə vəyh və təhkiyə arasında korrelyasiya”, “Ankaranın qeyri-maddi irsi”, “Kosovo türklərində adqoyma mərasimləri”, “Kazan haqqında tarixi əfsanələr”, “Kıbrıs türklərinin sehrli nağıllarının söyləyicilik ənənəsi”, “Türk mədəniyyətində ilan obrazı” kimi məruzə mətnləri müzakirələrə səbəb oldu. Xüsusi qeyd etmək istərdik ki, Qərbi Avropa və ABŞ-dan gəlmiş konfrans iştirakçıları üçün daha çox türk xalqlarının folkloru və mədəniyyəti maraq oyadırdı. Yəni ən qızğın müzakirələr də məhz türk mifoloji mətnləri ətrafında olurdu.

Burada bir haşiyəyə çıxmaq istərdim: konfransın gedişatı zamanı Karabük Universitetinin Beynəlxalq Əlaqələr bölümündə çalışan bir azərbaycanlı xanım müəllimlə - Mərziyyə Məmmədli ilə tanış olmaq məni çox sevindirdi. Bir tərəfdən həmyerlimlə, Bakıda eyni fakültədə təhsil aldığım insanla görüşmək sevinci, digər tərəfdən isə istedadlı azərbaycan xalqının gənc bir nümayəndəsinin burada dərs deməsinə görə qürur duyduğum anın sevinci...

Nəhayət, hər günkü kimi axşam saat 8-də iclas salonlarındakı elmi məruzələrin müzakirəsindən sonra Safranbolu bələdiyyəsinin “Cinci han sarayı”nda düzənlədiyi axşam yeməyi və “Xına” mərasiminə də qatıldıq. Şounu göstərən qızların incə rəqsləri və həzin musiqi sədaları yorğunluğumuzu aradan qaldırdı. Sonra bu qədim məkanın “Akçe konakları” adlı qədim qonaq evində Safranbolunun gözəlliyindən doymamış dincəlməyə getdik. Bəli, Safranbolu bu dünyanın yer üzündəki cənnətidir, desək, yanılmarıq. Adı orada yetişdirilən nadir və faydalı bitki olan zəfəranın adı ilə əlaqədardır. Onun əsrarəngliyini, gözəlliyini, nəfisliyini, tarixini təsvir etmək üçün söz yetməz. 51 min əhalisi, 1000 km² ərazisi olan Safranbolu klassik Osmanlı arxitekturasına aid olan tikililərinə, abidələrinə görə 1994-cü ildə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil olub.


Səhəri gün də bu nağıllar aləmində doyunca gəzdik, Yörük kəndində yaşayan insanların həyat tərzi ilə yaxından tanış olduq, orta əsrlərə aid olan “Kaymakam evi” muzeyini, bir neçə qədim türk hamamını ziyarət etdik. Həmçinin “Turkish delight” adı ilə bütün dünyada tanınan təamın – zəfəranlı şirniyyatların hazırlandığı məkanda da olduq. Hər zaman sevə-sevə daddığımız “rahat lokum”ların hazırlanması prosesini yaxından izləyə bildik. Bir sözlə, bu gözəl məkana yenidən qayıtmaq arzusu ilə axşam saatlarında oradan ayrılıb Ankaraya döndük.

Vətənə dönən gün hava limanına gedəcəymiz saata az qalmış Azərbaycan Xalq Cumhuriyyətinin banisi, görkəmli dövlət xadimi, istedadlı yazar və publisist Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etməsək, bunu özümüzə bağışlaya bilməzdik. Çünki bu bizim vətəndaşlıq borcumuz idi. Bu dahi şəxsiyyətin Ankara Cebeci Asri Məzarlığındakı məzarının baş ucunda dalğalanan, bir kərə yüksələn və bur daha enməyən Azərbaycan bayrağı və dost Türkiyə bayrağını yan-yana görmək çox qürurverici idi...  

Beləliklə, olduqca zəngin proqramı və elmi səviyyəsi olan, bizim üçün çox faydalı və maraqlı olan, dünyada öz möhürünü vuran İSFNR-2015-in “Xalq söyləyiciliyi və mədəniyyət” adlı beynəlxalq elmi konfransı başa çatdı.

İnşallah, bir gün sözügedən təşkilatın növbəti simpoziumlarından birinin Bakıda keçiriləcəyinə inanırıq.

 

Vəfa Zahid qızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var