“Payız gəlib və yenə yeni tikilən hündürmərtəbəli binalar qazsız qalacaq”
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, elektrik enerjisindən həddindən artıq istifadə problemlər yaradır:“Dövlət Neft Şirkəti də bildirib ki, bina təhvil verilirsə, qazla təmin edilə bilər. Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq. Dövlət məsuliyyəti vətəndaşın üzərinə qoyur ki, gedin tikinti şirkətinin rəhbərinə təzyiq edin, binanı vaxtında təhsil versin, əks halda məhkəməyə verin.
Məhkəmələr isə illərlə davam edir. Bir çox hallarda bilirik ki, binaların dələduz rəhbərləri bir mənzili bir neçəsinə satır. İnsanlarımız da böyük əziyyətlə üz-üzə qalır. Bu məsələnin çox sadə həlli var. Dövlət ona görədir ki, əgər ictimai həyatımızda bu və ya digər sahədə problem yaranırsa, dərhal o qanunvericilik sahəsində tənzimlənir”.
Deputat deyib ki, qanunvericiliyə kiçik düzəlişlə dəyişiklik edilsə, tikinti şirkəti yalnız notarial qaydada mənzil satışı həyata keçirə bilər: “Bu, bina dövlət istismarına bina qəbul edildikdən sonra baş verir.
Bununla da bu problem həll edilə bilər, amma biz marağındayıq ki, fundament qazıldıqdan dərhal sonra tikinti şirkətlərinə pul ödənilsin, onlar vətəndaşın pulu ilə binanı tiksin.
Beləliklə, insanlar neçə illər belə vəziyyətlə üz-üzə qalır. Biz tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Qoy onlar notarial qaydada bunu həyata keçirsin. Elə bina var ki, bir neçə ildir insanlar orada yaşayır, amma orada qaz yoxdur. Hesab edirəm ki, bununla bağlı Milli Məclis olaraq qanunvericiliyə dəyişiklik edə bilərik”.
Milli Məclis sədri Oqtay Əsədovun fikrincə, bu məsələ dəfələrlə müzakirə edilib:
“Amma bütün məsələlər qanunla tənzimlənə bilməz. Nazirlər Kabinetinin qərarları var və o qərarlara riayət edilməlidir ki, mənzil təhvil verilməmiş ora köçməsinlər.
Qaz ağır məsələdir, bina təhvil verilməmiş binaya köçmək olmaz. İnsanlar özləri müqavilə bağlayır və bu məsələlər öz əksini tapır. Bunun üçün qanun çıxartmaq lazım deyil”.
Dəyişiklik səsə qoyulub və qəbul edilib.
Aytən Zəhra