- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
- Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var...
- Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Pəh... Necə də gözəl yaradıb sənətkar... Yəqin ki, hamınızın dahi şair Hüseyn Cavidin yaradıcılığında bəyənərək oxuduğunuz, sevdiyiniz əsərlərindən biri də məhz “Qız məktəbində” şeiridir.
Bəli... Hamıya məlum olduğu kimi, bu gün - 5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. Bu gün işinə, vəzifəsinə şərəflə, vicdanla, məsuliyyətlə yanaşan müəllimlərin bayramıdır. Rus ədəbiyyatının dahisi Lev Tolstoyun gözəl bir cümləsi var. O deyir: “Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar”. Bu, həqiqətən də belədir. Müəllimlik peşəsi elə ülvi peşədir ki, orada səhvə, yanlışa yol yoxdur.
Olduqca şərəfli, şanlı peşə olan müəllimlik sənətini hər diplomlu kəs icra edə bilməz. Bunun üçün gərək əvvala, insan bu peşənin məsuliyyətini duya, hiss edə bilə. Bununla bərabər, cəmiyyətin maariflənməsinə, savadlanmasına, elmə yiyələnməsinə sidq ürəkdən can yandıra.
Zamanla bizim tarixin yaddaşına şanlı hərflərlə qeyd olunmuş Firudun bəy Köçərli, Süleyman Sani Axundov, Sultan Məcid Qənizadə, Qafur Rəşad Mirzəzadə, Ömər Faiq Nemanzadə, Həsən bəy Zərdabi, Abbas Səhhət, Abdulla Şaiq, Mahmudbəy Mahmudbəyov kimi görkəmli ziyalılarımız olub. Hansılar ki, xalqın, millətin elm izində yürüməsi, maariflənməsi üçün böyük xidmətlər göstəriblər. Məhz həmin böyük şəxsiyyətlərin səyi ilə xalqımızı, millətimizi cahilliyin məngənəsindən xilas etmək mümkün olub.
Gəlin, əvvəlcə bu günün qısaca tarixçəsi ilə yaxından tanışlıq yaradaq.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994 -cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər günü kimi təsis edilib.
Bu tarix həmçinin BMT -nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" var. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.
Modern.az saytı əlamətdar günlə bağlı ölkənin ən prestijli ali təhsil ocağının - Bakı Dövlət Universitetinin bir neçə müəllimindən təəssürat öyrənib.
Maraqlıdır ki, görəsən, onlar öz peşələri haqda nələr düşünür, nələr arzulayırlar?
İlk respondentimiz BDU-nun tələbələrinə həmişə yol açan müəllimi Günel Bəhramqızıdır. Siz onu həm də ATV-nin ekranlarından aparıcı olaraq tanıyırsınız. Lakin bu, hələ onu tanımaq üçün kifayət etmir. Günel Bəhramqızını tanımaq üçün mütləq auditoriyaya girib, onu dərs prosesində izləmək lazımdır.
“Müəllimlik bəzilərindən fərqli olaraq, mənim heç vaxt arzu etmədiyim, amma böyüyəndə sevib, həsəd apardığım peşədir. Düzünü desəm, müəllim olmaq heç vaxt arzum olmayıb. Mən müəllimliyi tələbəlik illərində bəzi xanım pedaqoqlar sayəsində sevmişəm. O şəxslər ki, tələbə qarşısında təkcə pedoqoq deyil, həm ona həyat müəllimi ola bilib, dərsdən kənarda dostluq etməyi bacararlar, mən onlardan örnək götürmüşəm və bu qərara gəmişəm.
İlk dəfə üç il bundan qabaq öz doğma BDU-mda, Jurnalistika fakültəsində auditoriyaya daxil oldum. O gündən etibarən müəllimliyi çox sevdim.
Tələbələrimin hər birini demək olar ki, şəxsən tanıyıram. Onlarla həm dost, həm də rəfiqəyəm. Mənlə hər cür dərdlərini bölüşə bilərlər. Təbii, bütün etiket və müəllimlik qaydalarını qorumaqla.
Əminliklə deyə bilərəm ki, 3 il ərzində 3 tələbədən savayı bütün qrupların sevimli müəlliməsi ola bilmişəm. Mənim üçün dərslər 90 dəqiqə olmur. Biz hətta elə vaxt olur ki, zəng vurulmağını hiss etməmişik.
Mənim üçün müəllim tələbəyə yalnız fənni izah etməməli, həm də hər mənada ona örnək olmalı, yeri gələndə dost-sirdaş olmalıdır. Necə deyərlər, həyat özü məktəbdir və təkcə dərslə bitmir”.
BDU-nun televiziya və radio kafedrasının digər müəllimi Namənd Rüstəmov daha “intellektual bir cəmiyyətdə yaşamaq” istədyini, “indikindən daha savadlı və təhsilə meyilli bir cəmiyyət” görmək istədyini arzulayır:
“ İlk növbədə verdiyiniz fürsətdən faydalanaraq, bizi öyrədən, müəllim adını şərəflə daşıyan hər kəsi bu əlamətdar gün münasibəti ilə təbrik etmək istərdim. Düzü elə böyük pedaqoji stajım olmasa da, hər halda ən azı dünənin tələbəsi, magistrantı və aspirantı kimi deyə bilərəm ki, bizi vətəndaş və insan kimi narahat edən bütün problemləri məhz təhsil vasitəsi ilə müsbət yönə dəyişə bilirik. Arzu başqa, reallıq tam başqa şeylərdi. Və istərdim ki daha intellektual bir cəmiyyətdə yaşayaq. Belə olanda insanlararası anlaşma daha çox olur, aqressiya azalır, sorğu çoxalır... Sualın cavabını bir qədər də konkretləşdirim və azacıq gileylənim: indikindən daha savadlı və təhsiləmeylli bir cəmiyyət arzulayıram.
Müəllim kimi fundamental bir arzum olmayıb. 2010-cu ilin sentyabrından Bakı Dövlət Universitetini Jurnalistika fakültəsində müəllim kimi fəaliyyətə başlamağımın isə qəribə tarixçəsi var: O zaman BDU-nun 90 illiyi ilə bağlı sənədli filmin ssenari müəllifi kimi BDU rəhbərliyi ilə çalışma və görüşmələrim olurdu. Məhz rektor Abel Məhərəmov ilə müsahibə zamanı o, hansı universitetin məzunu olduğumu soruşdu. Mən də BDU məzunu olduğumu bildirdim.
Magistraturanı bitirib, aspirant təhsilimi başa vurmaq ərəfəsindəydim. Və sonra o, belə bir təkliflə çıxış etdi ki, mən televiziyadakı təcrübəmi məndən daha gənc tələbələrimizlə bölüşüm. Beləcə, mən BDU-da müəllim kimi fəaliyyətə başladım.
O ki qaldı sevdiyim müəllimlərə, Salyan rayonunun Qarabağlı kəndində müəllimlərim olmuş ibtidai sinif müəllimim Validə Abbasovanın, sonradan sinif rəhbərim olmuş Teyyub Həsənovun üzərimdə çox böyük haqları var... BDU-da müəllimlərim olmuş pedaqoqlarım bu gün həm də iş yoldaşlarım olduğundan kiminsə adını çəkib, kimisə qeyd etməsəm inciyərlər”.
BDU-nun Azərbaycan Tarixi kafedrasının müəllimi Kamran Əsədov düşünür ki, ideal müəllim anlayışı tarixin səhifələrində qalıb.
“Bizim böyüklərimizdən eşitdiyimiz, kitablardan oxuduğumuz müəllimlik artıq tarixin səhifələrində qalıb. O ideal, “yemir, içmir, yatmır” deyə düşündüyümüz müəllim sosializmin tərbiyəsinin və tələbinin məhsulu idi. O sosializm həmən müəllimin maddi tələbatını və hüquqlarını o qədər qoruyurdu ki, o müəllim müəllimlikdən başqa digər sahələrdə çalışıb şagirdinin, tələbəsinin qarşısına çıxmırdı.
Mənə dərs demiş tarix müəllimi Qəribsoltan Bağırova görə tarix müəllimi oldum. O insan həqiqətən də ideal saydığımız müəllim tipində idi. Davranışı, savadı, qayğıkeşliyi ilə. Mən 11-ci sinifdə oxuyanda söz verdim ki, onun kimi bütün şagirdlərin sevdiyi, hörmət etdiyi, seçəcəyi müəllim olacam. Müəllimimin necə olmasını istəmişəmsə, tələbələrimə qarşı elə olmağa söz verdim.
Amma bu gün müəllim layiq olduğu maddi, mənəvi, hüqiqi dəstəyi almır. Təsəvvür edin ki, səhər ona dərs deyən müəllimini şagirdi, tələbəsi günorta bazarda göy-göyərti satarkən, ya da başqa işlərlə məşğul olarkən görə bilər. Əlbəttə ki, bu və ya digər fəaliyyətdə çalışmaq ayıb deyil, amma onunla məşğul olan müəllimdirsə, bax bu təəsüf doğuran haldır.
