Müsabiqədə qalib elan olunan bütün dərsliklərdə olduğu kimi, 8-ci sinif “Azərbaycan dili” dərsliyi də çoxsaylı mütəxəssislərin rəyləri əsasında yenidən işləndikdən sonra nazirlik onun nəşrinə razılıq verib. Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, bütün rəylərdə göstərilən irad və təkliflərin böyük əksəriyyətini müəlliflər və nəşriyyatlar nəzərə alırlar: “Lakin bu yanaşma müəllif hüququnun pozulması anlamına gəlməməlidir. 8-ci sinif “Azərbaycan dili” dərsliyində mətndəki məhəlli sözlərlə bağlı nəinki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, hətta digər qurumların da rəylərində heç bir irad və təklif qeyd olunmayıb. TQDK-nın və digər qurumların qalib elan olunan dərsliklərlə bağlı verdiyi yekun rəylərdə göstərilən qeydlər təkmilləşdirmə məqsədilə həmin dərsliyi hazırlayan nəşriyyata təqdim olunub, irad və təkliflərin böyük əksəriyyəti nəzərə alınıb”.
Məlumatda bildirilir ki, ümumtəhsil məktəb dərslikləri təsdiq olunan fənn kurikulumları (təhsil proqramları) əsasında hazırlanır. Dərsliklər üçün müəlliflərin seçimi və çap prosesi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Təhsil Nazirliyi dərsliklərin hazırlanması üzrə tender elan edir. Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tenderə nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən təqdim olunan dərslik maketlərinin ekspertizasını aparır və müsabiqənin yekununda qalib nəşriyyatları müəyyənləşdirir. Təhsil Nazirliyi bu prosesin təşkilini əlaqələndirir və DQŞ-nin yekun qərarının rəsmiləşdirilməsini təmin edir. Hər bir dərsliyin nəşriyyatın müsabiqə komissiyasına təqdim etdiyi maketi müəyyən kod altında adı çəkilən qurumlara qiymətləndirməyə verilir. Nəticədə alınan rəylərdəki qiymətlər hər bir dərslik üzrə ümumiləşdirilir. 3 qurumun verdiyi qiymət əsasında ədədi orta qiymət müəyyənləşdirilir, yekunda ən yüksək bal toplayan dərslik maketi qalib elan olunur.
Nazirlikdən bildirilir ki, son 2 ildə Təhsil Nazirliyinin keyfiyyətli dərsliklərin hazırlanması məqsədilə atdığı addımlardan biri dərsliklərin çapaqədərki qiymətləndirilməsinə DQŞ ilə yanaşı, digər qurumların da cəlb olunmasıdır: “Dərslik hazırlığının mövcud qaydası ilə yanaşı, “ehtiyat” dərsliklərin sifariş yolu ilə hazırlığına razılıq verilməsinə dair təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim edilib. Dərslik hazırlığı ilə bağlı yeni qaydaların təsdiqi bu sahədəki bir çox problemin həllinə kömək edəcək, peşəkar müəlliflərin və bu sahədə ixtisaslaşmış ali məktəb kafedralarının bu işə daha fəal qoşulmasına şərait yaradacaq.
Nazirlik dərsliklərin məzmununda müşahidə edilən çatışmazlıqlara dair bütün problemlərlə bağlı indiyədək olduğu kimi, bundan sonra da müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə ictimai və elmi-metodik müzakirələrin keçirilməsinə hazırdır”.
Aytən ZƏHRA