Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə erməni dilində də “Xoş gəlmisiniz” yazılmasına etirazlar davam edir. Mərkəzi İstanbulda yerləşən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdır valisi Davut Haneyi ilə görüşərək? məsələ ilə bağlı öz etirazını bildirib.
Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumatda bildirilir ki, bu işdə məsuliyyət daşıyan şəxslər haqqında qanun çərçivəsində tədbirlərin görülməsini tələb edən diaspor rəhbəri təşkilatın etiraz məktubunu valiyə çatdırıb.
Etiraz məktubunda bildirilir ki, tarix boyu türklərə qarşı törədilmiş soyqırımlar unudulub:
“Yaxın keçmişimizdə qardaş Azərbaycanın Qarabağ bölgəsi işğal edilərək, on minlərlə soydaşımız qətlə yetirilib, Xocalı şəhərində bir gecədə 613 dinc sakin soyqırımına məruz qalıb, bir milyondan çox insan öz torpağından didərgin düşüb.
Avropa və dünya ictimaiyyətinin bu soyqırımına, insanlıq əleyhinə cinayətinə biganə münasibətini vurğulayan Səfər Qaraqoyunlu, Türkiyə Respublikası və türk xalqının bu haqsızlığa qarşı səssiz qalmadığını, münaqişə həllini tapanadək Ermənistanla sərhədləri bağladığını xatırladıb. Diaspor rəhbəri belə bir həssas məsələnin ardınca Tuzlucada edilmiş hərəkəti yanlış hesab edir və bu səhvin düzəldilməsi üçün konkret addımların atılmasını tələb edir.
Gülşən RAUFQIZI