
Rusiyanın Novosibirsk vilayət prokurorluğu azərbaycanlı məhbus Kənan Cəlilovun cəza çəkdiyi həbsxanada vəhşicəsinə döyülməsi faktı ilə bağlı araşdırmanı başa çatdırıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həbsxananın keçmiş rəhbəri Nikolay Naboka və təcridxana rəisi Ruslan Robakidzeyə “vəzifə səlahiyyətlərini aşma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi açılıb. Belə ki, məhz həbsxana rəhbərliyi 2014-cü ilin sentyabrında Kənan Cəlilovun saxlanıldığı 45 saylı kameraya “Antip” mütəşəkkil cinayətkar qruplaşmasının 9 üzvünün qanunsuz daxil olmasına şərait yaradıblar.
Həbsxananı nəzarətdə saxlayan və məhbuslardan ümumi “obşak” üçün xərac toplayan “Antip” qruplaşmasının üzvləri onlara tabe olmayana Kənan Cəlilova ağır xəsarətlər yetiriblər. Pavel Brusentsev (Beşennıy), Aleksandr (Bob), Dmitriy Salbaş, Mironov (Miron), Artyom (Kipiş), İzya Solomon, Viktor Quselnikov, Yevgeni (İntellegemt), Dmitriy Maksimov və Mixail (Xoxol) Kənan Cəlilovun kamerasına daxil olaraq bir neçə saat ərzində onu amansızcasına döyüblər. Nəticədə gicgah və almacıq sümükləri sındırılan azərbaycanlı məhbus ağır xəsarətlər alıb və yalnız möcüzə nəticəsində sağ qalıb.
Onun döyülməsinə göstəriş verən “Antip” qruplaşmasının lideri Yevgeni Antipov da sonradan həbs olunub. Onlar barəsində “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddəsi ilə cinayət işi açılıb.
Cinayətin baş verməsinə göz yuman və faktı gizlətməyə çalışan həbsxana rəhbərliyini isə 10 ilə qədər həbs gözləyir.
Vüqar İsmayılov