5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.
İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edir.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda 150 mindən çox orta məktəb müəllimi fəaliyyət göstərir.
Hər il "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan 100 müəllimin hər birinə 5000 manat məbləğində birdəfəlik pul mükafatı verilir.
Hazırda paytaxt Bakıda çalışan müəllimlərin maaşı Azərbaycanın regionlarında işləyən pedaqoqlarınkından nisbətən yüksəkdir. Bu, Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsi aparıldıqdan sonra baş verib. Rəsmi məlumata görə, növbəti ildə respublikanın daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Bunun nəticəsində adları çəkilən şəhər və rayonlarda müəllimlərin maaşı artırılacaq
Azərbaycan pedaqoqlarının əməkhaqqı inkişaf etməkdə digər ölkələrlə müqayisədə aşağıdır. Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir, o zaman buna əsaslanıb deməliyik ki, bizim müəllimlər Avropa müəllimləri qədər maaş almağa haqq edirlər.
Modern.az saytı azərbaycanlı müəllimlərlə onların bəzi xarici həmkarlarının maaşını müqayisə edib. Mənzərə ilə siz də tanış olun:
Azərbaycan müəllimi – stajdan asılı olaraq ildə 3000-3700 dollar;
Lüksemburq müəllimi – stajdan asılı olaraq ildə 50-98 min avro;
Belçika müəllimi – stajdan asılı olaraq ildə 30- 50 min avro;
Fransa müəllimi – stajdan asılı olaraq ildə 18-58 min avro;
Almaniya müəllimi – stajdan asılı olaraq ildə 35-58 min avro;
Böyük Britaniya müəllimi – ildə orta hesabla 34 min avro;
Türkiyə müəllimi – ildə 12-18 min avro;
Polşa müəllimi – ildə 7-12 min avro;
Slovakiya müəllimi – ildə 7-13 min avro;
Rusiya müəllimi – ildə 7-25 min dollar;
İsrail müəllimi – ildə 15-30 min avro.
Ermənistan müəllimi – ildə 2500 dollar;
Gürcüstan müəllimi – ildə 2500 dollar.
Modern.az