Dünən dramaturq Firuz Mustafanın mərhum xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı yazdığı kiçik xatirə maraqla qarşılanıb. 20 Yanvar hadisələrində xalq şairi ilə rus generalı arasında baş verən hadisənin təfərrüatına dramaturqun özü aydınlıq gətirib:
“Dünən mən Facebook səhifəmdə gündəliyimdən bir parça paylaşmışdım. Orada yazılmışdı: “20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam general Dubinyak yox, Ovçinnikov idi”.
Firuz Mustafa bu gün o zaman generalın xalq şairini nə üçün güllələməməsinə aydınlıq gətirib. Modern.az həmin qeydi təqdim edir:
“İndi isə onu açıqlamaq istəyirəm ki, general Ovçinnikov nə üçün Bəxtiyar Vahabzadəyə heç nə demədi, onu güllələmədi?Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı “özünün” Az.Tv-dəki “kabinetinə” yığdı. O, artıq Bəxtiyar Vahabzadənin kim olduğunu öyrənmişdi. General dedi: “Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, ağsaqqaldır, hörmət sahibidir. Mən özüm yetimxanada, özü də Daşkənddə müsəlmanların çörəyi ilə böyümüşəm. Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək”.
General bunu da əlavə etməyi unutmadı: “Yəqin ki, bilirsiniz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani...””.
Elmin NURİ