Bu gün Milli Məclisin Sosial Siyasət Komitəsi və İqtisadi siyasət Komitəsinin birgə iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasa Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov da dəvət olunub.
İclasın gündəliyinə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il dövlət büdcəsi, 2016-cı il yaşayış minimumu və 2016-cı il ehtiyac meyarı daxil edilib.
Tədbiri giriş nitqi ilə açan parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, son illər DSMF son illər ardıcıl sistemli işlər həyata keçirir:
“2006-cı ildə DSMF-nin büdcəsi cəmi 567 milyon 600 min manat idi. 2011-ci ildə bu rəqəm 1 milyard 971 milyon olub. Gələn il üçün isə 3 milyard 79 milyon manat nəzərdə nəzərdə tutulub.
2012-ci ildən başlayaraq büdcənin DSMF-yə ayırdığı vəsaitin həcmi demək olar ki, dəyişməyib. 2012-ci ildə büdcədən DSMF-yə 42 faiz vəsait köçürülürdüsə, gələn ilə bu rəqəm təxminən 35 faiz nəzərdə tulub.
Bu o deməkdir ki, DSMF sığorta haqlarının toplanması istiqamətində ardıcıl işlər həyata keçirib və bu vəsaitlərin daha səmərəli istifadə olunmasını qura bilib”. Hadi Rəcəbli bildirib ki 2006-cı ildə sanatoriya-kurort xəclərinə 4 milyon 700 min manat pul ayrılıb.
“Gələn il isə 14 milyon 880 manat ayrılacaq. 2006-cı ildə uşaqların istirahəti üçün 70 min manat vəsait ayrılırdısa, gələn il bu rəqəm 320 min manat ayrılacaq”.
Daha sonra çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova gələn il yaşayış minumumunun 136 manat təşkil etdiyini qeyd edib və bildirib ki, 1 ay müddətində bir ailənin minimal yaşayışı üçün 639,2 manat hesablanıb.
“Gələn il üçün ehtiyac meyarı dəyişilməz olaraq qalır. Beləliklə, əgər ailədə 4,7 nəfər götürülürsə, o zaman ailə üçün ehtiyac meyarı 493,5 manat təşkil edir və həmin rəqəm bugün hər bir azərbaycanlı üçün götürülən orta aylıq əmək haqqından (459 manat) çoxdur. Gələn il üçün orta aylıq əmək haqqı 474,5 manat təşkil edir və bu rəqəm yenə də ailə üçün götürülən ehtiyac meyarından aşağıdır”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar rəhimov bildirib ki, hər ay 15 mindən çox ailə onlara ünvanlı sosial yardımla bağlı müraciət edir.
“Ay ərzində isə bu rəqəm 180-200 mindən çox olur. Bu isə ümumilikdə 1 milyondan çox vətəndaşı əhatə edir. Bu gün ünvanlı sosial yardım alan ailələrin sayı 112 minə yaxındır və bu rəqəm 2 dəfədən çox artıb. 2006-cı ildə ünvanlı sosial yardım alan ailələrə 44 manat ödənilirdisə, bu gün onlara 145 manat ödənilir”.
Maliyyə Nazirliyinin şöbə müdiri Xaqani Rzayev bildirib ki, bu il 32 min müəllim diaqnostik qiymətləndirmədən keçməklə onların əmək haqlarında artım olub və onlara 60 milyon manat vəsait ayrılıb.
“Gələn daha 22 min müəllimin diaqnostik qiymətləndirmədən keçirilməsi gözlənilir ki, onlara da 53 milyon manat vəsait ayrılacaq.
Bununla da müəllimlərin dərs saatlarının 50 faizi və əmək haqlarının 2 dəfə artırılması həyata keçiriləcək. Bununla da həmin müəllimlərin pensiya təminatının yaxşılaşdırılması mümkün olacaq”.
Daha sonra çıxış edən deputat Musa Quliyev orta aylıq əmək haqqının kəndlərdə yaşayan insanların göstəricisinin olmadığını qeyd edib.
“Orta təbəqə sürətlə inkişaf edir və zəngin təbəqənin gəlirləri ilə ortya təbəqənin gəlirlərini götürüb orta ayklıq əmək haqqının formalaşdırılmasının yoxsul insanlara aidiyyatı yoxdur”.
Kiçik sahibkarlığın inkişafəı ilə bağlı danışan Musa quliyev onların vergidən azad edilməsinin vacibliyini də vurğulayıb.
“Mən Sevinc xanımdan xahiş edirəm ki, onlar vaxtaşırı yeni açılan müəssisələrlə yanaşı, bağlanan müəssisələrin də siyahısını versin.
Çünki bölgələrdə müəssisələr açıldığı kimi o qədər də müəssisə bağlanılır və belə olan halda inkişafdan söhbət gedə bilməz”.
VÖEN-lə işləyən qadınların analıq məzuniyyətinə toxunan deputat qeyd edib ki, bununla bağlı qanunda hər hansı boşluq varsa, buna yenidən baxılmalıdır.
“Çünki bu gün qadın olan sahibkarlar analıq məzuniyyətinə çıxdıqda onlar müavinət ala bilmirlər. Əgər problem varsa aradan qaldırılmalıdır. Bundan əlavə, Qarabağ əlillərinin müavinətlərinin pensiyalarına bərabələşdirilməlidir.
Kimin ki 12 il stajı var o pensiya alır, kiminki yoxdur o müavinət alır. Əgər bu gün Qarabağ uğrunda döyüşüb əlil olan şəxsə deyiriksə sən 60 manat müavinət alacaqsan bu yolverilməzdir. Qarabağ əlili olan şxəslər üçün bu fərq aradan qaldırılmalıdır”.
Ünvanlı sosial yardımla bağlı danışan Musa Quliyev bildirib ki, bütün dünya ölkələrində bu keçid proqramıdır.
“Biz artıq 10 ilə yaxındır ki, bu proqramı tətbiq edirik. Biri var balıq verəsən, biri var balıq tutmağı öyrədəsən. Dövlətdən asılılıq aradan qaldırılmalıdır. Bu, nəzərə alınmalıdır”.
Aytən Zəhra