“Məncə, böyük yol gəlmişik. Düşünürəm ki, hazırda AzVision.az ölkədə xəbər gündəminə və ictimai fikrə təsir imkanı olan saytlardandır”. Bunu Modern.az saytına bu gün 3 yaşı tamam olan azvision.az xəbər portalının baş redaktoru Vüsal Məmmədov ad günü təəssüratından danışarkən bildirib.
Onun sözlərinə görə xəbər portalı gələcəkdə bir sıra yeni və orijinal layihələrlə gündəmə gələcək. Artıq saytın ingilis dilli versiyası hazırlanır. Daha sonra isə fransızdilli versiya ictimaiyyətə təqdim ediləcək:
“İdman termini ilə desəm, saytların yüksək liqasında yarışırıq. Belə olmasa, zatən bir saytın mövcudluğunun anlamı qalmaz - əlbəttə, əgər o, hansısa cılız maraqlara xidmət etmək üçün yaradılmayıbsa. AzVision.az isə böyük maraqlara hədəflənib: qarşıdakı dövrdə Azərbaycanın xəbər məkanında daha da möhkəmlənmək, təhlillər ilə oxucunun analitik materiallara olan təlabatını ödəmək, xarici media müstəvisinə çıxaraq, orada ölkənin milli maraqları üçün çalışmaq.
Bunun üçün ingilisdilli versiyamızı gücləndiririk; hazırda “en.AzVision.az” ölkənin ingilis dilində oxunan və paylaşılan əsas resurslarından biridir. Alman versiyamızı yaratmışıq, yaxın günlərdə fransız versiyamız da işə düşəcək”.
Türkan BƏŞİR