Eldar İbrahimov: "Naxçıvanla bağlı 15 milyon manat subsidiyanın azaldılması düzgün deyil"
"2015-ci ilin büdcəsi ilə mqayisədə gələn ilin büdcəsində aqrar sektora, kənd təsərrüfatına ayrlılan vəsaitin həcminin 10,2 manat artırılması böyük göstəricidir və müsbət addımdır".
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) 5 komitəsinin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş birgə iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib. Komitə sədrinin dediyinə görə, kənd təsərrüfatına bu həcmdə vəsaitin artırılması həm də sözügedən sahəyə sərmayə qoyulması deməkdir:
"Sərmayə də o yerə ayrılır ki, oradan gəlir əldə edilir, inkişaf müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, həmin 10,2 milyon manat vəsait Azərbaycanın kənd təsərrüfatının inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfəsini verəcək".
Bununla yanaşı, komitə sədr gələn ilin büdcəsində Naxçıvan Muxtar Respublikasına ayrılan subsidiyanın həcminin azaldılmasına öz narazılığını ifadə edib.
"Büdcədə Naxçıvana ayrılan subsidiyanın həcminin 15 milyon manat azaldılması nəzərdə tutulub. Bu, düzgün deyil. Mən demirəm ki, bu vəsaitin həcmini artıraq, heç olmasa, onu 2015-ci ildə nəzərdə tutulduğu kimi saxlayaq. İnanın, Ziyafət müəllim də Allah şahididir, biz hər dəfə Naxçıvana təyyarə ilə gedib-gələndə ölüb-dirilirik...
Çünki Naxçıvan hava məkanından başqa yol yoxdur. 25 ildən çoxdur ki, Naxçıvanın Ermənistanın blokadasında yaşayır. Bu bölgənin insanları hamısı qəhrəmandır. Naxçıvanı başqa bölgələrlə eyniləşdirmək olmaz, oradakı vəziyyəti, insanları nəzərə almaq lazımdır.
Düzdür, blokada şəraitinə baxmayaraq Naxçıvandakı inkişaf Azərbaycanın digər bölgələrindəki inkişafdan yüksəkdir, amma bununla belə, hər bir məsələni düzgün götür-qoy etmək lazımdır. Oraya ayrılan subsidiyanın həcmini azaltmaq düzgün deyil"-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.
Aytən Zəhra