Modern.az

“Dərmanların ucuzlaşmasının keyfiyyətinə heç bir təsiri yoxdur”

“Dərmanların ucuzlaşmasının keyfiyyətinə heç bir təsiri yoxdur”

İqtisadiyyat

29 Sentyabr 2015, 16:55


Sentyabrın 15-dən Azərbaycanda 25 təsiredici maddə üzrə 1057 dərmanın vahid qiymətlə satışına başlanılıb. O vaxtdan apteklərdə monitorinqlər aparılır, dərmanların qeyd edilən qiymətə satılıb-satılmadığı araşdırılır.

Dərmanların təsdiq edilən qiymətə satılması əhali arasında bəzi şübhələrin yaranmasına səbəb olur. İnsanların çoxu vahid qiymətə satılan dərmanları almağa tərəddüd edirlər. Çünki əvvəlkindən xeyli aşağı satılan dərmanların keyfiyyətsizliyindən və onların saxta olmasından şübhələnirlər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Modern.az-a bildirib ki, dərmanların qiymətlərinin ucuzlaşmasının keyfiyyətinə heç bir təsiri yoxdur:

“Qiymətin təsdiqlənməsi ancaq dövlət qeydiyyatına alınan, dövlət reyestrinə salınan, onun istifadəsinə və idxalına icazə verilən dərmanlara aiddir.

Buna görə də dərman vasitəsinin qiyməti təsdiqlənirsə, burada dövlət qeydiyyatına alınanlardan söhbət gedir. Dərman vasitəsi dövlət qeydiyyatına alınıbsa, bu zaman onun parametrlərinin ekspertizası aparılır, onun keyfiyyəti təsdiqləndikdən sonra həmin dərman vasitəsi dövlət qyediyyatına alınır, qeydiyyat vəsiqəsi verilir və dövlət qeydiyyatına alınan dərman vasitələrinin reyestrinə salınır”.  

Pərviz Əzizbəyov qeyd edib ki, dərmanların qiymətinin ucuzlaşmasının onun keyfiyyətinə təsir göstərməsi haqqında informasiyanın heç bir əsası yoxdur:

“Əhali heç bir narahatlıq keçirmədən bu dərman vasitələrini alıb istifadə edə bilər. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Əgər hər hansı dərmanla bağlı şübhə yaranırsa, apteklərin üzərindəki qaynar xətt telefonuna zəng edib müraciət etsinlər, onları maraqlandıran sualları versinlər, biz araşdırarıq.

Bu günə qədər belə halla rastlaşmamışıq və keçirdiyimiz monitorinqlərdə də həmin 1057 adda dərmanın qiymətlərə uyğun satışının aparıldığını müşahidə edirik”.  

Aytən ZƏHRA  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama