Milli Məclisdə "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsi müzakirə edilib.
Modern.az-ın məlumatına görə, parlamentin Elm və təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirilib ki, dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər.O qeyd edib ki, dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədi ilə magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılmasını nəzərdə tutur.
“Artıq belə təcrübə var. AMEA belə təşəbbüslə çıxış edib və görürük ki, gözəl nəticə əldə olunub. Bu məsələ gözəl qarşılanıb, komitədə müzakirə edilib”.
Deputat , AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, artıq bu il ölkə başçısının dəstəyi ilə TQDK tərəfindən AMEA-da magistraturasına qəbul aparılıb və müxtəlif institutlarda tədris başlayıb.
“Akademiyanın böyük elmi texniki bazası, labaratoriyası var və magistratura təhsilinə akademiya layiqincə töhfə verəcək. Təklif edirəm ki, Təhsil haqqında” qanuna edilən bu dəyişiklik “Elm haqqında” qanuna da edilsin.
Düzdür, “Elm haqqında” qanunda bu haqda bildirilib, amma bu o qədər də açıq və konkret qeyd edilməyib. Ona görə bu dəyişikliyin gələcəkdə müzakirəyə çıxaracağımız “Elm haqqında” qanuna da edilməsi zəruridir”.
Qanun layihəsinə edilən dəyişiklik qəbul olunub.
Aytən Zəhra