Modern.az

Tələbələri akademik Tofiq Hacıyevdən DANIŞDILAR

Tələbələri akademik Tofiq Hacıyevdən DANIŞDILAR

Mədəniyyət

30 Sentyabr 2015, 11:40

Son günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və oranın direktoru akademik Tofiq Hacıyev ətrafında gedən söhbətlər ictimaiyyətdə böyük maraqla qarşılandı.

Qeyd edək ki, çoxları akademikin istefaya verdiyini yazsa da, əslində belə deyil. Tofiq Hacıyev bu gün də rəsmi olaraq qurumun direktorudur. Dünən mediada institutla bağlı dedikləri həm onu, həm də elmi təşkilatı yenidən diqqət mərkəzinə gətirdi.

Burada diqqətçəkən məqamlardan biri də baş verən problemin daha çox məhz elm adına zərbə olmasıdır. Məsələn, hər yerdə akademik Tofiq Hacıyevlə institut arasındakı münaqişədən bəhs olunur. Lakin alimin kim olması, dilçilik elmi adına nə kimi işlər görməsi isə kimsənin marağında deyil. Modern.az təqdim edəcəyi bu yazıda insidentdən deyil, o insidentin iştirakçısı (bəlkə də qurbanı) olan Tofiq Hacıyevə tələbələrinin mövqeyini təqdim edəcək.

1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olan akademik Azərbaycan dilçilik elmində yeni cığırlar açdı. Onun “Azərbaycan ədəbi dil tarixi”, “Azərbaycan dil tarixi”, “Molla Nəsrəddinin dili və üslubu”, “Dədə Qorqud: dilimiz və düşüncəmiz” adlı fundamental əsərləri Azərbaycan dil tarixi ilə yanaşı, həm də zəngin Azərbaycan fikir tarixinin də öyrənilməsi üçün xüsusi zəmin rolu oynayıb.

Tələbələrinin dediyinə görə, o, hələ sovet vaxtında türkçülükdən danışarkən, yaxud tələbələr, yarı gizli, yarı aşkar bu barədə söhbət açarkən hər zaman gözündən yaş axıdarmış. Bakı Dövlət Universitetinin filologiya fakültəsində Tofiq Hacıyevi həm də vicdanlılıq kriteriyasına görə də xüsusi dəyərləndirirmişlər.

Filologiya elmlər doktoru Cavanşir Yusifli Tofiq Hacıyevdən danışarkən əsasən bu məqamı vurğulayır: “Elmdə nəyisə əldə etməyimdə, doğru sayılan nöqtələrə çatmaqda şübhəsiz ki, bütün böyük alimlər kimi onun da əvəzsiz rolu olub. Tofiq müəllim universitetdə qardaşıma dərs deyib və mən orta məktəbdə oxuyanda onun sözlərindən Tofiq müəllim haqqında təsəvvürlərim yaranıb.

Tofiq müəllim dilçi-türkoloq olsa da, ədəbi proses, onun bəzi çox mühüm cəhətləri haqqında çox dəyərli yazıların müəllifidir. Məsələn, Azərbaycan ədəbiyyatşünaslığında onun Mirzə Ələkbər Sabir haqqında yazdıqları bu sahədə indiyədək irəli sürülən ideyalar kontekstində təkrarsızdır, şəxsən mən nə qədər cəhd eləsəm də, bundan artığını deyə bilmədim. “Yaddaşın poetikası” kitabında buna cəhd elədim və cəhdlərin hər bir addımında adamı tərksilah edən təbəssüm gördüm – Tofiq Haciyevin yumorlu təbəssümü...

Tofiq müəllim danışanda və yazanda bəzi alimnümalar kimi sözün içinə girmir, başqalarının fikirlərini montaj eləmir, bu sahədə yeganə alimimizdir ki, ideyalar irəli sürür, bir sıra alimlərin, tədqiqatçıların ən müxtəlif qənaətlərinin möhkəmlənməsinə yön verir. Bu isə etiraf edək, heç də asan iş deyil. Tofiq müəllim başqalarının normal elmi uğurlarına sevinə bilir, bunu alqışlayır, bağrına basır, çünki onun özü təbiəti etibarı ilə çox istedadlı insandır və bilirik ki, bu tipli adamlar heç zaman “mən” demirlər, “öz”ə çəkilirlər, mahiyyətdə yaşayırlar. Hər bir filoloqdan bəhs edəndə, onun portretini, obrazını canlandırmaq istədikdə bir ifadə mənim xoşuma gəlir: ömür mətni.

Alim var ki, onda bu mətn rabitəsiz cümlələrdən və sözlərdən ibarətdir, reklamı işıqlı olsa da. Elə alim var ki, özü bu mətnin içinə gömülür, başqalarının dediklərini höccələməklə məşğul olur, ömür bitir, həyat qurtarır, obraz alınmır. Tofiq müəllim bu mənada o mətni istədiyi kimi idarə edə bilən adamdır. Bir dəfə əlyazmaçı alimlərdən biri mənə deyirdi ki, Tofiq müəllim Samət Əlizadənin ölümündən kədərlənib. Təbiidir, - dedim. Yox, - dedi, - Tofiq müəllim deyir ki, onunla könlüm istəyəndə klassik ədəbiyyatdan danışa bilirdim. Azərbaycan filologiyasında bütün azman şəxsiyyətlər həmişə tənha olub. Tofiq müəllim bu millətin yetişdirdiyi ən böyük alimlərdən, fikir adamlarından biridir.

Tofiq müəllim Ali Attestasiya Komissiyasında çalışanda da qeyd etdiyim xeyirli işlərə imza atıb. Mənim dissertasiyamla bağlı, yadımdadır, böyük ürək açıqlığı ilə danışmışdı.

Bir dəfə universitetdə onun rəhbərlik etdiyi kafedrada görüşməli olduq. Əli Kərim haqqında veriliş çəkilirdi. Qeyd edim ki, Əli Kərim, onun Azərbaycan poeziyasında yeri və poetik sisteminə dair Tofiq müəllimin yazıları hər şeydən qabaq orijinallığı, məsələlərin düzgün qoyuluşu ilə seçilir. Bu yazılar, zənnimcə unikaldır, bu səviyyədə hər hansı şairi araşdırmaq asan məsələ deyil.

O çəkilişdə ilk dəfə tanış olduq. Yumor hissi şübhəsiz ki, istedadla bağlı bir şeydir. Elə adamlar var ki, başqaları güləndə əsəbiləşirlər, yumoru nəsə ədəbsiz nəsnə yerinə qoyurlar, çünki özlərində bu keyfiyyət və onu anlamaq istedadı yoxdur. Tofiq müəllim bir alim kimi hər bir addımında ölçü hissini gözləyən, hər hansı məsələdə ən vacib cəhəti duyub ondan yapışa bilən adamdı. Bütün yazılarını töküb baxın: bunların heç birində elm ətrafı söhbətə rast gəlməzsiniz.

 Ən vacibi, Tofiq müəllim illərin ağır zəhməti bahasına özünü yetişdirə bilən alim və şəxsiyyətdir. Etiraf edək ki, bu bizdə ən ağrılı problemdir. Alimlər yetişmirlər, müdafiə edirlər, elmi ad alırlar və nəticədə filologiya sahəsi ən təsadüfi adamların ixtiyarına verilir.  

Tofiq Hacıyevin daha bir tələbəsi və hazırda həmkarı Məti Osmanoğlu onun  gözəl alim olması ilə yanaşı, çox güclü təşkilatçılıq, idarəetmə qabiliyyətindən danışıb:

“Tofiq Hacıyev Azərbaycan ədəbi dili tarixinin yaradıcısı olan böyük alimdir və dilimizin keşiyində duran, millət və cəmiyyət üçün lazımlı şəxsiyyətdir. Bundan əlavə, o, çox ciddi inzibatçıdır. Rəhbərlik etdiyi türkologiya kafedrası BDU-nun ən sayılan və seçilən strukturlarındandır. Şəxsən mənim üçün həmişə oxşamaq istədiyim müəllimdir: müəllim kimi qeyri-adi keyfiyyətləri var”. 

Tofiq Hacıyevin kafedra müdiri olduğu filologiya fakültəsinin məzunu kulturoloq, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Aydın Əbilovun fikirlərində də onun şəxsiyyət olduğunu görmək mümkündür:  

“Şəxsiyyət deyiləndə gözümün qabağına Tofiq Hacıyev kimi alim, dilçi-filoloq, tənqidçi, araşdırmaçı, düşüncə adamı, görkəmli ziyalı, əsl humanist insan gəlir: Azərbaycan xalqının milli-mənəvi sərvətlərindən sayılan Tofiq müəllim bir insan kimi sağlığında öz əməlləri, elmi-intellektual yaradıcılığı ilə canlı abidəyə çevrilən ideal şəxsiyyətlərimizdəndir.

BDU tələbəsi olaraq Tofiq müəllimdən əsl intellektual və humanist şəxsiyyət necə olmalıdır dərsini keçmişəm. Ola bilər hansısa dilçilik, filologiya, etno-kulturoloji məsələlərdə Tofiq müəllimlə razılaşmadığım, bölüşmədiyim şeylər var. Məsələn, Azərbaycan türkcəsinin ədəbi üslubunun orta əsrlər durumu haqqında sevimli müəllimim çox romantikcəsinə, hətta bəzən pafos səviyyəsində, fəqət millətimizə sevgi ilə elmi qənaətləri mənə mübahisəli görünür, - bəlkə də illər keçəndən sonra onun haqlı olduğunu anlayacağam, amma vicdanlı azərbaycanlı deyəndə, köhnə kişilərin azsaylı son nümayəndəsi kimi onu sevməmək, sadəcə, günahdır.

Tofiq Hacıyev Azərbaycan elmi üçün haradasa Umberto Eko, ya da Baxtin kimi bir düşüncə səviyyəsinin sahibidir. O, nəinki əsərləri ilə, həm də yaşadığı şərəfli ömrü, ədalətli mövqeyi, prinsipial ziyalı yeri ilə də elmimizin vicdan simvoluna çevrilib”.   Sonda isə akademik Tofiq Hacıyevin bu günlərdəki müsahibəsindən kiçik hissəni təqdim edək:

“Bu gün universitetdə dərsim var idi. Dərsdən çağırdılar ki, institutda yoxlamaq üçün 6 nəfərdən ibarət komissiya göndəriblər. Mən də dedim ki, nə qədər istəyirsiniz yoxlayın. Özüm də bir saata yaxın yanlarında oturdum. Sonra çıxıb gəldim. Yoxlasınlar, görək, nə çıxacaq. İnstitutda yoxlamanı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə , akademiyanın üzvləri, hüquqşünasları, baş mühasib, işlər idarəsinin rəisi aparır.

Onlar 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna Maddi texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyonun hesabatını soruşurlar. Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.   

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI