Milli Məclisin payız sessiyasında “Elm haqqında” qanun layihəsinin təsdiq edilməsi gözlənilir.
Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
Deputat qeyd edib ki, payız sessiyasının işlər planına bu qanun layihəsi salınıb.
“Beşinci çağırış Milli Məclis formalaşan kimi ilk iclasların birində qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Orada 3-4 məsələ ilə bağlı fikir ayrılığı var idi. Amma artıq artıq ortaq məxrəcə gəlmişik. Bunlar magistrlərə əsgərlikdən - hərbi xidmətdən möhlət hüququnun verilməsi, bütün özəl şirkətlərin xalis mənfəətindən 0,1 faiz Elm Fonduna ayrılması məsələsidir”.
Şəmsəddin Hacıyev deyib ki, elmin nailiyyətlərindən bütün cəmiyyət və strukturlar yararlanır.
“Ancaq bu, yalnız dövlət vəsaiti hesabına olmalı deyil. Qoy özəl sektor özü də prosesdə iştirak etsin. Bu məntiqə əsaslanıb bir şey yazmışdıq və orada da müəyyən razılığa gəlmişik. Vergi güzəştləri, elmi tədqiqatların aparılması üçün müasir avadanlıqların gətirilməsi ilə bağlı problem yoxdur.
Hesab edirəm ki, Milli Məclisin noyabr, dekabr ayında keçiriləcək iclaslarında ikinci oxunuşa qanun layihəsi çıxarılacaq və biz bu qanunu qəbul edəcəyik”.
Aytən Zəhra