Bütün istedadlılar kimi o da gözə girməyi bacarmır. SÖZə qarşı olduqca həssas və məsuliyyətlidi, SÖZü müqəddəs sayır. Deyir ki, “şeir yazıla bilməz, şeir doğulur”. Şeirin doğulduğu an şairin ən “intim”, ən ilahi anıdır, onun fikrincə. “Şairin çəkisi onun kitablarının sayı və həcminə yox, sözlərinin gücünə mütənasib olmalıdır” fikrinə üstünlük verdiyindəndir ki, bu günədək, 45 yaşına kimi “qalaq-qalaq” kitablar çap etdirib yığmayıb evinin küncünə: “Ağ gecənin nağılı”yla yol gedir hələ.
Namiq Dəlidağlıdan danışıram. 1970-ci ildə Kəlbəcərdə doğulub. İxtisasca jurnalist-filoloqdur. 1993-cü ildən dövri mətbuatda çalışır. Müxtəlif qəzetlərdə müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, “Hər şey Sizin üçün”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.
Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Murovdağ”, “Vaxt”, “Yeni Dünya”, “168 saat”, “Səhifələr”, “Sumqayıt” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan” və digər jurnallarda dərc edilib. Həmçinin bir sıra şeirləri ölkəmizdə və xaricdə çap edilən ədəbi toplularda işıq üzü görüb. Dörd publisistik kitabın həmmüəllifi və “Ağ gecənin nağılı” şeirlər kitabının müəllifidi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda ölkımizdə və qardaş Türkiyədə fəaliyyət göstərən xəbər portallarının yazarıdı.
-Gəldin sevindirdin axı kimi sən?!
Dəryalar qoynunda azan gəmisən.
Ömrün baharında xəzan kimisən,
Mənim həsrət yüklü 25 yaşım...
-İyirmi il keçib, 45 yaşında da eyni düşüncədəsən? “Sənə dilim gəlmir deyəm, xoş gəldin, Mənim həsrət yüklü 25 yaşım...” deyirdin o vaxt... Nə dəyişib?
-Təbii ki çox şey dəyişib. Hamı kimi mən də zamana, vaxta uduzdum. Adamlar çox vaxt 25 yaşında özünü daha yaşlı göstərmək istəyir, soruşanda yaşlarını artıq deməyə çalışırlar. 30-dan sonra isə yavaş-yavaş “azaltmağa” başlayırsan... Mən hələ 25-ə dilim gəlmirdi deyəm “xoş gəldin”. Artıq 45-di, indi heç istəmirəm vaxtla, zamanla “əlbir” olub mənim əleyhimə işləyən 45-ə “xoş gəldin” deyəm.
Əslində illərdən başqa heç nə dəyişməyib, dəyişən ciddi bir şey də yoxdu. Torpaqlarımız o vaxt da yağı tapdağındaydı, indi də və yenə də əlimiz o yerlərə uzalı qalıb... Dəyişən yalnız zamandı.
-25 yaşında özünü yurdun işğalına görə daha çoxmu günahkar hiss edirdin? İndi düşüncən dəyişib?
-Yox, əksinə, yaşlandıqca yerə-yurda bağlılıq daha da çoxalır. Bu yerdə “Kəlbəcər” deyə-deyə dünyasını dəyişən anama yazdığım bir şeiri xatırladım:
Nə umub-küsürsən, qurbanın olum,
Bağlanıb bənd-bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
İncimə boş yerə, aparammıram.
-Ruhu şad olsun, anan bu il yurd həsrətilə dünyasını dəyişdi. Bir kişi üçün bu, çox ağır etirafdı, əslində...
-Doğrudu. Bu bəlkə də ən ağır etirafdı, vətən haqqında, yurd haqqında anaya edilən etiraf... Biz həmişə Vətən və Ana adını qoşa çəkmişik, müqəddəs, eyni bilmişik. Buna görə də bu etirafı eləmək, onu nəzmə çəkmək çox çətin məqam idi.
Bayaqkı sözün davamı olaraq deyim ki, 23 yaşımda mən torpaq itirmişdim, 45 yaşımda anamı da itirdim. Bunlar həyatımda ən ağır itgilərdəndi. Baxıram ki, zaman keçdikcə yalnız itiririk, qazancımız isə bəlli deyil.
-Yeri gəlmişkən, bu söhbətimiz həm də başqa ağır bir itkinin baş verdiyi günlərə təsadüf elədi: Məmməd Aslan da haqq dünyasına qovuşdu. M. Aslanla Kəlbəcər nə itirdi, Azərbaycan ədədbiyyatı nə itirdi? O həm də Kəlbəcər şairləri içərisində çox fərqli bir yaradıcılıq yolu açdı.
-Təbii ki, hər birimiz üçün, xalqını, elini sevən hər kəs üçün, bu, böyük itgi oldu. Ona görə ki, Məmməd Aslan dilimizin çox gözəl bilicisi idi, həkimi, loğmanı idi. Azərbaycan dilinin saflığı, təmizliyi, yaşaması üçün ömrü boyu çalışdı. M. Aslan bütövlükdə türk dünyasının böyük şairidi. Qardaş Türkiyə ilə ədəbi əlaqələrimizin qurulmasında ilk addımları atanlardandı. O cümlədən, həm ədəbiyyatımız üçün, həm də Kəlbəcər üçün bu çox ağır itgi oldu. Bir çox böyük şairlərimizlə yanaşı, Məmməd Aslanı da demək olar ki, əzbər bilirəm, ancaq bu günlərdə yenidən onun şeirlərini oxumağa ehtiyac duydum. Şeirlərindən birində yazır ki:
Mən harda can verəm, harda gömüləm,
Əlim Dəlidağa uzalı qalar!
Doğrudan da M. Aslan Kəlbəcər boyda yurd həsrətini özüylə apardı, indi bəlkə ruhu qovuşdu doğma yurda.
-Türk dünyası ədəbiyyatına xidmət edən böyük şair olmaqla yanaşı, doğulduğu torpaqlarda qaldı gözü..
-Doğulduğu yerə çox bağlıydı Məmməd Aslan. Hələ bir şeirində yazırdı ki, “O Kəlbəcər qayıtmaz, Qayıtsa yüz Kəlbəcər”. Kəlbəcər həsrətilə gözlərini bu dünyaya yumdu. Zaman nə qədər keçsə də onun yarasını qaysaqlatmamışdı. Azərbaycan ədəbiyyatı böyük bir şairi itirdi, cismən təbii ki.
-Amma dəfni sanki bir az gözlənildiyi kimi olmadı. Dövlət və rəsmi orqanlar elə bil bir az “ögey” yanaşdılar.
-Məmməd Aslan həmişə ictimai mənafeni qoruyan şair idi, ayrı-ayrı adamlara “xidmət” etməmişdi. Fikrimcə, bu ögeylik ordan qaynaqlanır.
- Yadımdakən diqqət çəkən bir məqamı vurğulamaq istərdim. Kəlbəcər şairlərinin əksəriyyəti standart-ənənəvi şeir formalarına daha çox üstünlük verblər. Amma sən bir az fərqli yol seçdin. Ümumiyyətlə, ədəbiyyatda regionçuluq anlayışı doğrudurmu?
-Belə bir fikir formalaşıb ki, kəlbəcərli ancaq qoşma, gəraylı yazmalıdı. Bu heç də doğru yanaşma deyil, ədəbiyyat, söz yeniliyi sevir. Ancaq yerində olan yeniliyi. Heca vəznində yazılsa da şeirdə təzə söz, bədiilik olmalıdı. Birdə ki, bunu təkcə kəlbəcərlilərə şamil eləmək düz deyil. Mən şeirin bölgələrə görə təqdimatının əleyhinəyəm. Yaxşı şeir var, pis şeir var.