Neçə-neçə müəllim dərsdən sonra taksi sürücülüyü ilə məşğul olub evinə çörəkpulu aparır. Bəs həmin o müəllimin işlədiyi taksiyə onun şagirdi, tələbəsi minsə, necə olacaq? Bundan sonra təhsildə, tədrisdə hansı keyfiyyəti gözləmək olar?
Sovet dövründə müəllim dərsdə elm öyrədən, təhsil verən, yol göstərən idisə, kapitalizmdə müəllim dərsdə sadəcə şagird və tələbələri 45 və ya 80 dəqiqə ərzində sakitləşdirib auditoriyada saxlamağa çalışan nəzarətçidir.
Mən öz müəllimlərimlə ini iş yoldaşıyam. Amma onların yanında heç vaxt özümü müəllim hesab edə bilmirəm, düzü utanıram. Hətta oların yanında əlimi cibimə qoymaqdan, telefonla danışmaqdan, nəyisə mübahisə etməkdən çəkinirəm. Amma özüm öz tələbələrimə bu məsələdə kifayət qədər güzəştə gedirəm.
Bir dəfə universitetdə işlə bağlı qeydiyyatdan keçmək lazım idi, yanımda müəllimlərdən biri var idi, özümü müəllim kimi onun yanında qeydiyyatdan keçirməyə utandım, amma özü israrla dedi ki, “bu, bizim kafedranın müəllimidir”.
İndi isə biz küçədə fəhləyə, satıcıya, nə bilim kimə gəldi “müəllim” deyə xitab edirik. Düzdür, bu bəlkə də etik qaydalara problem deyil, amma biz müəllim adını adiləşdiririk. O müəllim öyrədəndir, kimə elmi, kimə həyatı”.
BDU-nun bir digər müəllim siması Ellada Mustafayeva tələbələrin dostu olaraq tanınır. Onun sözlərinə görə, “öyrətmək də ən az öyrənmək qədər gözəl və maraqlıdır”:
“Pedaqoji fəaliyyətimə 2 il öncə BDU-nun Jurnalistika fakültəsində başladım. Bir qədər qəribə hiss idi. Bir neçə il öncə tələbə kimi əyləşdiyin auditoriyaya müəllimə kimi daxil olmaq... Həyəcandan əlavə, məsuliyyət hissi yüksək idi. Çünki sənə dərs deyən müəllimlərin yanında "müəllimə" deyə çağrılacaqdın. Amma müəllimlərinin yanında müəlliməlik etmək məsuliyyətli olsa da, çox böyük qürur hissidir. Yeni media, online jurnalistika fənlərini tədris etdiyimdən bu tələbər qarşısında da məsuliyyəti ikiqat arıtır. Çünki bu sahə hər dəqiqə, hətta saniyə yenilənir.
Tələbələr auditoyada sıxılmasın deyə texnoloji yenilikləri mütəmadi izləmək və hər dəfə əvvəlkindən daha maraqlı şəkildə tələbələrə çatdırmaq lazımdır. Tələbələrdən çox razıyam. Potensialları, motivasiyaları çox yüksəkdir. Tədris prosesində bu faktorlar effektivlik baxımından çox önəmlidir. Ona görə dərsə başlamadan öncə auditoriyanın əhvalının yüksək olmasına diqqət etməyə çalışıram. Qısacası, öyrətmək də ən az öyrənmək qədər gözəl və maraqlıdır!
Sonda fürsətdən istifadə edib üzərimdə əməyi olan bütün müəllimələrimi təbrik edirəm”.
Nərminə Əsədova da BDU-da dərs deyir. Hələ əvəzedici müəllim olsa da, artıq tələbələrin sevgisni qazana bilib.
“Müəllimlik həm millət və xalq, həm də dövlətçilik ənənələrinin qorunub saxlanılmasında mühüm vəzifələrdən biridir. İnsanın şəxsiyyət kimi formalaşmasında müəllimlərin xidmətləri əvəzsizdir. Müəllim ikinci valideyndir. Müəllim peşəsini çox sevirəm, ilk olaraq müəllimlərimin həmişə başın uca eləmək vəzifəmdir. 5 oktyabr mənimçün müqəddəs gündür”.
Sonda Modern.az olaraq bütün müəllimləri təbrik edirik. Bayramınız mübarək olsun!
Leyla Əfqan