“Yusif Bağrzadənin istefasından xəbərimiz olmayıb”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə adıçəkilən qurumun rəhbərliyindən və üzvlüyündən istefa verib. Bu barədə Yusif Bağırzadənin özü APA-ya məlumat verib. O, bunu səhhətində yaranan problemlə əlaqələndirib.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov Yusif Bağırzadənin istefasına münasibət bildirib. O, Modern.az saytına açıqlamasında deyib ki, AMİP sədrinin istefası gözlənilməz addımdır:
“Yusif Bağırzadənin partiyadan getməsindən bizim də xəbərimiz yox idi. Çünki Yusif Bağırzadə bu haqda partiyada heç kəsi məlumatlandırmayıb. Ümumiyyətlə, bu barədə fikirlərini də bölüşməyib. Bu baxmdan onun istefası gözlənilməz addım oldu”.
Əli Orucov qeyd edib ki, Yusif Bağırzadə məsələnin nə yerdə olduğunu detalları ilə ictimaiyyətə açıqlasa, daha yaxşı olar: “Düşünürəm ki, bununla bağlı partiyanın özünün də mövqeyi və açıqlaması olacaq”.
Siyasi Şura üzvü deyib ki, partiya nizamnaməyə görə qurultaya gedib özünə yeni sədr seçməlidir: “Həmin dövrə qədər isə sədr səlahiyyətlərini baş katib icra etməlidir”.
Modern.az AMİP lideri Etibar Məmmədovdan da məsələyə münasibət öyrənmək istəyib, amma o, telefon zənglərinə cavab verməyib.
Aqşin Kərimov