O ki, qaldı mənə, bu, düşünülmüş şəkildə olmayıb. Şeirin forması mənim üçün vacib deyil. Əsas fikrin, düşüncənin doğru ifadəsidir. Şeir ruhun təzahürüdür.
Regionçuluq məsələsinə gəlincə isə, bu təəssüf ki, mövcuddur, bütün sahələrdə. Amma istedadın qarşısını heç nə ilə almaq mümkün deyil.
-İndi şeir kitabı çap etdirənlərin sayı çoxdu.
-Pulu var, elətdirir...Bunun ədəbiyyata nə dəxli var ki... Belə adamlar şeirdən, kitabdan müəyyən maraqları üçün istifadə edirlər. Təbii ki, yaxşı hal deyil, amma əsl ədəbiyyat bu deyil.
-90-cı illərdə ədəbiyyata gələnlər arasında sənin də imzan seçilirdi. Ancaq nədənsə, sonralar elə bil bir “tənbəlləşdin”...
-Elə düşünmürəm. Bu, olubsa, mənim işimlə, müəyyən məsələlərlə bağlı ola bilər. Bir az paytaxtın ədəbi mühitindən kənarda qalmağımla bağlı elə görüntü yarana bilər.
-Gənclərdən, cavanlardan kimləri oxuyursan?
-Çoxlarını... Yaradıcılığını izlədiklərim də çoxdu. Deyim ki, 90-cı illərdə ədəbiyyata çox istedadlı şairlər gəlib. Bu gün onların əksəriyyəti öz sözü olan, imzalarını təsdiq edən şairlərdi. Sabir Sarvan, Dəyanət Osmanlı, İlqar İlkin, Sabir Yusifoğlu, Səhər Əhməd, Gülnarə Cəmaləddin, Rafiq Oday, Esmira Məhiqızı və adını çəkmədiyim xeyli şairlər var ki, bu gün özünəməxsus dəst-xətti ilə seçilirlər və əsl ədəbiyyata, sözə xidmət edirlər.
-Ədəbiyyatda həmişə yeni nəsillə köhnə nəsil arasında ziddiyət olur. İndi də bu var. Hətta bəzi gənclər özləri sanballı bir şey ortaya qoymadıqları halda, başlayırlar hamını ucdantutma tənqid eləməyə...
-Bu həmişə belə olub. Biz kimisə qəbul etməmişik, bəlkə indi bizi də qəbul etməyənlər var, gələcəkdə onları da qəbul etməyənlər olacaq. Onu da deyim ki, toxunulmaz heç kim yoxdu. Hamı tənqid oluna bilər.
Bəzilərinə layiq olduğundan çox qiymət veririk, şişirdirik. Sonra da kimsə onun haqqında obyektiv fikir səsləndirəndə onu top atəşinə tuturuq. Bunu müəyyən qədər normal qarşılamaq lazımdır. Burada söhbət ancaq ondan gedə bilər ki, kimin haqqı var bu sözləri deməyə.
- Son zamanlar ədəbi tənqiddən gileylənənlər arasında sən də varsan...
-Ədəbi tənqid demək olar ki, yox dərəcəsindədir. Bunu “ədəbi tərif” əvəzləyib. Bizdə tənqid həmişə qərəzli, tərif isə təmannalı olub. Xüsusilə, indi bu çox pis yayılıb. Bir “məmur-yazar”ın hansısa kitabını “mirzələr” o qədər şit tərifləyirlər ki, boğazdan yuxarı, adam özü də peşiman olur kitab çıxardığına.
Pis şeiri yazanda yox, oxuyandadı günah. Pisdi, oxuma. Biz onları yalandan tərifləyə-tərifləyə məcbur “şair”, “yazıçı” eləyirik.
-"Bu məddah şairlər, yaltaq şairlər...."- bunu deyəndə nəzərdə kimi və nəyi tutirsan... Bu misraların özündən də qərəz "qoxusu" gəlir...
