Bakı şəhəri üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçməyənlər yenidən imtahan verəcəklər. Bu haqda Modern.az-a açıqlama verən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qeyd edib ki, həmin müəllimlər bu ay imtahan olunacaqlar.
“İlkin olaraq Bakı şəhəri üzrə Təhsil Nazirliyi tabeli məktəblərdə həmin müəllimlərin siyahıları yığılır. Onlar o qədər də çox deyil. Hardasa 2-3 min müəllimin diaqnostik qiymətləndirmədən keçirilməsi gözlənilir”.
İ.Nağıyev noyabr və dekabr aylarında bölgələrdə müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, 12 şəhər və rayonda Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda müəllimlərin hamısının diaqnostik qiymətləndirilməsi aparılacaq.
Aytən ZƏHRA