İlin əvvəlindən dünya bazarlarında neftin qiymətinin ucuzlaşması, həmçinin manatın 3 ildən bəri qorunub saxlanan məzənnəsinin kəskin devalvasiyasının ağır fəsadları Azərbaycanda özünü qabarıq şəkildə göstərir. Ayrı-ayrı qurumlarda əmək haqlarının ödənilməsi ilə bağlı ciddi problemlər meydana gəlib.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına bunun səbəblərini açıqlayıb:
“İlk səbəb əvvəllər büdcədən sifariş alıb iş görən təşkilatların büdcəsinin azalmasıdır. Digər səbəb büdcədən ayrılan vəsaitin vaxtlı-vaxtında verilməməsindən əmək haqlarının ləngiməsi ilə bağlıdır.
Hazırda daha çox müşahidə edilən bank sektorunda olan ixtisarlardır. İqtisadiyyatın ayrı-ayrı yerlərində işlərin dayandırılması, iş yerlərinin bağlanması prosesi gedir. Əhalinin gəlirləri məhdudlaşır. Bu da bilavasitə ticarətə təsir göstərir”.
İqtisadçının sözlərinə görə, əsas problem bank sektorunda yaşanır:
“İnsanlar kreditlərini vaxtında ödəyə bilmir. Nəticədə banklar problem yaşayır. Bir çoxları növbəti əmək haqqını alana qədər nisyə mal götürməyə məcbur olur”.
Azər Mehtiyev bu prosesin indiki halda yaxşı heç nə vəd etmədiyini bildirir:
“Bir tərəfdən büdcə imkanlarının məhdudlaşması, digər tərəfdən iqtisadiyyatda baş verən proseslər ixtisarların artmasına aparır. Əhalinin gəlir imkanlarının məhdudlaşır.
Hər şey neftlə bağlı idi. Neft gəlirlərinin azalması özlüyündə zəncirvari reaksiya yaradaraq iqtisadiyyatdakı proseslərin istiqamətini dəyişdi. Bu isə ağır nəticələrə və əhalinin sosial durumunun çətinləşməsinə gətirib çıxardı.
Artıq 2016-cı ilin büdcə müzakirələri gedir. Müzakirələrdən də göründüyü kimi, büdcənin həcmi ciddi azaldılıb. Reallıq budur ki, neftin qiyməti indiki səviyyədə qalacağı təqdirdə belə, gələn ilin büdcəsi proqnozlaşdırılandan da az olacaq. Bu da mütləq sosial vəziyyətə təsirini göstərəcək”.
Mütəxəssis növbəti ilin büdcəsində bir çox məsələlərdə qənaət prinsiplərindən istifadəni də istisna etmir:
“Əvvəlki illərdə investisiya xərclərinə daha çox vəsait ayrılırdı. Gələn il bu illə müqayisədə investisiya xərcləri ən azı yarıbayarı azaldılıb. Əgər son illər dövlət büdcəsindən təqribən 6-7 milyon manat vəsait investisiya xərclərinə yönəldilirdisə, gələn il üçün bu rəqəm 3,5 milyon manat nəzərdə tutulub. Bunun müqabilində hökumətin büdcədə sosial öhdəlikləri böyük olmasa da, gələn il üçün sosial məsrəfləri azaltmayıb.
Sosial xərclər ixtisar olunmayan xərclər siyahısındadır. Təbii ki, büdcə əmək haqlarının, sosial xərclərin artırılmasına imkan verməsə də, hökumət əvvəlki illərdəki səviyyəni qoruyub saxlayacaq. Büdcə imkanlarının məhdud olması onun özünün də yerinə yetirilməsini şübhə altına alır. Bu o deməkdir ki, ən az investisiya xərcləri üçün ayrılan vəsaitin 1/3 hissəsi çətin vəziyyətdə sosial məsrəflərə yönəldilə bilər.
İndiki vəziyyətdə müsbət dəyişiklik üçün əsas görünmür. Neft gəlirləri azalırsa, bunun yerinin qeyri-neft sektorunun gəlirlərilə doldurulması lazımdır. Qeyri-neft sektorunda gəlirlərin artırılması üçün real baza görünmür. Ölkədəki vəziyyət sahibkarlığı inkişaf etdirməyə imkan vermir. Digər tərəfdən, inhisarçılıq - gömrük, vergi sistemlərində olan basqılar nəticəsində sahibkarların durumu ağırlaşıb.
Sahibkarlıq üçün daha yaxşı mühit təmin etmək əvəzinə fiskal durumlar artmaqdadır”.
Azər Mehtiyev qeyd edir ki, zor tətbiq etməklə verginin yığılması son nəticədə sahibkarlığın, vergi ödəyicilərinin sayının azaldılmasına gətirib çıxarmaqdadır:
“İndiki halda çıxış yolu, gizli iqtisadiyyatın leqallaşdırılması (gömrük, vergi sistemindəki qanunsuzluqlar), iqtisadi proseslərin qanunvericiliyə uyğun vergiyə cəlb edilməsi, sahibkarlıq mühitinin daha da liberallaşdırılması, sahibkarların qanunsuz yoxlamalara məruz qalmasının aradan qaldırılmasına çalışmaq lazımdır”.
Gülşən RAUFQIZI