-“İy” onsuz da bu gün ədəbiyyatımızı götürüb. Bu çap olunan kitabların çoxundan şeirdən başqa hər şeyin qoxusu gəlir. Təəssüflər olsun ki, məddahlar daha da çoxalıb. Ən pisi də odur ki bu yaltaqlanmaq, yarınmaq "virusuna"ən çox gənclər mübtəla olublar. Sözü məmur səviyyəsinə endirən bu günah və virus daşıyıcılarını zaman və Ulu Söz heç vaxt bağışlamayacaq. Şəxsi çıxarları naminə SÖZü məmur hüzuruna dartanlar ancaq lənətlənəcək. Həzrəti SÖZ pak, təmiz, toxunulmaz qalmalıdı. Kiminsə əlində vasitəyə çevrilməməlidi. Bədii sözdən söhbət gedir. Bir də, orada toxunduğum kimi, əsl söz yeməkxana künclərində araq, çaxır aludəçiləri tərəfindən zorlanmamalı, künc-bucağa sıxılmamalıdı. Bir para şairkimilər var ki sözü burada gözdən salır, qonaqlıqlar və kef məclisləri səviyyəsinə endirirlər.
-Bu gün, müasir dillə desək, çox populyar şairlər var ki yazdıqları demək olar ki, heç nədi. Həmişə belələrinə qarşı aqressiv olursan.
-Elədi. Bu üzdən çoxlarıyla aram dəyir, məni sevmirlər. Onların özləri yox, adları "şairdi". Yəni onlar "şair işləyənlər”di və bu ad altında barınanlardı.
Şişirdilmiş, üfürülmüş imzalar var ki havası alınanda çox boş görünür. Yəni içləri boşdu, sadəcə bu gün sözdən, şeirdən vasitə kimi istifadə etməyi bacarırlar. Sırtıq və sürtük üzləri müəyyən zamanlarda onların yaxşı yaşamalarına imkan yaradır. Qadınlar, qızlar öz variantlarından, əks cinsin nümayəndələri isə başqa vasitədən istifadə edirlər. Burda fahişəlik, yaltaqlıq və nadanlıq da var.
-Hətta, keçirilən ədəbi müsabiqələrdə də ən çox onların adlarına rast gəlirik.
-Hə, həmişə eyni imzalardı. Burada da bir yalan-"doğru" var. Adı müsabiqədi. Yerlərin əksəriyyəti “barmaq göstərişi”ylə müəyyənləşir. Necə deyərlər, özləri deyib, özləri dinləyirlər.
- “Mənim etiraflarım bilə-bilə törədilən günahdan sonra Allaha edilən dua kimidi”. Şeirlərindən həmişə bir etiraf xətti keçir. Bu nəyin “günahıdı” belə, çoxmu qəlblər qırmısan?
-Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.
Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.
Elə bilirəm bütün insanlar özü-özüylə qalanda ən ciddi etiraflarını edirlər. Etiraf etməsən yaşamaq çətin olar. Yuxarıda sən özün etiraf etdiyin kimi...
-Etiraf bütün günahların bağışlanması üçün səssiz çağırışdı, mən də hərdən bu çağırışı etməyə ehtiyac duyuram.Günahın bağışlanması isə "səbəbkar"ın insafına qalır...
Son sual əvəzi
AYRILIQ HAVASI
Son duamı oxudum ayrılıqlar üzünə
ayrılıqlar qibləsinə dayanıb.
Bütün ayrılıqların səmti birdi,
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum,
bu aylı gecənin səssiz xatirəsinə...
Ayrılıq duaları dəli sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların qibləsi
eynidi: ağrısı soldan başlanır.
-Hələlik, dostum,
bizim “ayrılıq havamız”ın da qibləsi eynidi,
ağısı kimi... görüşərik...
Taleh Şahməmmədli