Modern.az

BDU professorunun məqaləsi dünyanın nüfuzlu jurnalında

BDU professorunun məqaləsi dünyanın nüfuzlu jurnalında

29 Sentyabr 2015, 11:46

Thomson Reuters indeksli Ərəb Ədəbiyyatı jurnalı (Journal of Arabic Literature) 2015-ci il, 46-cı sayında (səh. 1-33) AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar institutunda saxlanılan qədim əlyazma  - İsmayıl əl-Cövhərinin “Sihah əl-arabiyyə” lüğətinin Bakı nüsxəsi barədə məqalə dərc edib. “Ərəb ədəbiyyatına dair haşiyə yazıları”: İsmayıl əl-Cövhərinin ‘Tac əl-luğa va Sihah əl-arabiyyə’ əsərinin Bakı əlyazma nüsxəsi” adlı məqalənin müəllifi Bakı Dövlət Uniersitetinin professoru, ərəbşünas alim Aida Qasımovadır.

Məqalə barədə Modern.az-a danışan Aida Qasımova bildirib ki, məqalənin maraq doğurmasına səbəb bir leksikoqrafik lüğətin ən qədim əlyazma nüsxəsinin ədəbiyyatşünaslıq müstəvisinə cəlb edilməsidir. Dünyanın bir çox kitabxanalarında “Sihah”- ın əlyazma nüsxələri vardır və bu əsərə onlarla tədqiqat həsr edilib. Məqalənin yeniliyi sırf dilçilik əsərinin ədəbiyyatşünaslıq baxımından araşdırılmasıdır. Hal-hazırda müxtəlif elm sahələrinin bir araya gətirilməsinin əhəmyyətini vurğulayan alim bildirib ki, tədqiqatının məhz interdissiplinar xarakteri jurnalın redaksiya heyətinin diqqətini cəlb etib. İlkin anonim rəyçilərin təklifi ilə jurnalın redaktoru, Kolumbiya Universitetinin professoru Mühsin əl-Musavi Livan alimi mərhum Rəmzi Bəəlbəkinin ailəsi ilə əlaqə saxlayıb onun qədim ərəb izahlı lüğətlərində poeziya məsələləri ilə bağlı bir sıra əsərlərinin Aida xanıma göndərilməsinə kömək göstərib.  Aida xanım bu məqaləni lazımi səviyyəyə çatdırmaq üçün onun üzərində  altı aydan artıq işlədiyini bildirib və Əlyazmalar İnstitutunun mərhum direktoru Məmməd Adilovun, eləcə də Paşa Kərimovun “Sihah” üzərində araşdırma aparması üçün ona şərait yaratmasını xüsusi minnətdarlıqla vurğulayıb.

Aida xanım qeyd edib ki, tədqiqat zamanı  bu əlyazma nüsxəsinin Bağdad Nizamiyyə mədrəsəsində köçürüldüyü qənaətinə gəlib. Əlyazmanın dəyəri yalnız onun qədimliyində (XII əsrin əvvəli) deyil, həm də Xətib Təbrizi, əl-Hərəvi, Mauhub əl-Cəvaliqi kimi alimlərin lüğətin əlyazma nüsxələri üzərində işləyərkən  onun haşiyələrində bir sıra qeydlər etmələri və bu qeydlərin də səliqə ilə Bakı nüsxəsində əks olunmasıdır.

Həmin qeydlərin əksəriyyəti İsmayıl əl-Cövhərinin lüğətdə milsal gətirdiyi  poetik nümunələrlə bağlıdır. Əlyazmanın haşiyə yazıları həm ədəbiyyatşünaslıq və leksikologiya baxımından, həm də orta əsrlər əlyazma sənəti, kalliqrafiya, redaktə işləri və kitab tərtibi baxımından maraq doğurur. Əsərdəki bəzi haşiyə qeydləridə Nizamiyyə mədrəsəsindəki əslən ərəb və qeyri-ərəb (əcəm) alimlər arasındakı çəkişmələr də əks olunub. Qeyd edək ki, Brill nəşriyyat evi tərəfindən nəşr edilən “Journal of Arabic Literature” ərəb ədəbiyyatı sahəsində lider jurnaldır. Jurnalın redaksiya heyətdə Mühsin əl-Musavi, James Monrou, Suzanna Stetkeyvç, Elizabet Holt, Tomas Bauer kimi alimlər təmsil olunur. 

Pərvin Arzuqızı

 
Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var